Misir prezidenti Yaxın Şərqdə müharibənin genişlənəcəyindən narahatdır - BƏYANAT

Misir prezidenti Əbdül Fəttah əl-Sisi İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü zamanı Yaxın Şərqdə mövcud münaqişənin genişlənməsinin və onun geniş regional müharibəyə çevrilməsinin yolverilməzliyindən danışıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misir liderinin administrasiyasının Qahirədə İran Xarici İşlər Nazirliyinin rəhbəri ilə apardığı danışıqların yekunlarına dair xüsusi bəyanatında deyilir.

"Əl-Sisi Misirin hazırkı münaqişəni genişləndirməməyə və regionun Yaxın Şərqin bütün ölkələrinin və xalqlarının təhlükəsizliyi, o cümlədən gələcəyi üçün ciddi nəticələrə səbəb olacaq hərtərəfli müharibənin qarşısını almağa çağıran mövqeyini bir daha təsdiqləyib", - sənəddə qeyd olunur.

Misir prezidenti Qəzza zolağında və Livanın cənub bölgələrində müharibəyə son qoymaq, döyüş bölgələrində mülki əhaliyə təcili humanitar yardım göstərmək məqsədilə beynəlxalq səylərin davam etdirilməsi və intensivləşdirilməsinin zəruriliyini vurğulayıb.

İranın xarici işlər naziri görüşdə əl-Sisiyə İran prezidenti Məsud Pezeşkianın salamını çatdırıb və İranın Misirin regionda sabitliyə nail olmaq üçün davam edən səylərini təqdir etdiyini bildirib. Bəyanatda qeyd edildiyi kimi, tərəflər iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini araşdırmaq üçün dialoqun davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Nigar,
Musavat.com

17.10.2024 14:55
215