Milli Şura sədri “xalqın səsi” rolunda - düşmən kimi iddialar...     

Özünü tarixçi kimi cəmiyyətə sırıyan Cəmil Həsənlinin 37-ci illəri müasir Azərbaycanla müqayisə etməsi, ermənipərəstlərin sanksiyasını dəstəkləməsi onun ölkəsinə nifrətinin göstəricisidir

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də mitinq keçirməsini məqbul saymayıb.

Milli Şuranın sədri Cəmil Həsənli “Amerikanın Səsi”nə müsahibəsində iddia edib ki, 5 may mitinqi və bundan əvvəl keçirmək istədikləri 21 aprel mitinqi “xalqın tələbidir”: “Bizim xalqdan istər şifahi söhbətlərimizdə, istər sosial media üzərindən, istərsə də vətəndaşların telefon, vatsap zənglərindən, messengerlərindən aldığımız sifariş bundan ibarətdir ki, Azərbaycan xalqı mitinq istəyir”. 

C.Həsənli iddia edib ki, ölkədə 300-dək siyasi məhbus var. “Deyərdim ki, Azərbaycanda vəziyyət 1937-ci ildəkindən dəhşətlidir. Mən 37-ci ildəki bir çox işlərlə tanışam. O zaman elektrik cərəyanının insanların bədənlərinə verilməsi kimi bir hal müşahidə olunmayıb. 37-nin işgəncəsi dəyənək üzərində qurulub. İndi dəyənəklər də kifayət qədər texnoloji cəhətdən təkmilləşdirilib. İşgəncə aləti kimi indi beysbol dəyənəyindən istifadə olunur”. 

Özünü tarixçi kimi cəmiyyətə sırıyan Cəmil Həsənlinin minlərlə insanın öldürülməsi ilə nəticələnən 37-ci illəri müasir Azərbaycanla  müqayisə etməsi onun savadsızlığı deyil, daha çox ölkəsinə nifrətinin göstəricisidir.    

Milli Şuranın sədri ermənipərəst konqresmenlərin  Azərbaycanın ordu təmsilçilərinə də aid edilən sanksiya layihəsi haqda da danışıb. Ermənipərəstlərlə eyni mövqedə olduğunu gizlətməyən C.Həsənli deyib ki, sanksiya siyahısı daha geniş olmalıdır: “Siyahıda 41 nəfərin adı keçir. Amma bu, kifayət qədər kiçik dairədir. Azərbaycanda insan haqlarına zor tətbiq edən məmurların sayı nəinki 41, hətta 241, 1041-dən də çoxdur. Mən bunu hətta gecikmiş sanksiyalar hesab edərdim. Əgər Azərbaycana insan haqları ilə bağlı sanksiya tətbiq edilirsə və bu yüksək vəzifəli məmurların adları orada sadalanırsa, birinci sadalanan ad İlham Əliyevin adı olmalıdır”.

Elşən Musayev: Azərbaycan gəncliyi Vətən müharibəsində öz vəzifəsini  şərəflə yerinə yetirib

Elşən Musayev 

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a bildirdi ki, Cəmil Həsənlinin mitinq haqda bəh-bəhlə danışması və utanmadan həmin mitinqi xalqın tələbi, sifarişi adlandırması ondan xəbər verir ki, bunların başı ya tamam qaçıb, ya da həmin baş Milli Şuranın qolçomaq ruhlu rəhbərlərində, ümumiyyətlə, heç zaman olmayıb: “Adamın 70+ yaşı var, amma saçından-saqqalından, təzə çıxardığı bığından utanmır, ağlına və ağzına gələni danışır. Nə mitinq? Hansı mitinq? Kimlə edəcəksiz həmin mitinqi? Əli, Nurəddin, Fuad, Gültəkin. Oldu dörd. Cəmil, səni də üzərlərinə gəlsək 4 yarım. Sonra? Elə danışırlar ki, sanki elektoratları ən az yarım milyon-filandır. Halbuki bilənlər bilir: gerçəkdə 5 adam nədir, heç 5 qarışqa belə ətraflarında yoxdur. Yaxşı bəs niyə aksiya təyin edirlər? Niyə belə arzuya düşürlər? Çünki xaricdən təxribat tapşırığı gəlib, onu icra etmək lazımdır, radikal müxalifətin ata dediyi  "erməni lobbisi" bunlara pul göndərib, onu nağdlaşdırmaq lazımdır. Çünki Əli Kərimlinin maşınının ili köhnəlib, onu təcili dəyişmək, xaricdə atasının fəaliyyətini ən “layiqli” şəkildə davam etdirərək bütün anti-Azərbaycan qüvvələri ilə  dostluq quran Türkelin pulunun vaxtıdır, onu ödəmək, Cəmilin turistik səyahətləri nə zamandır səngiyib, onu bərpa etmək, Gültəkinin botoksunun vaxtı qurtarır, onu yeniləmək lazımdır.

Qarabağ müharibəsinin gedişində 50 dəfə müraciət etdik ki, erməni vəhşiliyinə, Gəncə terroruna, xarici təhdidlərə qarşı partiyaların ümumi bəyanatını imzalayırıq, gəlin siz də qoşulun. Açıq mətnlə dedilər ki, biz bu millətdən, bu dövlətdən deyilik. Daha sonra Şuşa alındı, sevinmədilər. Xankəndi qayıtdı, sevinmədilər. Sülhməramlı getdi, yenə nəsə əmma qoydular. Delimitasiya başladı, görməz oldular. Makron kimi, Şvabe kimi ünsürlərə birmənalı dəstək verdilər. Düşmən dəyirmanına su tökdülər. Günbəgün erməniləşdilər, azğınlaşdılar, quzğunlaşdılar. Və indi gəliblər ki, xalq dərdi, millət dərdi çəkirik və ona görə mitinq edirik..."

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov 

Deputat Azər Badamov dedi ki, Cəmil Həsənli yəqin ki, rahat yerdədir və ona görə də Azərbaycandakı siyasi sabitliyi pozmağa hesablanmış açıqlamalar verir: “Bu gün xalqımızın səsi mitinqlər keçirməklə ölkəni qarışdırıb gücsüzləşdirmək tələb etmir. Əksinə, xalqımızın səsi ölkə başçısının ətrafında sıx birləşib Azərbaycanın daha da qüdrətlənməsi və güclənməsi naminə xidmət etməkdir. Bu gün özünü azərbaycanlı hesab edən hər bir şəxs Azərbaycanla fəxr edib qürur duymalıdır. Çünki biz 30 ildə böyük güclərin siyasətinə qalib gələrək torpaqları işğaldan azad etmişik. Belə bir hadisə son on illərin dünya təcrübəsində heç vaxt olmayıb. Bu baxımdan ölkəmizdəki hakimiyyət və xalq  birliyi bütün dünyaya nümunədir. Təəssüf ki, Cəmil Həsənli və onun ətrafında dayanan bir neçə nəfər ölkəni yenidən qarışdırmaq üçün çağırışlar edir. Azərbaycanda hüquqi dövlət qurulub və hər bir kəsin hərəkətləri qanun çərçivəsində olmalıdır. Aksiyaların keçirilməsi "Sərbəst toplaşma haqqında" Qanunla tənzimlənir. Bu baxımdan mitinq və ya aksiya keçirmək istəyənlər də onlar üçün icazə verilən yerlərdə öz tədbirlərini keçirə bilərlər. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin mərkəzində belə özbaşınalıqların edilməsinə yol verilməməsi düzgün qərardır. Çünki şəhərin mərkəzi insanların rahat hərəkəti, dincəlməsi və asudə vaxtının səmərəli keçirilməsi üçündür. Bununla yanaşı, əgər sizin aksiyalara qatılıma kifayət qədər siyasi dəstəyiniz varsa, icazə verilən yerə gedin və orada sözünüzü deyin. Yoxsa şəhərin mərkəzində insanların sıx olduğu yerdə dinc şəxsləri öz ətrafınıza yığmağa cəhd etmək istəyirsinizsə, bu alınmayacaq. Qanun hər şeydən alidir".

niyameddin.jpeg (88 KB)

 

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Cəmil Həsənlini tam şəkildə ifşa edən tarixi faktlar açıqladı: “Mitinq keçirmək vətəndaşların konstitusion hüququdur, amma ölkədə mitinq əhval-ruhiyyəsi yoxdur. Kimdir hakimiyyətlə yaxından əməkdaşlıq edib və hakimiyyətə də xəyanət edən Əli Kərimliyə və ya Cəmil Həsəninin çağırışına dəstək verən?! İkisi də Elçibəyə xəyanət etmiş adamlardır. Cəmil Həsənlinin xalqın adından danışmaq haqqı yoxdur. Bu həmin Cəmil Həsənlidir ki, deputat olduğu dövrdə Prezidentə yaltaqlanmaq üçün kitabında "İlham Əliyev Qafqazda Azərbaycanı lider dövlətə çevirdi" yazırdı. Cəmil Həsənli Əli Kərimlinin parlament iclasını boykot etmək qərarına tüpürüb gedib orada oturdu. Əli Kərimli də Cəmil Həsənlini partiyadan qovdu. Cəmil Həsənli deputat seçilə bilmədikdən sonra təzədən Əli Kərimlinin yanına qayıtdı. Cəmil Həsənlinin kim olduğunu hamı yaxşı bilir. Digər tərəfdən, hər kəs xalqımız qarşısında öz məsuliyyətini dərk etməlidir. Mitinqə icazə verilsəydi belə, ora çoxsaylı insan getməyəcək. Mitinqə həm də xalqımızın ona görə marağı yoxdur ki, aksiyanın  xaricdən, ermənipərəst dairələr tərəfindən sifariş edildiyini düşünür. İndi insanları aldatmaq çox çətindir. Əli Kərimli də bizim müxalifətdəki “Paşinyan”ımızdır. Qalıb ortada, odla su arasında, hər tərəfdən təzyiq edirlər, bilmir nə etsin, oxusun, ya oxumasın. Cəmil Həsənli çox sevinər ki, Qərb Azərbaycana ən ağır sanksiyaları tətbiq etsin. Neftin qiyməti ucuzlaşanda bu adamlar sevinirdilər ki, ölkədə sosial vəziyyət ağırlaşacaq. İndi bütün ümidlərini buna bağlayıblar. Bir deputat mandatına görə Əli Kərimlini ayaqlar altına atan Cəmil Həsənlidən hər cür çağırışlar gözləyirəm. Bu adamın əsl sifətini çağırış etdiyi Qərb dairələri də bilir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

03.05.2024 08:13
2260