Yeni reallıqlar dəyişikliyi şərtləndirir
Azərbaycan hələ 2007-ci ildə təsdiqlənən Milli Təhlükəsizlik Konsepsiyasında hədəf Avratlantik məkana inteqrasiyadır. “Azərbaycan Respublikası Avroatlantik strukturlarla tərəfdaşlığı bütövlükdə Avroatlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür...”, sənəddə yazılırdı.
“Turan” agentliyi yazır ki, sənədin qəbulundan 16 il keçib, amma Azərbaycanın Avroatlantik məkana inteqrasiyası mübahisə mövzusuna çevrilib.
2017-ci ildən Azərbaycan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi üzrə danışıqlar aparır. Amma Ermənistan, Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair hər hansı bir sənəd imzalanmayıb. Ümumdünya Ticarət Təşkilatı ilə da danışıqlar 25 ildən çoxdur müsbət nəticə verməyib.
Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından olan deputat Hikmət Babaoğlu bildirib ki, ölkənin milli maraqlarına söykənən balanslaşdırılmış xarici siyasət strategiyası var: “Azərbaycan heç vaxt milli maraqlarını nəzərə almadan hər hansı bir məkana inteqrasiyanı kor-koranə şəkildə qarşısına məqsəd qoymur”.
Hikmət Babaoğlu
Deputat qeyd edib ki, 2007-ci ildən bu günə qədər dünyada və regionda çox dinamik hadisələr baş verib: “Gəldiyimiz hazırkı mərhələdə Azərbaycan 2007-ci ildə müəyyənləşdirilmiş bir çox məqsədlərinə çatıb”.
H.Babaoğlunun sözlərinə görə, Azərbaycan şübhəsiz ki, Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq haqqında sənədi imzalamağa hazırdır: “ Amma məsələ ondadır ki, kardinal dəyişən geostrateji münasibətlər yeni məsələləri aktuallaşdırıb. Azərbaycan Aİ ilə tərəfdaşlıq haqqında sənədi imzalamasa da, Avropa İttifaqına üzv olan ölkələrin 3/1-i ilə strateji əməkdaşlığa malik ölkədir”.
O bildirib ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olub: “Bu da 2007-ci ildə müəyyənləşdirilən həmin o məqsədlər kontekstində ayrıca bir yenilik idi. 2019-2021-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başladı və əgər biz diplomatiyada bir ardıcıllıq axtarırıqsa, Azərbaycanın xarici siyasət məntiqinə diqqət etməliyik. Bu, milli maraqlarına söykənən xarici siyasətdir”.
Deputatın sözlərinə görə, bu gün Azərbaycanın Avroatlantik məkana daxil olan ölkələrlə, ABŞ başda olmaqla, çox yaxşı münasibətləri var: “Amma hazırda beynəlxalq münasibətlərdə Azərbaycanın rolunun artması bu münasibətlərə yeni keyfiyyət çalarları gətirib. Hazırda formalaşan yeni geostrateji reallıqlar kontekstində bu münasibətlər yenidən nəzərdən keçiriləcək”.
Bəs Milli Təhlükəsizlik Konsepsiyasında dəyişikliklərə ehtiyac varmı?
İlham İsmayıl
Təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, istər Milli Təhlükəsizlik Konsepsiyası, istər Hərbi Doktrina yeri gələndə hadisələrin inkişafından asılı olaraq, geopolitik vəziyyətdən, dövlətlərarası münasibətlərdən asılı olaraq redaktə olunmağa, dəyişilməyə, əlavələr edilməyə açıq sənədlərdir: “Bunların baş verməsini normal qarşılamaq lazımdır. Hərbi Doktrina ilə yanaşı, 2007-ci ildə qəbul edilmiş Təhlükəsizlik Konsepsiyasında, eləcə də 2010-cu ildə qəbul edilmiş Hərbi Doktrinada da dəyişikliklər edilməlidir. Orada məsələlər daha aydın yazılmalıdır. Bu sənədlər qəbul olunduqdan indiyə qədər çox proseslər gedib, yeni reallıqlar yaranıb. Düzdür, orada bizim Şimali Atlantika Blokuna reinteqrasiyamız qeyd olunub. İndi daha da konkretləşməlidir. Təhlükə məsələsi də dəqiqləşdirilməlidir”.
Qeyd edək ki, Hərbi Doktrinanın dəyişə biləcəyi barədə bu yaxınlarda Milli Məclisin iclasında deputat Elşad Mirbəşiroğlu da bildirmişdi. Deputat qeyd etmişdi ki, Azərbaycanın 2010-cu ildə qəbul edilmiş Hərbi Doktrinası dəyişə bilər. O, fikrini belə əsaslandırmışdı ki, Doktrinanın 75-ci maddəsi özündə dəyişən təhlükəsizlik mühitinə uyğun olaraq, müvafiq dəyişikliklər, dəqiqləşdirmələr və əlavələr etməyi ehtiva edir: “Bu gün artıq yeni reallıqlar şəraitində yaşayırıq. Azərbaycanın təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, regionda yeni geosiyasi reallıqlar və təhlükəsizlik mühiti formalaşdırılıb. Müvafiq olaraq, Azərbaycanın Hərbi Doktrinasında da dəyişikliklər etmək lazımdır. Azərbaycan həm də Cənubi Qafqaz regionunda təhlükəsizlik sisteminin yaradılması missiyasını da öz üzərinə götürüb. Hərbi Doktrinada bu məqamın da ifadə olunması yaxşı olardı. Azərbaycanın təhlükəsizliyinə olan təhdidlərin də xarakteri dəyişib. Sənəddə yeni reallıqlara uyğun dəqiqləşdirmələrin və dəyişikliklərin edilməsi zəruridir. Xüsusilə də doktrinanın 14, 15, 16, 21 və sair maddələrində dəqiqləşmənin aparılması lazımdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”