MHP-də Əhməd Cavad İnistutu yaradıldı - Sabir Rüstəmxanlıdan təbrik

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının tapşırığı ilə Ankarada Əhməd Cavad adına İnstitut yaradılıb.

Qərar Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair və maarifçi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 132-ci ildönümü ilə əlaqədar qəbul edilib.

MHP-nin mərkəzi aparatının binasında fəaliyyət göstərəcək yeni struktura Partiya sədrinin baş müşaviri, professor Ruhi Ersoy rəhbərlik edəcək.

Azərbaycan Milli Məclisinin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı İnistitutun yaradılması ilə bağlı MHP sədri Dövlət Baxçalıya məktub ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir: "Sayğıdəyər Devlət bəy!

Milliyyətçi Hərəkat Partiyasında Türk dünyasının istiqlal şairi Əhməd Cavad adına “Əhməd Cavad İnistitutu” yaradılmasını böyük sevinclə qarşıladım. Turan ellərində daim “Yol ver, Türkün bayrağına” türküsüylə ruhu dolaşan böyük şairimizin adını daşıyacaq inistitutun Türk Dünyası üçün böyük işlər görəcəyinə inanıram.

Xeyirli, uğurlu olsun!

Türkiyə siyasi sistemində milli məfkurənin dönməz daşıyıcısı olaraq Sizə uğurlar arzulayıram!

Tanrı Türkü qorusun!"

30.05.2024 12:11
599