Zəngilan rayonunun Mincivan qəsəbəsində 2040-cı ilədək 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub.
Musavat.com xəbər verir ki, Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq.
Belə ki, qəsəbədə inzibati bina, mədəniyyət mərkəzi, kitabxana və çoxfunksiyalı bina, restoran, idman-sağlamlıq, ailə-sağlamlıq mərkəzləri, hotel, bayraq meydanı, ticarət, məişət və baytarlıq xidmətləri obyektləri, mebel mağazası, mərasim evi, yanğın deposu, bazar kompleksi, emalatxana və satış köşklərinin yaradılması nəzərdə tutulub.
Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası, poliklinika, avtovağzal binası, yanacaqdoldurma məntəqəsi, anbar və logistika binaları, ağac emalı və mebel sexləri, digər istehsalat müəssisələri də inşa olunacaq.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır. Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 fərdi ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.