Milli Koordinator Seyfulla Əzimov: “75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb”

Milli Məclisdəki müzakirələrdə çıxış edən daxili işlər nazirinin 1-ci müavini, Milli Koordinator Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə illik məruzəsini təqdim edərkən bir sıra faktları sadaldı. S.Əzimov bildirdi ki, 2021-ci ildə Azərbaycanda 95 nəfərin insan alveri qurbanı olduğu müəyyənləşdirilib. Nazir müavini həmin şəxslərin yaş qruplarını da sadaladı: “95 nəfərin 5-i 18-25, 59-u 25-35, 31-i isə 35 yaşdan yuxarıdır. Həmçinin, 92,8 faizi qadın, 7,2 faizi isə kişidir. 2021-ci ildə 13 nəfər insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilib”.

Milli Koordinatorun bildirdiyinə görə, ötən il ərzində küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Qeyd etdi ki, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb: “Müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı ilə bağlı yerli icra hakimiyyətinə müvafiq tədbirlər haqqında tövsiyələr göndərilib. Uşaqların sonrakı taleyi ilə bağlı addımlar atılıb”.

 E.Paşasoy,

Musavat.com

05.05.2022 11:50
1362