Mindən çox namizəd qeydiyyata alınıb

İndiyə kimi Azərbaycanda fəaliyyət göstərən partiyalardan 459 nəfərin namizədliyi verilib, onlardan 305-i qeydə alınıb.

Bunu bugün, avqustun 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Ümumilikdə isə indiyə kimi 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

M.Pənahov habelə qeyd edib ki, 1508 nəfər namizədlik üçün müraciət etmişdi.

Azərbaycanda 20-dən çox siyasi partiya fəaliyyət göstərir. Onlardan yalnız biri-Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar parlament seçkilərini boykot edib. AXCP ölkədə azad və ədalətli seçkilərin olmadığını bəyan edib. Amma istər MSK rəhbərliyi, istərsə də hökumət təmsilçiləri vurğulayırlar ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar mövcuddur.

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub. Avqustun 9-da təşviqat mərhələsi start götürəcək.

Seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) keçiriləcəyini səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan əvvəlki parlament və prezident seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi “prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi”, prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

AXCP isə bəyan etmişdi ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tələsik saxtalaşdırmaq niyyəti güdərək istədiyinə nail olub.//Azadlıq Radiosu

10.08.2024 01:51
580