Milli Məclis üzvlərinin qış tətili başa çatıb və komitələrin iclasları başlayıb.
Yanvarın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.
Komitə sədri Tahir Mirkişili sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.
Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasın gündəliyinə komitənin 2023-cü il payız sessiyasının hesabatı, 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsi və iki qanun layihəsi daxil edilib.
Komitə sədri 2023-cü ildə ölkə üzrə müşahidə olunan iqtisadi inkişafla bağlı məlumat verib. O, ötən müddət ərzində istehsal olunan Ümumi Daxili Məhsul, inflyasiyanın səviyyəsi, dövlət büdcəsinin gəlirlərinin icrası, idxal-ixrac əməliyyatları, alternativ enerji mənbələrinin istifadəsi, bank sektorunun fəaliyyəti və digər istiqamətlərlə görülən işlərlə bağlı bəzi göstəriciləri nəzərə çatdırıb.
Tahir Mirkişili 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində Ulu öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini vurğulayaraq, məhz Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, qarşıda duran hədəflərə çatmaq üçün güclü potensiala malik olduğunu bildirib.
O, 2024-cü ilin Prezidentin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini söyləyərək, bu il Azərbaycanda mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçiriləcəyinin əhəmiyyətindən danışıb. Ətraf mühitin qorunması, “yaşıl” iqtisadiyyatın genişləndirilməsi, bununla bağlı qarşıya qoyulan məqsədlərdən söhbət açıb.
Sonra Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. O, bildirib ki, ötən sessiya ərzində komitə öz fəaliyyətini Milli Məclisin qanunvericilik planına uyğun şəkildə həyata keçirib. Qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə keçirilib, ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb.
Qeyd olunub ki, hesabat dövründə komitənin 48 iclası keçirilib, 94 məsələ, o cümlədən 38 qanun layihəsi müzakirə edilib. Komitənin iclaslarında hökumət nümayəndələri, QHT və ictimai təşkilatların təmsilçiləri iştirak ediblər. Bildirilib ki, ötən müddətdə komitədə bəzi mövcud qanunlarda edilən dəyişikliklərə, habelə yeni Rəqabət Məcəlləsinə, “Aviasiya haqqında”, “Dövlət ehtiyatları haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunlara baxılıb. Bununla yanaşı, sessiya ərzində 2024-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub və plenar iclasa təqdim olunaraq qəbul edilib. Bu müddətdə komitədə müvafiq qurumların nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda dinləmələr təşkil olunub, bir sıra görüşlər keçirilib.
Diqqətə çatdırılıb ki, payız sessiyasında mütəmadi olaraq vətəndaşların qəbulu keçirilib, onların ərizə və şikayətlərində qaldırılan məsələlərin həlli ilə bağlı lazımi addımlar atılıb. Ötən sessiyada komitəyə 58 ərizə, şikayət və müraciət daxil olub və tədbir gorülməsi üçün aidiyyəti qurumlara göndərilib. Komitəyə daxil olan ərizələrdə iqtisadi və sosial problemlərlə bağlı məsələlərə toxunulur, bəzi təkliflər verilir.
Komitənin 2023-cü il payız sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub.
Sonra Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2024-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini təqdim edib. Sənədə əsasən, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinə, mövcud qanunlarda dəyişikliklərin edilməsi haqqında, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı sənədlərə, Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabata və digər məsələlərə baxılacaq. Bununla yanaşı, komitədə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşlərin, ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.
İclasda çıxış edən komitənin sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Mahir Abbaszadə yaz sessiyasının iş planını məqbul hesab ediblər. Deputatlar sənədlə bağlı öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda komitənin 2024-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı təsdiqlənib.
Sonra komitə sədri Tahir Mikişili gündəliyə daxil edilən qanun layihələrini təqdim edib.
Bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsində təklif olunan dəyişikliklər bir sıra qanunların “Media haqqında” Qanuna uyğunlaşdırılmasının təmin edilməsini nəzərdə tutur.
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə ödənişli yol kimi müəyyən edilib. Qeyd olunub ki, qanun layihəsində ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsasları öz əksini tapıb.
Hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitədə cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə üzvləri Vahid Əhmədov, Rüfət Quliyev, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev bəzi aktual mövzularla bağlı öz fikirlərini açıqlayıblar.
Musavat.com