Milli Tarix Muzeyindən Musavat.com-un yazısına reaksiya: “Şuşa qalasının gümüş açarı bizdədir”


Ötən gün saytımızda Pənahəli xanın tikdirdiyi Şuşa qalasının açarının şəhərin 1992-ci ildə işğalı zamanı yoxa çıxması ilə bağlı yazı verilmişdi

Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ilk direktoru olmuş Tofiq Süleymanov Musavat.com-a açıqlamasında bildirmişdi ki, həmin açar Şuşadakı Yuxarı Gövhərağa məscidində qorunurmuş. Ancaq işğaldan sonra bir çox eksponatlarla birgə həmin açar Bakıya gətirilib muzeylərdən birinə təhvil verilib. Lakin onun hansı muzey olduğu bilinmirdi. Hər kəsi simvolik məna daşıyan bu açarın taleyi maraqlandırırdı. Musavat.com bununla bağı kiçik araşdırma apardıqdan sonra məlum oldu ki, açar Milli Tarix Muzeyindədir. Bununla bağlı muzey bu gün redaksiyamızla əlaqə saxlayıb və tarixi açarın taleyi haqqında geniş məlumat verib:

“Azərbaycanın tarixi keçmişini əks etdirən maddi-mədəniyyət nümunələri Milli Azərbaycan Tarixi Muzeyində qorunub saxlanılmaqla yanaşı, həm də bu nümunələr ölkəmizin zəngin irsini nümayiş etdirir. Muzey Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən qiymətli eksponatlarla zəngindir və bu eksponatlar vasitəsilə xalqımızın mədəni irsi gələcək nəsillərə çatdırılır. Burada saxlanılan hər bir əşya bir dövrün, bir mədəniyyətin, bir tarix səhifəsinin simvolu olaraq əhəmiyyətlidir.

Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarı qorunur. Açarlar Çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülmüşdü. Daha sonra 1924-cü ildə Tiflis şəhərindəki Qafqaz Hərb Tarixi Muzeyindən alınıb.

Şuşa qalasının tarixinə gəldikdə isə, XVIII əsrin ortalarına yaxın Azərbaycanın qədim yurd yeri sayılan Şuşa özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarabağ xanı Pənahəli xan, düşmən hücumlarından müdafiə olunmaq üçün daha etibarlı müdafiə istehkamlarının qurulmasını qərara alır. 1748-ci ildə “Bayat”, 1752-ci ildə “Şahbulaq” qalaları tikilir. Lakin buna baxmayaraq, müharibələr dövründə xanlığın ərazisini, eləcə də əhalini daha yaxşı qorumaq məqsədilə, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında “Şuşa qalası” (əvvəlki adı Pənahabad qalası) tikilir. Bu açar məhz həmin “Şuşa qalası”nın açarıdır.

Bu qala Qarabağ xanlığının mərkəzi və hərbi-strateji əhəmiyyətli bir məkanı olmuş, həm də Azərbaycan tarixində xüsusi bir yer tutmuşdur. Şuşa qalasının möhkəm divarları və strateji yerləşməsi onu düşmən hücumlarından qoruyaraq, Qarabağ xanlığının güclü bir müdafiə qalasına çevirmişdir. Bu qalaya aid olan hər bir maddi mədəniyyət nümunəsi, Azərbaycan tarixinin parlaq dövrünü əks etdirir və milli irsimizin dəyərli bir hissəsidir.

Gümüşü saplı qotazları olan gümüşdən açar ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyası tərəfindən bərpa və konservasiya edilib.

Qarabağ xanlığının simvolu, Şuşa qalasının açarı hazırda Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında nümayiş olunur”.

 

Şahanə Rəhimli
Musavat.com

17.08.2024 13:45
823