Millət vəkili “Yeni Müsavat” Media Qrupunu TƏBRİK ETDİ

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə “Yeni Müsavat” Media Qrupunun qurucu-baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğluna məktub ünvanlayıb.

Musavat.com-un xəbərinə görə, “Yeni Müsavat”ın 35 illik yubileyi ilə bağlı təbrik məktubunda deyilir:

“Hörmətli  Rauf bəy!

Sizi və kollektivinizi “Yeni Müsavat” qəzetinin çapa başlamasının 35 illiyi münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm!

“Yeni Müsavat” qəzeti Xalq Hərəkatının ilk aylarından ağır şərtlər altında xalqın sözünü geniş oxucu auditoriyasına çatdıran media orqanıdır. O ağır illərdə “Yeni Müsavat” bütün  çətinliklərə baxmayaraq xalqın iradəsini ifadə etdi. Qəzeti hansı çətinliklər və fədakarlıqla ərsəyə gətirdiyinizi və oxuculara çatdırdığınızı yaxşı xatırlayıram.

Azərbaycan müstəqillik əldə etdikdən sonra da “Yeni Müsavat” ölkənin ən oxunaqlı qəzetlərindən birinə çevrildi. Bu, bir tərəfdən qəzetin tutduğu xəttlə, azad sözün ifadəçisi olması ilə bağlı idisə, digər tərəfdən qəzetin əməkdaşlarının peşəkarlığı, zəhməti və ən başlıcası isə şəxsən Sizin fədakarlığınız sayəsində mümkün olub. Təqdirəlayiqdir ki, bu gün də müstəqil mediamızın ilk qaranquşlarından olan “Yeni Müsavat” media qrupu olaraq ən son xəbərləri  peşəkarlıqla oxucularına və dinləyicilərinə çatdırır.

Hörmətli Rauf bəy!

Sizin timsalınızda bütün kollektivinizi bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, hər birinizə yeni yaradıcılıq uğurları arzulayıram!”

Musavat.com

09.11.2024 16:52
479