Uzun onilliklərdir ki, yolların səthi betondan hazırlanır. Araşdırmalara görə, bu materialın populyarlığı günü-gündən artır. İlk ağla gələn sual budur: nəyə görə? Yol infrastrukturu mütəxəssisləri beton yolların davamlılığının yüksək olduğunu, sürücülər üçün rahatlığı təmin etdiyini bildirirlər. Günümüzdə təkmilləşmiş texnologiya ilə beton yolların salınması aktualdır. Beton yollarda çatlar, çuxurlar əmələ gəlsə belə, asanlıqla zədələnmir. Beton yolların ən yaxşı cəhətlərindən biri onların çox baxım tələb etməməsidir. Bu o deməkdir ki, daimi təmir və texniki xidmətə ehtiyac azalır. Beton yolun struktur hissələri onun bütövlükdə nə qədər möhkəm, dayanıqlı və uzunömürlü olmasını şərtləndirir. Açıq mənbələrdən əldə edilən məlumata görə, ABŞ, Çin və Avropa ölkələrində ümumi istifadədə olan yolların təxminən 60%-i betondur. Rusiyada isə syol infrastrukturunun cəmi 2,6% -i betonla örtülüb.
İlk beton yol 1893-cü ildə ABŞ-də salınıb. Ohayo ştatının Bellefonteyn şəhərindəki Kourt Avenyu ABŞ-də ilk beton yol hesab olunur. Yenilikdən xəbərdar olanlar buna şübhə ilə yanaşırdılar, çünki həmin dövrdə torpaq yollar daha çox yayılmışdı. Səthin davamlı olacağına şübhə var idi. Bununla belə, Bartholomey təcrübəsi uğurlu oldu və beton yolun bir neçə onillik ərzində çox zərər görmədən davam edə biləcək qədər möhkəm olduğu ortaya çıxdı. İlk əlli il ərzində yolun qulluğu cəmi 1400 dollara başa gəldi.
Bu gün ABŞ-də yol qurmaq investisiya layihəsidir. Bir amerikalının hər qallon benzin üçün ödədiyi puldan 2,5 sent Federal Avtomobil Yolları Fonduna gedir. Bu isə hər il Federal Avtomobil Yolları Fonduna daxil olan on milyardlarla dollar deməkdir. Bundan əlavə, fonda avtomobil vergiləri, rüsumlar, özəl investisiyalar və qiymətli kağızların satışından vəsait daxil olur. Yəni bu fondun köməyi ilə magistral yollar gəlirli dövlət kommersiya müəssisəsinə çevrilib. Bundan başqa, ABŞ yollarında dəmir yolu ilə müqayisədə daha çox yük (6 milyard dollardan çox) daşınır. Ekspertlərin hesablamalarına görə, ABŞ-nin yol-nəqliyyat infrastrukturunun dəyəri iki trilyondan artıqdır. Üstəlik, ABŞ-nin yol-nəqliyyat infrastrukturunun inkişafına yatırılan hər milyard dollar 35 min iş yerinin yaradılmasına gətirib çıxarır. Bəzi hesablamalara görə, hazırda ABŞ-də yol tikintisində 300 mindən çox insan çalışır. Daha bir maraqlı statistika var ki, ABŞ-də yol qəzalarında 1500-dən çox ölüm və 50 min yaralanma halının qarşısı alınır.
ABŞ-nin beton yol təcrübəsi o qədər uğurlu oldu ki, Avropa da onu qəbul etdilər. ABŞ-dən sonra Almaniyada da yüksək sürətli çoxzolaqlı avtomagistrallar tikilməyə başladı. Onlardan ən qədimi 85 ildən artıqdır ki, uğurla fəaliyyət göstərir. Almaniyada beton yollar ən azı 50 il işlək vəziyyətdə olur, demək olar ki, heç bir təmir tələb etmir. Nəzərə almaq lazımdır ki, Almaniyada iqlim sərtdir-yağış, qar, şaxta və s. Bu amil yollara birbaşa təsir edir. Beton magistralların yaratdığı üstünlük bu amillərin önünə keçir. Bu materialdan tikilən yollarda avtomobillərin təkərləri yola güclü yapışır, odur ki, bu daha az səs-küy yaradır.
Avropalı mütəxəssislər asfalt yolla beton yol arasında müqayisə aparanda bir önəmli məqamı da vurğulayırlar. Asfalt tez quruyur, döşəndikdən sonra həmin gün istifadəyə verilə bilər. Beton yol isə ən azı dörd gün istifadə olunmamalıdır, qurumalıdır. Beton yollardan istifadə təcrübəsi göstərdi ki, belə səkilərin hər kilometri asfaltdan iki dəfə baha başa gəlsə də, təmir, baxım kimi sonrakı ehtiyacları qarşılamaq baxımından çox sərfəlidir. Beton yol yalnız minimal təmir tələb edir. Asfaltda isə bir neçə ildən sonra çuxurlar yarana və bu davamlı xarakter ala bilər. Əgər asfalt yolun altında hər hansı kommunikasiyalar varsa və onların təmirə ehtiyacı varsa, kommunal xidmət işçiləri sadəcə olaraq asfaltın bir-iki kvadratmetrlik hissəsini götürəcək və işlər başa çatdıqdan sonra çuxura yenisi ilə “yamaq” atacaqlar. Ancaq beton yolda bu mümkün deyil. Hətta mümkün olsa belə, bu, baha başa gələ bilər. Beton yol bütün qaydalara uyğun olaraq, yəni uyğun materialdan istifadə edilərək və bazanın düzgün hazırlanması ilə tətbiq olunursa, 20-30 ilədək davamlı olur. Yeri gəlmişkən, yerli istehsalın olması böyük üstünlükdür. Təbii ki, əgər tələbat varsa, istehsalın olması üstünlük deməkdir. Azərbaycanda betona tələbat olduğu üçün yerli istehsalçılar da bunu nəzərə alırlar.
Nigar HƏSƏNLİ,
Musavat.com