“2023-cü ildə Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında 5 görüş, o cümlədən 4 üçtərəfli görüş və 1 beştərəfli görüş olub”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, bir sıra əsas məsələlərdə fikir ayrılığı olsa da, sülh müqaviləsinin müəyyən bəndləri üzərində razılaşmaq mümkün idi.
“Azərbaycan 1974-1990-cı illərin xəritələrindən istifadə etməyi təklif edib. Müəyyən araşdırmalardan sonra Ermənistan tərəfi onların tətbiq oluna biləcəyini irəli sürdü, lakin Azərbaycan Prezidentinin son müsahibəsində Bakıdan gələn faktiki təklif bunun əksini göstərir”, - Ararat Mirzoyan vurğulayıb.
XİN başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub:
“Demarkasiya istiqamətində də işlər davam etdirilib. İyul və noyabr aylarında sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə müvafiq komissiyaların iclasları keçirilib. İş qrafiki barədə razılığa gəlmək mümkün olub. Demarkasiya komissiyalarının yeni iclasının keçirilməsi ilə bağlı razılıq var və təbii ki, nəqliyyat infrastrukturunun blokdan çıxarılması üçün də eyni qaydada işlər aparılır”.
Nigar HƏSƏNLİ,
Musavat.com