Dünya şöhrətli azərbaycanlı professor Məsud Aşina miqren xəstəliyinin dərmanını tapıb.
Musavat.com xəbər verir ki, o, bu nəticəni bir qrup alimlə birlikdə əldə edib.
Bu barədə Avropa mediasında yayılan məlumatda bildirilir ki, hipofiz adenilat siklazı aktivləşdirən polipeptidin (PACAP) hədəflənməsi miqrenin müalicəsi üçün yeni bir yoldur.
Qeyd edək ki, miqren başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. İnsanlar bu xəstəlikdən qurtulmaq üçün müxtəlif müalicə üsullarından istifadə etsələr də, nəticəsiz olduğunu bildirirlər.
Bəs azərbaycanlı aliminin bu yeniliyi hansı özəlliyi ilə fərqlənir? Miqrendən birdəfəlik qurtulmaq mümkün olacaqmı?
İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Bu uğurlu tədqiqatın ən gözəl cəhətlərindən biri tibb elminə yeni bir töhfənin verilməsidir. Eləcə də, insanın həyat keyfiyyətini aşağı salan bir problemdən qurtarmaq üçün yeni bir qapının açılmasıdır. Daha bir sevindirici hal isə belə bir tədqiqatın azərbaycanlı alim tərəfindən aparılmasıdır. Bu, ölkəmiz və insanlar üçün olduqca sevindirici bir xəbərdir. Məsud Aşina dünyada tanınmış çox az sayda alimlərdəndir. Danimarka Elmlər Akademiyasının üzvüdür. Avropa Baş Ağrı cəmiyyətinin sədridir. Davamlı olaraq uzun illərdir ki, bu sahədə tədqiqat aparır. Xüsusilə də, miqrenlə əlaqəli yeni dərmanların, müalicə üsullarının ərsəyə gəlməsində ciddi rolu var. Bu istiqamətdə proqressiv şəkildə çalışmağa davam etməkdədir. Miqren ümumiyyətlə, tibb elminin qarşısında açarının tapılması çətin olan xəstəliklərdən biridir. İnsanların həyat keyfiyyətini aşağı salır. Əsasən də xanımlar bu problemdən ciddi şəkildə əziyyət çəkirlər. Nəticədə insanların həm həyat keyfiyyəti, həm də işgörmə qabiliyyəti aşağı düşür. Bu insanlar xəstəlikdən dolayı iş günlərini itirir, bu səbəbdən iqtisadi itkilərlə üzləşir. Ümumilikdə, ölkələrə verdiyi iqtisadi zərərə görə miqren olduqca dünyəvi, aktual problemlərdən sayılır”.
Həkim, “bu üsulla miqrendən birdəfəlik qurtulmaq mümkündürmü” sualına belə cavab verib: “Yekun olaraq həldən söhbət getmir. Tibdə bugünkü mövcud müalicə metodlarından bir addım irəli gedilməsi düşünülür. Haşiyə çıxım, monoplanal antitellər son onillikdə artıq bir sıra xəstəliklərin müalicəsində aparıcı istiqamət təşkil edir. Monoplanal antitellərin ortaya çıxması, PACAP-a təsir etməsi artıq yeni bir era açır. Burada miqrendə ortaya qoyulan effektivliyin daha yüksək dərəcəsi alınır. Daha uzun müddət üçün təsir edir. Həm də orqanizmə daha az zərər verir. Biz xroniki problemlərdə müalicə deyərkən, həyat keyfiyyətinin yaxşılaşmasını nəzərdə tuturuq. Uğurlu müalicə deyərkən bu yaxşılaşma nə qədər uzun müddət davam edir. Daha yaxşı müalicə deyərkən uzunmüddətli yaxşılaşma fonunda orqanizmə daha az zərər vurulması nəzərdə tutulur. Əgər bu müalicənin qiyməti də pasiyent üçün uyğun olursa, onda bu müalicənin uğurundan söhbət gedə bilər. Professorumuzun tədqiqatları isə bütün bu istiqamətlərdə irəliyə doğru addım olduğunu göstərir. Dünya elmi, xüsusilə miqrenlə məşğul olan alimlər bu yeni xəbərdən həyəcanlıdır. Bu yeniliyin miqrenin müalicəsində uğurlu olacağına inanırıq”.
Qeyd edək ki, Məsud Aşina 29 dekabr 1965-ci ildə Bakıda doğulub. Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur.
Məsud Aşina dünyanın ən yaxşı on miqren mütəxəssisindən biri hesab olunur.
Onun vətənpərvər keyfiyyətləri də xüsusi qeyd olunmalıdır. Otuz ildən çoxdur Vətəndən uzaqda yaşamasına baxmayaraq, onunla əlaqəni heç zaman kəsməyib. Azərbaycanın ən kritik anlarında dövlətinin yanında olub. “YAŞAT” Fondunun işində yaxından iştirak edir. Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvüdür.
Afaq Mirayiq,
Musavat.com