“MINOS” əməliyyatı - Fransanın “xoruzlanması” ona baha başa gəlib

II dünya müharibəsi başa çatdıqdan dərhal sonra Qərbin kəşfiyyat orqanları Almaniya ilə müharibəni unudaraq SSRİ ilə mübarizəyə başlayıblar. Buna səbəb SSRİ-nin qabaran iştahı, hərbi qüdrətinin və Avropaya təhlükəsinin artması olub.

Ona görə də Qərbin kəşfiyyat strukturları konsentrasiya düşərgələrində olan şəxsləri kəşfiyyat və təxribat fəaliyyəti üçün fəal şəkildə əməkdaşlığa cəlb ediblər.

Bu istiqamətdə əsas canfəşanlıq Amerika kəşfiyyat xidmətləri göstərib. Daha sonra onlara Böyük Britaniya və Qərbi Almaniya kəşfiyyat xidmətləri də qoşulub. Qərbi Almaniyadakı Amerika kəşfiyyat mərkəzlərində sonradan müxtəlif üsullarla SSRİ ərazisinə göndəriləcək agent qrupları və casuslar hazırlanıb. Paraşütlə tullanaraq, qayıqlarla və üzərək sərhədi keçənlərin çox vaxt bəxti gətirməyib.

6fb3b620-ff73-4394-a630-49a3d8030486.jpg (428 KB)

1949-cu ildən, NATO blokunun yaradılmasından sonra Fransa da SSRİ-yə, əsasən də Şərqi Avropa sosialist ölkələrinə agentlər göndərməyə başlayıb. Parisin “SDECE” kəşfiyyat xidməti tərəfindən həyata keçirilən əməliyyata “MINOS” kod adı verilib. Əməliyyata “SDECE” heyəti, uçuş mütəxəssisləri, Rene Bertrand (digər adı ilə polkovnik Bomon) və Jak Pomme-Barrer rəhbərlik edib.

Onlar 29-cu əməliyyat xidməti və “1/56 Voklüz” eskadronu ilə birgə hərəkət ediblər. Əsas iş məcburi köçkünlər, yəni müharibə zamanı almanlar tərəfindən işğal edilmiş dövlətlərin xüsusi düşərgələrinə yerləşdirilən, işləmək üçün aparılıb həbs düşərgələrinə salınan və ya almanlarla əməkdaşlıq edib onlarla birlikdə qaçan vətəndaşlar, habelə Almaniyaya mühacirət edənlər arasında agentlər hazırlamaq olub. Onların arasında müxtəlif səbəblərdən SSRİ-yə qayıtmaq istəməyən keçmiş hərbi əsirlər də vardı. Çünki müharibə zamanı və ondan sonra hərbi əsirlərin çoxu sovet hökuməti tərəfindən sorğu-sualsız “vətən xaini” damğası ilə güllələnib.

8a6a0d73-9d4b-4a81-82f2-0e26a96f5fb3.jpg (146 KB)

Fransız kəşfiyyatı üçün isə onların hamısı mühacir olub. Seçim ilk növbədə milliyyətə görə aparılıb, sonra həmin şəxsin bütün məlumatları “Xidmət 23” əks-kəşfiyyatı tərəfindən diqqətlə öyrənilib.

“MINOS”un müqavimət hərəkatında “polkovnik Frans” kimi tanınan Fransua Bistonun rəhbərlik etdiyi əks-kəşfiyyat xidməti olub. Əməliyyatda bir çox keçmiş müqavimət üzvləri, o cümlədən o vaxtkı Fransada mühüm vəzifələrdə olan general Raymon Şmittlen, Volter Ponşel, Joel Le Tak və başqaları iştirak edib.
Onlar şərqdən gələn mühacirləri “ələkdən keçirib”, ən uyğun olanları “MINOS”a göndəriblər. Veteran və kəşfiyyatçı-diversant Bob Maloubye macarların təliminə nəzarət edib, Raymon Laverdye isə partlayıcı maddələr və gizli silahlar üzrə təlimatçı olub, təxribat əməliyyatları üzrə ixtisaslaşmış məktəbə rəhbərlik edib. İspaniyada müqavimət hərəkatının iştirakçısı Marsel Şomyen (Armand ) gündüz və gecə paraşütlə tullanma, tanınma nişanları quraşdırmaq və havadan yerə rahat eniş etməyi öyrədib. Proqram 12 həftə davam edib. Təlim zamanı xarici silahlardan, o cümlədən Vermaxtın “Yunkers-52” təyyarələrindən, həmçinin “Barrakuda” və “Dakota” nəqliyyat təyyarələrindən istifadə edilib.

71a8e814-9ee6-4c2e-94ea-e06c67973b87.jpg (75 KB)

Hazırlıq başa çatdıqdan sonra yeni, əsas mərhələ başlayıb: agentlərin yerləşdirilməsi. Təyyarələr İnsbruk (Avstriya) və Lahr (Almaniya) aerodromlarından havaya qalxıb və müəyyən edilən ərazilərdə agentlər paraşütlə tullanıb. 30 sentyabr 1951-ci ildə Normandiya-Niemen eskadronunun keçmiş pilotu Qabriel Mertizanın təyyarəsi qəzaya uğrayıb.

Digər pilotlar isə ekipajlarına heç bir itki vermədən çoxlu uçuşlar həyata keçiriblər. Amma agentlərin çoxu elə göydə vurulub, yerə düşənlər isə dərhal həbs edilib. Məsələn, 1951-1952-ci illərdə təyyarədən tullanan çexoslovakiyalılar yerə enəndən dərhal sonra ələ keçib.

Litvalılara birbaşa partizan Yuozas Lukşa rəhbərlik edib. O, əvvəllər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə işləyib, lakin bir anda aralarında yaranan münaqişə ilə “dostluqları” pozulub. Odur ki, 1950-ci ilin iyununda o, “SDECE”yə keçib. İntensiv hazırlıqlara baxmayaraq, qrupa əməliyyatın dayandırılması əmri verilib. Məlum olub ki, dəstənin üç üzvü İsveçdən Rusiyaya qaçıb və nəticədə SSRİ-nin gizli məlumatdan xəbərdar olmasına dair şübhələr yaranıb.

90e0fb09-8a4a-4c2f-bf86-bd098442899e.jpg (35 KB)

Buna baxmayaraq, 1950-ci ilin sentyabrında Lukşa və onun “sülh bağladığı” MKİ qrupu paraşütlə Litvaya keçib və onları dərhal sovet əks-kəşfiyyatı tutub. 1952-ci ildə rumıniyalılar Aleksandr Tanas və Mirça Papovic, eləcə də Dəmir qvardiyanın bəzi digər üzvləri enişdən dərhal sonra həbs olunublar.

Polşalılar isə Fransa kəşfiyyat xidmətini məsxərəyə qoyublar. Agentlərin ayağı yerə dəyən kimi Polşanın əks-kəşfiyyatının üzvləri onları tutub və Fransaya geri göndərib. Bununla da “MINOS” əməliyyatının rəhbərlərinə necə səriştəsiz olduqlarını nümayiş etdiriblər.

Digər ölkələrin kəşfiyyat xidmətləri də uğursuzluğa düçar olub. Ancaq fransızların bəxti ümumiyyətlə gətirməyib. Buna görə də, “MINOS” əməliyyatı 1954-cü ildə kiçildilib və sonra bağlanıb. Yalnız otuz il sonra ölümcül uğursuzluqların səbəbi məlum olub.

50022f06-e0f9-44bb-960a-e3a782010ee1.jpg (332 KB)

Rumıniya kəşfiyyatına məlum olub ki, sosialist düşərgəsinə bütün ölkələrin agentlərini satan şəxs “MINOS”un əks-kəşfiyyat xidmətinin rəhbəri Fransua Bisto (polkovnik Frans) olub. “MINOS”un dağılmasından sonra Bisto “SDECE”-nin infrastruktur və material idarəetmə ümumi xidmətində işləyib. Hətta orda da mərkəzi arxivlər onun ixtiyarında olub. 1970-ci illərin əvvəllərində işdən çıxan SSRİ agenti 1981-ci ildə ölüb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

19.04.2025 13:31
570