Milli Məclisdən Avropa Parlamentinin qətnaməsi ilə bağlı açıqlama

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı 2024-cü il 13 mart tarixli qətnaməsinə münasibət bildirib.

Musavat.com bu barədə Milli Məclisə istinadən bildirir. Rəsmi açıqlamada deyilir ki, Avropa Parlamenti 2024-cü il martın 13-də qəbul etdiyi qətnamə ilə növbəti dəfə Azərbaycana qarşı olan açıq qərəzini nümayiş etdirib. “Görünən odur ki, Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə, Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib.

Avropa Parlamentinin ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sözdə belə olsa tanımaqdan, dəstəkləməkdən inadla imtina etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin artıq riyakarlığı və ikiüzlülüyü də bir kənara qoyaraq, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir”, sənəddə deyilir.

Sənəddə deyilir ki, qətnamədə Azərbaycana qarşı səsləndirilən açıq təhdidlər və tələblər, tabutuna mismar vurulmuş separatçılara göstərilən aşkar dəstək və onları diriltmək cəhdləri, Ermənistanın şərti sərhəddəki hərbi təxribatlarının bilərəkdən görməzdən gəlinməsi, Fransanın Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan addımlarının “orduya islahat dəstəyi” kimi qələmə verilməsi və digər bir çox məqamlar məhz bunun sübutudur:

“Absurd olan başqa bir məsələ isə bundan ibarətdir ki, Avropa Parlamenti Azərbaycana qarşı bu hücumunu “sülh sazişinə ehtiyac” adı altında pərdələməyə cəhd edir. Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda tamamilə proseslərin mahiyyətinə zidd olan bu qətnamə, əksinə, “sülh sazişinə zərbə” kimi xarakterizə olunmalıdır.

Avropa Parlamentinə bildiririk ki, onun belə “dəstəyinə” qətiyyən ehtiyac yoxdur və tövsiyə edirik ki, öz “səylərini” başqa istiqamətlərə yönəltsin”.

Musavat.com

14.03.2024 15:29
630