Sabiq deputat, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova bu günlərdə Xankəndiyə gedib.
1947-ci ildə Xankəndidə anadan olan Flora xanım uzun illərdən sonra doğma şəhərində olarkən ata ocağını ziyarət edib. 1976-cı ildən, ailə qurduqdan sonra ara-sıra, əsasən yay aylarında Xankəndidəki evlərinə gedən Flora Qasımova Musavat.com-a açıqlamasında Qarabağda separatizmin baş qaldırmasından və torpaqlarımızın işğal olunmasından sonra uzaq düşdüyü ata ocağında çox təsirləndiyini bildirib.
F.Qasımova qeyd edib ki, onun mərhum atası iki mərtəbəli, 7 otaqlı evlərini Xankəndi ilə Kərkicahan arasındakı nəhəng daşları parçalayaraq tikibmiş.
Sabiq millət vəkilinin sözlərinə görə, işğal dövründə ətrafda evlər tikən ermənilər onların həyət darvazasınadək hasarlarını çəkiblər, həyətyanı torpaqlarını da zəbt ediblər.
Dəyərli Flora xanımın bizə təqdim etdiyi kadrlardan da keçmiş millət vəkilinin necə təsirləndiyi aydın hiss olunur. Eyni zamanda Flora xanımın övladının da kadr arxasında səsi eşidilir və o, evləri ilə bağlı xatirəsini bölüşür.
Videokadrları izləyicilərimizin diqqətinə çatdırırıq.
Təsirlidir, amma Flora xanımın timsalında bütün Xankəndinin əsl sahiblərinə təbrik düşür, Xanın yurdunun əsl sahibləri qayıdır artıq, inşallah bu il ilk sakinlər Xankəndidə öz evlərinin çırağını yandıracaqlar! Bu günü görmək arzusunda olan, amma bu nisgillə dünyasını dəyişmiş Flora xanımın ata-anası, həyat yoldaşı daxil bütün dünyadan köçən insanlarımızın ruhu şad olsun!
Elşad Paşasoy,
Musavat.com