Milli Məclis dəyişməlidir:Parlamenti daha “dişli” və təsirli orqana çevirmək lazımdır – VİDEO

“2020-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləndə insanlarda böyük ümid yaranmışdı. Həmin vaxt seçkilərdə əvvəlkilərdən fərqli olaraq, daha çox namizəd iştirak eləmişdi. 125 yer uğrunda 2500 nəfərə yaxın namizəd mübarizə aparırdı. Lakin seçki arzu olunan səviyyədə keçmədi, bir çox qanun pozuntuları ilə yadda qaldı”.

Medianews.az xəbər verir ki, bu barədə Ağ Partiyanın sədri Tural Abbaslı “TV Musavat”ın efirində bildirib.

Partiya sədri deyib ki, hazırkı parlament çoxdan buraxılmalı, yeni parlament seçkiləri keçirilməli idi: “Konstitusiyaya görə bu il noyabrın 3-də, yaxud da gələn ilin fevralında yeni parlament seçkiləri keçirilə bilər. Bizə bu seçkilərin keçirilməsi lazımdırmı? Bəli, lazımdır. Parlament dəyişməlidir. Özü də parlamentin sadəcə tərkibi deyil, fəlsəfəsi dəyişməlidir. Orada təmsil olunan deputatlara yanaşma dəyişməlidir. Milli Məclisdə YAP-çı olmayan cəmi 11 nəfər var. İqtidara müxalif olan, fərqli siyasi yanaşma ortaya qoyan isə cəmi 1 nəfər – Erkin Qədirlidir. Parlamentdə 70-ə yaxın YAP-çı deputat var. Bitərəf deputatlar da YAP-ı dəstəkləyirlər. Bu göstərici ilə demokratik dövlət idarəçiliyi uyğun deyil. Milli Məclisdə minimum 35 nəfər müxalifətçi deputat olmasa, parlamentin demokratikliyindən danışa bilmərik. Ölkədəki proseslərdə parlamentin mövcudluğu hiss olunmur”.

T.Abbaslı deyib ki, Qarabağ qələbəsinin əldə olunmasında, dövlət idarəçiliyində və siyasətində parlament yox kimidir: “Dövlət idarəçiliyində hakimiyyətin icraedici, qanunverici və məhkəmə orqanından yalnız icraedici orqan görünür. Məhkəmə sistemi də, parlament də çöküb, yox kimidir. Milli Məclisdə deputatlardan biri tələb etdi ki, nazir müzakirələrə dəvət olunsun, dərhal deputat həmkarı ona irad tutdu ki, sən kimsən nazirin adını çəkir, bura dəvət edirsən. Parlamentin Nazirlər Kabineti, o cümlədən nazirlər üzərində heç bir hökmü yoxdur. Deputatlar var ki, onların telefon zənginə nəinki nazirlər, heç icra başçıları da cavab vermir. Parlamenti daha “dişli” və təsirli orqana çevirmək lazımdır”.

Daha ətraflı videoda:

04.03.2024 14:50
828