10 noyabr 1989-cu ildə “Yeni Müsavat” qəzetinin ilk sayı çap olunub. Yəni bu həftə “Yeni Müsavat” qəzetinin fəaliyyətə başlamasının 35 ili tamam olur. Ölkənin tanınmış siyasi, ictimai xadimləri qəzetimizi 35 illik yubiley münasibətilə təbrik etməyə başlayıblar.
Milli Məclisin deputatı Ceyhun Məmmədov 35 illik yubiley ilə bağlı ürək sözlərini Musavat.com-a bildirib:
“Hər hansı qurumun uzun müddət fəaliyyət göstərməsi üçün böyük, gərgin əmək tələb olunur. 35 il az müddət deyil. Media ağır və mürəkkəb sahədir. Bu müddətdə Azərbaycan bir çox mühüm hadisələrin şahidi oldu. Hesab edirəm ki, bu mərhələdə “Yeni Müsavat” media orqanı olaraq, Azərbaycan cəmiyyətində və mediasında hər zaman öz sözünü dedi. “Yeni Müsavat” obyektivliyin qorunması, eyni zamanda dövlətçiliklə bağlı məsələlərə həssas yanaşma sərgilədi. “Yeni Müsavat”ın fəaliyyətində ən önəmli məsələlərdən biri də peşəkar komandadır. Hər bir işdə peşəkar komanda böyük rol oynayır. “Yeni Müsavat” komandası güclü, peşəkar komandadır.
Rauf Arifoğlunun rəhbərliyi ilə fədakar komanda formalaşıb. “Yeni Müsavat” komandasının hər bir üzvünü təbrik edirəm. Bu, hər birinizin birgə əməyi və zəhmətinin nəticəsidir. İnanıram ki, bu gündən sonra da “Yeni Müsavat” Media Qrupu eyni missiyanı peşəkar formada, qəzet, sayt və TV fəaliyyəti ilə uğurla davam etdirəcək”.
Nigar HƏSƏNLİ,
Musavat.com