Çingiz Qənizadə: “Ermənistan tərəfindən ölkəmizə vurulmuş ekoloji terrorla bərabər, mina terroru ilə bağlı da çağırış edə bilərik”
Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il ərzində xaotik şəkildə basdırdığı, xəritələrlə düz gəlməyən minaların postmüharibə dövründə 300-dən çox qurbanı olub. Təkcə Qarabağda deyil, sərhədyanı digər bölgələrdə də vətəndaşlarımız minaya düşür, həyatını itirir, şikəst qalır.
Bu illər ərzində müxtəlif kiçik layihələri nəzərə almasaq, beynəlxalq qurumlar, böyük dövlətlər minatəmizləmə işində Azərbaycana ciddi dəstək verməyiblər.
Bu arada Milli Məclisə “Minatəmizləmə haqqında” qanun layihəsi daxil olub.
Layihə 3 fəsil, 14 maddədən ibarətdir.
Layihə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Azərbaycan dünyada minalardan və PHS-dən zərər çəkmiş, müharibənin mirası ilə təqib olunan ölkələr sırasındadır. Bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş ölkələrdəndir. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya - Kasetli Sursatlar Koalisiyasının (ICBL-CMC) Landmine Monitor Report 2020 layihəsinin məlumatına əsasən, Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır.
Vətən müharibəsindən sonra məlum oldu ki, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İşğaldan azad edilmiş 1 166 702 ha ərazidə minaların olması güman edilir, bunun da 211 800 ha yüksək və 954 902 ha orta və aşağı çirklənmə səviyyəsindədir.
Aparılan tədqiqat zamanı keçmiş təmas xəttinin və onun ətrafında yerləşən bağların, meşələrin, üzüm bağlarının, dağıdılmış yaşayış məntəqələrinin, çay sahillərinin minalarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Minalara həmçinin kənd təsərrüfatına yararlı torpaqlarda və ətraflarında, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində (kəhrizlərdə) rast gəlinir. Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracalılar, Laçın rayonunun Suarası, Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var. Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub.
İşğaldan azad olunmuş ərazilərdə 300-dən yuxarı yeraltı su kəhrizləri mina və sursatlarla çirkləndirilib. Köndələnçay, Tərtər, Xaçın, Qarqar və Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb.
Beynəlxalq aktorların ciddi təzyiqindən sonra Ermənistan mina xəritələrini 3 mərhələdə Azərbaycana təhvil verib. Birinci mərhələdə Ağdam rayonunda 97 000 minanın olduğu xəritə, ikinci mərhələdə Füzuli və Zəngilan rayonlarında 92 000 minanın olduğu xəritə təhvil verilib, son mərhələdə isə işğaldan azad edilmiş digər rayonların xəritələri təhvil verilib. Ermənistan tərəfdən verilmiş xəritələrə əsasən keçmiş təmas xəttində 390 709 ədəd minanın olduğu bilinir. Müvafiq ixtisaslı mütəxəssislər tərəfindən təqdim olunmuş xəritələrin yerində yoxlanılması aparılıb və məlum olub ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqliyi 25 faizə yaxındır və Ermənistanın təqdim etdiyi mina sahələrinin formulyarlarının səmərəliliyi cəmi 2 faiz olub. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
Beləliklə, göründüyü kimi, minalarla çirkləndirmə həm də ekoloji terrordur. Bəs COP29 çərçivəsində dünyadan mina probleminin həlli üçün yardım istənilməsi mümkündürmü?
Çingiz Qənizadə
Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb: “Onsuz da Azərbaycan bütün beynəlxalq təşkilatlara, beynəlxalq təşkilatlar səviyyəsində keçirilən tədbirlərdə bir çox dövlətlərin başçılarına, rəsmilərinə Azərbaycanda mina terroru, müharibədən sonrakı dövrlərdə baş verən hadisələr və onun qurbanlarının sayı barədə olduqca dəqiq məlumatlar verib və köməklik istənilib.
Çox təəssüf ki, Azərbaycan bu missiyanı da demək olar ki, öz gücü hesabına, öz zəhməti, əziyyəti ilə, qurbanlar vermək məcburiyyətində qalmaq şərti ilə həll edir. Çünki beynəlxalq təşkilatlardan lazımi, kifayət qədər kömək ala bilmirik.
Hazırda bütün dünyanın diqqət mərkəzində olan COP29 tədbirinin Bakıda keçirilməsi ilə bağlı məsələlər gündəmdədir və Azərbaycan bu tədbirə olduqca layiqli şəkildə hazırlaşır. Hesab edirəm ki, bu tədbirdən yararlanmaq mümkündür. Çünki dünyanın bir çox dövlətlərinin liderləri və yaxud ən azı ikinci şəxsləri bu tədbirdə iştirak edəcək və Azərbaycan bu tədbirdən yararlanaraq, mina terroru ilə bağlı da dünyaya bir çağırış edə bilər. Çünki minalar təkcə insan həyatını deyil, həm də ekologiyamızı, flora və faunanı məhv edir. Biz bilmirik minalar bundan sonra suyun, yoxsa torpağın, yoxsa hansısa yolların kəsişməsində partlayacaq.
Bu baxımdan Azərbaycan COP29 tədbirində dünyadan Ermənistan tərəfindən ölkəmizə vurulmuş ekoloji terrorla bərabər, mina terroru ilə bağlı kömək istəyə bilər".
Xalidə GƏRAY,
“Yeni Müsavat”