Belçika yığması ilə matçdan sonrakı idman jurnalistləri ilə yaşadığı məlum qalmaqaldan sonra AFFA Azərbaycan milli futbol komandasının baş məşqçisi Canni De Byazi ilə müqaviləni uzatmadı. İndi əsas sual yeni baş məşqçisinin kimliyidir. Əksəriyyət yerli məşqçinin olmasını istəyir, amma əcnəbi məşqçilər ətrafında da müzakirələr getməmiş deyil.
AFFA-nın baş katibi Sərxan Hacıyev millinin yeni baş məşqçisinin müəyyən olunması ilə bağlı bildirib ki, xüsusi işçi qrup yaradılacaq, orada İcraiyyə Komitəsinin müəyyən üzvləri təmsil olunacaqlar: “Ehtimal var ki, kənardan da müəyyən mütəxəssislər cəlb olunsun və həmin işçi qrup tərəfindən baş məşqçi postuna təkliflər verilsin. Əlbəttə ki, detallı şəkildə hər bir amil nəzərə alınaraq, analiz olunacaq. Ondan sonra təkliflər İcraiyyə Komitəsində yenidən müzakirəyə çıxarılacaq və qərar veriləcək”.
O, iclasda millinin baş məşqçisinin yerli mütəxəssis olması məsələsinin də müzakirə olunduğunu, baş məşqçi məsələsinin yaxın bir-iki ay ərzində həllini tapa biləcəyini söyləyib. Baş katib millinin yeni baş məşqçisinin yerli olması ehtimalının az olmadığını da vurğulayıb.
Qeyd edək ki, gələn ilin yayında keçiriləcək Avropa Çempionatından sonra 2026-ci ildə baş tutacaq Dünya Çempionatının qrup oyunları başlayacaq. Bəs De Byazidən sonra nələri edək ki, köhnə səhvlər təkrarlanmasın? Milli məşqçi təyinatı çıxış yolumu? (Vaxtilə yığmamızı azərbaycanlı da çalışdırıb). Təyinat məsələsində futbol ictimaiyyətinin fikri nəzərə alınacaqmı? Millimizin ən yaxşı göstəriciləri hansı illərə və kimin baş məşqçiliyi dövrünə təsadüf edir?
Fazil Mustafa
Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa baş məşqçi postuna əcnəbi çalışdırıcının gətirilməsinin tərəfdarıdır: “Yerlilər arasında Qurban Qurbanovdan səviyyəli məşqçi tapacaqsınız? Nə jurnalist, nə azarkeş, nə də AFFA Qurbanova imkan verdi, onun arxasında durdu. Qurbanov bu gün millini idarə edəcək imkana, qabiliyyətə və potensiala malik yeganə mütəxəssisdir. Ondan başqa kiməsə səbirlə yanaşılacağını, vaxt veriləcəyini zənn etmirəm. Heç onun özünə də vaxt verilmədi. Azərbaycan şərtlərində yerli məşqçinin uğur qazanmaq imkanı məhduddur. Təzyiqlərə tab gətirmək çox çətindir. Bizdə qaragüruhçuluq təkcə elmdə və ya başqa sahələrdə deyil, futbolda da eyni durumdur. Hər kəs məsələyə baxışını emosiyalarla ortaya qoymağa çalışır. Əslində daha məntiqli yanaşmaq doğru olardı. Bu üzdən yerli məşqçiyə bu imkanın verilməyəcəyini söyləmək olar. Təbii ki, azərbaycanlı məşqçinin gətirilməsini istərdim. Ancaq onu linç edib, 2-3 uğursuz oyundan sonra sıradan çıxaracağıq. Heç olmasa, əcnəbi çalışdırıcıya verdiyimiz pulun batmamasına çalışırıq. Yerli məşqçidə bu üstünlük də olmayacaq. Onun hüququnu qoruyacaq məhkəmə də yoxdur ki, orada qalib gəlsin”.
O, De Byazinin fəaliyyətini normal qiymətləndirib: “Azərbaycan millisi De Byazinin rəhbərliyi altında normal oyun göstərə bildi. Bundan yaxşısı da ola bilərdi. Ancaq ona qalan miras milliləşdirilmiş lazımsız futbolçular idi. Onların da heç biri beynəlxalq standartlara, müasir futbolun tələblərinə uyğun deyil. Yerlilərdən elə də fərqlənmirlər. Belə bir vəziyyətdə əcnəbi baş məşqçi nəyi dəyişə bilərdi? Eyni zamanda, yerli futbolçuların arasından seçim imkanı da geniş deyil. Çempionat iştirakçılarından yalnız ”Qarabağ" müasir futbolun müəyyən mərtəbəsinə qalxa bilib. Digər klublar əyalət komandası formatında mübarizə aparırlar. Təbii ki, bəzi işlər gedir, yaxşı məşqçilərimiz var. Amma müəyyən səviyyəyə yüksəlmək üçün uzun illər təcrübə toplamalısan. De Byazinin yanında Arif Əsədov kimi təcrübəli və vicdanlı məşqçi var idi. Fikrimcə, indiki imkanlarla normal komanda qura biliblər. Fərq baxımından əvvəlki matçlarla indikini müqayisə etməkdə çətinlik çəkirəm. Ancaq ümumilikdə AVRO-2024-ün seçmə mərhələsində pis təsir bağışlamadılar".
Fazil Mustafa AVRO-2024-ün seçmə mərhələsində Belçika (0:5) ilə son qarşılaşmada qırmızı vərəqə alan yarımmüdafiəçi Eddi İsrafilovu tənqid edib: “Komandaya futbolçunu təkcə oynamaq üçün cəlb etmirlər. Həm də məlumatı, normal zəkası olan futbolçular yığmaya çağırılmalıdırlar. Bir futbolçu 4 dəqiqə ərzində iki sarı vərəqə alırsa, deməli, məsuliyyətsizdir. Birinci epizodda rəqibə çatmaq əvəzinə tənbəllik edərək, onu əli ilə tutdu. İkinci epizodda isə mərkəzdə heç bir lüzum olmadan rəqibə qarşı kobudluq etdi. Futbolçu orada baş məşqçini pis vəziyyətdə qoydu”.
Milli Məclisin deputatı Canni De Byazinin Belçika ilə qarşılaşmadan sonra mətbuat konfransında azərbaycanlı idman jurnalistləri barədə səsləndirdiyi qeyri-etik fikirlərə də münasibət bildirib: “De Byazinin jurnalistlərə qarşı davranışı ədəbsiz hərəkət idi. İstənilən halda, jurnalistlə belə danışmaq olmaz. Amma sual da kobud şəkildə ünvanlanmışdı. Heç vaxt komandanın baş məşqçisinə və ya məsul şəxsinə bu formada sual verilməz. Bu özü də kobudluq əlamətidir. Dolayı yollarla problemi çatdıraraq cavab almaq üslubunu seçmək daha məntiqli olardı. Baş məşqçiyə sual verən jurnalist bu normaları nəzərə almalıdır. Bütün hallarda De Byazinin belə cavab verməsi ədəbsizlikdir, qəbulolunmazdır. Futbolla onun cavabı fərqli şeylərdir. Bizim mənfi cəhətimiz odur ki, ikisini birgə aparmağa çalışırıq”.
O, Azərbaycan futbolunda problemin baş məşqçiliklə bağlı olmadığını vurğulayıb: “Bizdə problem təkcə məşqçilik deyil. Məsələn, Qazaxıstanın da baş məşqçisi yerli mütəxəssis deyil. Əcnəbi baş məşqçi komandanı bəlli yerə qədər daşıdı. Çünki Qazaxıstanda futbolun inkişafı ilə bağlı tamamilə başqa sistem işləməyə başladı. Qısa müddətdə də bu inkişafın nəticələrini görməyə başladılar. Bizdə uşaq futbolunu inkişaf etdirmək üçün fədakarlıq göstərmək, Dövlət Proqramı gerçəkləşdirmək lazımdır. Bu proseslər olmadıqca futbolun bazası natamam olacaq. Milli üçün futbolçu havadan yetişmir. Futbolun inkişafına daha məsuliyyətli baxış ortaya qoyulmalıdır. Bu problem inkişafa müəyyən dərəcədə təsir edir. Məşq keçmək üçün meydançalar yox dərəcəsindədir. Əksər qəsəbələrdə olan minifutbol meydançalarının üstü örtülməyib. Belə olduqda da 3-4 il sonra yararsız hala düşür. Əlçatan yerlərdə futbol, basketbol, voleybol, həndbol meydançaları yoxdursa, hansı formada inkişaf gözləmək olar? Bu üzdən kompleksli, geniş baxış ortaya qoyulmalıdır”.
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı AFFA rəhbərliyini sərt tənqid etdi: “Azərbaycan futbolunun potensialı böyük turnirlərə vəsiqə qazanmaq üçün yetərli deyil. Ona görə də yığmanın baş məşqçisinin yerli və ya əcnəbi olmasının heç bir xeyri yoxdur. İndiyə qədər ən uğurlu nəticə Robert Prosineçkinin vaxtında əldə edilib - 10 xal. Amma nə fayda, bu 10 xal nəyə yarayıb? Uzaqbaşı qrupda sonuncu yeri tutmamağa. Vəssalam. Hədəf budurmu? Yox, ictimaiyyət tələb edir ki, Azərbaycan yığması Dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə qazansın. Amma bunu rellaşdıracaq qüvvə yoxdur. Azərbaycanlı futbolçuların potensialı qrupda sonuncu yeri tutmamaq üçün mübarizə aparmağa çatır. Ona görə də, tələb dəyişməlidir. Yığmanın baş məşqçisi əcnəbi olmamalıdır. Niyə? Ona görə ki, hansı adlı-sanlı mütəxəssisi gətirirlərsə gətirsinlər, nəticə olmayacaq. Amma onlar Azərbaycandan külli miqdarda vəsait aparacaqlar. Bu, o vəsaitdir ki, uşaq futbolunda infrastrukturun qurulmasına, uşaq futbolunun inkişafına yönəldilməlidir. Berti Foqtsa və dəstəsinə 7 il ərzində 10 milyon dollar, təxminən 17 milyon manat verdilər. Ondan sora Yurçeviçə, Prosineçkiyə, De Byaziyə ayırdılar. Hələ aşağı yaş qruplarında çalışan əcnəbi mütəxəssisləri demirəm. Son 15 ildə əcnəbi məşqçilərə 50 milyon manata yaxın vəsait verilib. Bu vəsaitlə Azərbaycanda futbol ənənəsi olan 20-25 rayonda uşaq futbolu üçün əla infrastruktur qurmaq olardı. Bunu dəfələrlə demişik, yazmışıq, amma əməl olunmayıb. Yenə də eyni səhvi təkrar edəcəklər. Belə görünür ki, hazırkı AFFA rəhbərliyi ya iş görməyi bacarmır, ya da bunu istəmir. Azərbaycan futbolunda islahat vacibdir, mütləqdir. Amma bu islahat AFFA-dan başlamalıdır. Hazırkı rəhbərlik tam tərkibdə istefaya getməlidir. Onlardan bu illər ərzində dövlətin futbolun inkişafı üçün ayırdığı milyonların hesabı sorulmalıdır. Günahkarlar cəzalandırılmalıdır. Cəzalandırılmalıdır ki, onlardan sonra gələnlər dövlətin vəsaitini mənimsəməyə cəhd etməsinlər. Futbol təsərrüfatı peşəkarlara həvalə edilməlidir. Bu islahata bu gün başlasaq, 10 ildən sonra aşağı yaş qrupları üzrə millilər, 15 ildən sonra əsas yığma nəticə verəcək. Vaxt gedir, biz isə gözləyirik, hansısa baş məşqçinin gəlib sehrli çubuq vasitəsilə möcüzə yaradacağına inanırıq. Heç bir möcüzə olmayacaq. Çünki biz iş görmürük. Reallıq bu qədər aydındır”.
Kənan Məstəliyev: “Ölkədə yetərincə bacarıqlı məşqçi var və onlara şans verildikdə...”
İdman mütəxəssisi Kənan Məstəliyev isə, birmənalı şəkildə yerli məşqçiyə üstünlük verir “Canni De Byazinin göndərilməsi doğru, amma gecikmiş addım idi. Dəfələrlə yazsaq, xəbərdarlıq etsək də ki, bu şəxsin Azərbaycan futboluna xeyri dəyməyəcək, əksinə ziyan görəcəyik, xeyri olmurdu. Ancaq eybi yox, ziyanın yarısından dönmək də xeyirdir. Artıq bu bacarıqsız adam futbolmuzun keçmişidir. İndi yeni səhifə açmaq vaxtıdır. Bunda isə əsas olan məşqçinin kimliyi yox, bizim ondan, daha dəqiq desək, futbolmuzdan nə istəməyimizdir. Milli komanda futbol piramidasının zirvəsidir. Ölkə futbolunun səviyyəsi nədirsə, yığma da onun kimi olacaq, güzgü rolunu oynayacaq. Ona görə də ilk növbədə futbolumuzun struktur, sistem problemlərini həll etmək lazımdır. Ən aşağıdan - uşaq futbolundan tutmuş məşqçilərin yetişdirilməsi və onların iş şəraitinin yaxşılaşdırılması, infrastrukturun qurulması, regionlarda kütləviliyin artırılması və digər onlarla problem öz həllini tapmalıdır. Bunun üçün isə futbola rəhbərlik edənlərin işə peşəkar yanaşması gərəkdir. Hazırkı AFFA rəhbərliyi özünü ən pis tərəfdən göstərib, ardıcıl və mütəmadi səhvlər, yanlış idarəetmə ilə tanınıb, ölkə futbolunun inkişafına yox, onun reqressiyasına təkan verdiyi ortadadır. Bu şəxslər toplu şəkildə istefa verməli, yaxınlarda keçiriləcək seçkilərdə yeni heyət gəlməlidir. Onlar qarşıdakı 10 il ərzində görmək istədikləri işin strateji layihəsini təqdim etməli, planlı şəkildə hədəfə doğru irəliləməlidirlər. Plan, sistem olmadıqca ölkədə futbolun inkişafı mümkün deyil. Cari məsələlərdən milli komandanın baş məşqçiliyinin kimliyinə gəlincə, yığmamıza yerli mütəxəssisin başçılıq etməsi vacibdir. Ölkədə yetərincə bacarıqlı məşqçi var və onlara şans verildikdə bu missiyanın öhdəsindən gəlməyi rahatlıqla bacara bilərlər”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”