Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə keçirdiyi mətbuat konfransında Azərbaycanın sülh müqaviləsinə münasibəti barədə ziddiyyətli fikir səsləndirib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
“Bəli, deyərdim ki, biz Azərbaycanın təkliflərində mətnin müəyyən bəndləri üzrə məzmun baxımından müəyyən geriləmə, eyni zamanda bir sıra digər sahələrdə müəyyən irəliləyiş görürük”, - Mirzoyan deyib.
Onun sözlərinə görə, Ermənistan bu məqamlar üzərində işləyib və öz konstruktiv təkliflərini göndərib.
Nazir əlavə edib ki, növbəti təkliflər paketində irəliləyiş və ya geriləmədən asılı olmayaraq, sülh müqaviləsi İrəvanın dəfələrlə səsləndirdiyi bir sıra prinsiplərə əsaslanmalıdır.
“Ölkələr heç bir qeyri-müəyyənlik olmadan qarşılıqlı ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlıq tələb olunan məsələdir. Yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir”, - Mirzoyan bildirib.
O qeyd edib ki, delimitasiya prosesi illər çəkə bilər, lakin sülh müqaviləsində prosesin aydın səbəbləri göstərilməlidir.
Ararat Mirzoyanın sözlərinə görə, bu iki məsələdə hər hansı qeyri-müəyyənlik gələcək təcavüz və eskalasiya üçün əsas ola bilər.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, yanvarın 4-də Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflərini Azərbaycana çatdırıb. Dekabrın sonunda Azərbaycandan təkliflər paketi daxil olub və iki həftə ərzində Ermənistan tərəfi öz sənədini göndərib. Qriqoryan iddia edib ki, Bakıdan hələ cavab yoxdur.
Musavat.com