"Microsoft yenidən Azərbaycana qayıdır. SOCAR və Microsoft arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum rəqəmsallaşma, innovasiya, İT, kibertəhlükəsizlik və s. sahələrdə əməkdaşlığı nəzərdə tutur".
Musavat.com bildirir ki, bu barədə məlumatı İT mütəxəssisi Osman Gündüz açıqlayıb.
Mütəxəssis qeyd edib ki, bu, Azərbaycanın İT və innovasiya mühiti üçün çox ciddi və əhəmiyyətli bir addımdır:
"Xatırladıram ki, ötən il Microsoft-un Azərbaycan ofisi fəalliyyətini dayandırıb və şirkətin bütün əməkdaşları işdən azad edilib.
"Microsoft Azərbaycan" bağlanandan sonra bu qurumun regional ofislərinin ETN və AzİnTelecom-la iş birliklərinin qurulması istiqamətində müəyyən addımlar atılmışdı. Amma SOCAR-la imzalanan memorandum bu qlobal şirkətin ölkəmizdəki ofisi bağlanandan sonra ilk ciddi anlaşmadır. Ümid edirəm davamlı olacaq və ölkədə rəqəmsal transformasiya proseslərinə, innovasiyaların inkişafına, kibertəhlükəsizliyin təmin edilməsinə, kadrların hazırlanmasına böyük töhfələr verəcək".
Ekspert bu memorandumun sadəcə Microsoft həllərinin və lisenziyalarının alınmasına deyil, daha böyük hədəflər müəyyən edəcəyinə ümid etdiyini bildirib. Həmçinin xatırladıb ki, Ermənistanda 2011-ci ildən Microsoft, USAİD və Ermənistan hökumətinin təşəbbüsü ilə Microsoft İnnovasiya Mərkəzi fəaliyyət göstərir.
"Bir müddət öncə SOCAR ilə “Cisco Systems Inc” arasında da rəqəmsal transformasiya sahəsində anlaşma memorandumu imzalanmışdı. SOCAR rəhbərliyi tərəfindən Microsoft-un yenidən Azərbaycana dəvət edilməsi və fəaliyyətinin təşkili, ciddi işbirliyinin yaradılması istiqamətindəki səyləri təqdirəlayiqdir", - deyə Osman Gündüz vurğulayıb.
Xalidə Gəray,
Musavat.com