Miqrantlarla bağlı mühüm dəyişikliklər gəlir - Hüquq siyasəti və dövlət quruculuğu komitəsi layihəni təsdiqlədi - FOTO

Oktyabrın 31-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.

Komitənin sədri Əli Hüseynli gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

WhatsApp Image 2024-10-31 at 16.37.59.jpeg (93 KB)

Əvvəlcə müzakirəyə “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda təqdim olunub. İclasda iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov məsələ barədə məlumat verib. Diqqətə çatdırılıb ki, layihə qanunsuz miqrantların saxlanılması mərkəzlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi və saxlanılması qaydalarının təkmilləşdirilməsi, onların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə hazırlanıb. Sənəddə Məcəlləyə 82.4-82.8-ci maddələrin əlavə edilməsi təklif olunur. Həmin maddələrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılması müddətinin hesablanması, onların bu mərkəzlərdə yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərarın icra edilməsi qaydaları və qanunsuz miqrantların saxlanılması mərkəzlərinin rəisi tərəfindən həmin mərkəzlərdə məcburi yerləşdirilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi halları təsbit edilir.

Bununla yanaşı, Məcəlləyə 88-1 – 88-11-ci və 89-1-ci maddələrin əlavə olunması nəzərdə tutulur. Bu əlavələrə əsasən, qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi məqsədilə hamin şəxslərin şəxsi təhlükəsizlik hüququ, yazışmaları, müraciətlərinin göndərilməsi, digər şəxslərlə əlaqələri, maddi-məişət və tibbi-sanitariya təminatları, dini ayinlərin yerinə yetirilməsi, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edilməsi, bağlama, sovqat, pul baratlarının alınması və ya göndərilməsi, mülki hüquq və ailə münasibətlərində iştirakı, həmin şəxslərə tətbiq edilən həvəsləndirmə tədbirləri və digər məsələlərlə bağlı tənzimləmələr öz əksini tapıb.

Sonra komitənin üzvü Bəhruz Məhərrəmov növbəti məsələ – “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinin mahiyyəti barədə danışıb.

Bildirilib ki, layihədə Qanunun yeni redaksiyada təqdim edilmiş və məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası təsbit edilən 9-cu maddəsində məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə baxılma proseduru daha ətraflı şəkildə təsbit olunur. Sənəddə məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunması, eyni zamanda məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar ehtiva edilir.

Müzakirələrdə komitə üzvü Əminə Ağazadə, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanov məsələ ilə bağlı öz fikir və qeydlərini söyləyiblər.

Sonra gündəliyin digər 2 məsələsi – “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş) qanun layihələri nəzərdən keçirilib.

Komitə sədri Əli Hüseynli bu iki sənədə dair birinci və ikinci oxunuşlar zamanı heç bir əlavə qeyd və təklifin olmadığını bildirib.
Onlayn iclasda təqdim edilən qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tədbirdə komitənin sədr müavini Elşən Musayev, üzvləri Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Fəzail İbrahimli, Azay Quliyev, Mübariz Qurbanlı, Nizami Səfərov, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat Baş İdarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Musavat.com

31.10.2024 16:47
505