Milli Məclis büdcəyə dəyişiklikləri təsdiqlədi

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik müzakirə edilib.

Musavat.com-un xəbərinə görə, hökumət üzvlərinin də iştirak etdiyi müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə məlumat verib.

Təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon 500 min manat, xərcləri 36 milyard 568 milyon 800,0 min manat məbləğində təsdiq edilib.

Milli Məclisin 2023-cü il üçün xərcləri də artırılıb. “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” qərar layihəsində bu məsələ əksini tapıb. Layihəyə görə, parlamentin 2023-ü il üçün xərcləri 53 milyon 244 min 109 manatdan 55 milyon 794 min 109 manata qaldırılıb.

Büdcəyə dəyişikliklər və Milli Məcliin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

E.Paşasoy,
Musavat.com

16.06.2023 13:50
513