Meysərini Bavariyaya oxşadan festival – Reportaj (VİDEO)

Dünyada şərabıyla və digər içkiləri ilə məşhur olan ölkələr var: Meksika (tekila), Almaniya və Niderland (pivə), Şotlandiya (viski), Fransa (likör, brendi), İspaniya, İtaliya, Portuqaliya (şərab), Finlandiya (araq), Yaponiya (sake), Çili (ağ şərab) və sair və ilaxır.

Bu sıraya qonşulardan Gürcüstanı və Moldovanı (çaxır), Ermənistanı (konyak), Ukrayna, Rusiya və Belarusu (araq) da qatmaq olar. Azərbaycan da kənarda deyil. Sadəcə, biz indiyədək yaxşı malımızı yaxşı bazarlaya bilməmişik.

Ancaq hazırda ölkəmiz dünya standartlarına uyğun şərab və likör istehsal etmək yolunda iri addımlarla irəliləyir və yaxın illərdə adından söz etdirməyi hədəfləyir.

Bundan ötrü ölkəmizdə olduqca əlverişli təbii şərait var. Hələ 19-cu əsrin sonlarında almaniyalı şərab-konyak mütəxəssisləri ölkəmizə gələrək, Şəmkir, Tovuz, Göygöl, Füzuli rayonlarının ərazisində məskunlaşıblar və bu yerlərdə üzüm bağları salıblar. Onlar bu yerlərin əbiətinin keyfiyyətli şərab istehsalı üçün əvəzsiz olduğunu təsbit etmişdilər.

WhatsApp Image 2024-09-08 at 10.39.14.jpeg (171 KB)

İndinin özündə də ölkəmizin bir sıra ərazilərinin təbii şəraiti Fransanın Şampan və Kognak, İspaniyanın Kastiliya, Çilinin Maypo, Argentinanın Mendosa, Portuqaliyanın Doru vilayətlərinin torpağından geri qalmır. Məsələn, Şamaxı, Şəmkir, Göygöl, Ağdam, Füzuli və Cəlilabadda elə vadilər, yamaclar var ki, orada dünyanın ən keyfiyyətli şərabına material ola biləcək üzüm sortları yetişdirmək olar. Bu bökgələrdə üzümün texnoloji şirinliyinin 36 dərəcəyə (norma 18-dir) çatdığı üzüm sortları (məsələn, rekasiteli) becərmək olur. Sadəcə, bu iş üçün yüksək ixtisaslı üzümçü aqronomlar və şərabçı texnoloqlar lazımdır. Onları isə şərabçılıqda dünya standartı müəyyən etmiş ölkələrdə qısa ixtisasartırma kurslarına göndərərək hazırlamaq mümkündür.

meys-4.jpg (99 KB)

Dünən Şamaxanın Meysəri kəndində keçirilən 3-cü üzüm və şərab festivalındakı atmosfer göstərdi ki, ölkəmiz bu işə ciddi yanaşır və şərabçılığı ölkənin ixrac potensialını yüksəldən, ölkəyə xarici valyuta gətirən sahəyə çevirmək istəyir.

Şamaxı tayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin təşkil etdiyi festivalda 24 şərab brendinin istehsalçıları festivala qatılan minlərlə adama öz məhsullarını təklif edirdilər.

Meysəri kəndi avtomobillərin sıxlığı üzündən paytaxtdakı “Azneft” meydanına dönmüşdü: əməlli-başlı tıxac yaranmışdı. Festivala qatılan insanların yol kənarında saxladığı maşınlar kilometrlərcə uzanırdı. Tədbir keçirilən məkanın həndəvərində Azərbaycana gəlmiş turistləri daşıyan avtobuslar da görünürdü. Belə anlaşılırdı ki, turizm firmaları öz qonaqlarının bir gününü Şamaxıda keçirilən şərab festivalına ayırmaq qərarına gəliblər.

Əslində, bu, olduqca ağıllı addım idi. Əsasən slavyan mənşəli əcnəbi kişilər və qadınlar, qocalı, cavanlı, festivalda sözün əsl mənasında əylənirdilər. Sanki Allah onları yeyib-içib gəzmək, rəqs etmək, əylənmək üçün yaradıb. Onlar əllərində iri tutumlu qədəhlərlə şərabçıların təklif etdiyi meyləri dequstasiya edir, iaşəçilərin hazırladığı yeməklərdən yeyir, sonra gur musiqinin sədaları altında yorulmadan rəqs edirdilər. Bizimkilərdən də onlara qoşulanlar vardı - xüsusiləd gənclər. Bir təpə üstündən baxanda Meysəri kəndi adama Bavariya qəsəbələrini xatırlada bilərdi. İspanlar, almanlar, fransızlar belə festivallar təşkil edə-edə öz içkilərinə dünya şöhrəti qazandırıblar.

meys-2.jpg (96 KB)

Bu şəxslər festivalı tərk edəndə, demək olar ki, hamısının əlində bəyənib satın aldıqları şərab şüşələrini görmək olardı. Onlar bu məmulatı öz ölkələrinə aparacaq, kimlərəsə hədiyyə edəcək, öz xoş təəssüratlarını danışacaq, ölkəmizə maraq oyadacaqlar. Bu baxımdan şərab festivalının əhəmiyyəti böyükdür.

Təklif olunan şərab brendlərinə gəlincə, burada onların adlarını bir-bir çəkmək, reklam məsələləri baxımından doğru olmaz, amma elə şərab markaları var ki, təcrübəli dequstatorların dediyinə görə, dünya markalarından heç də geri qalmır – həm dadına, həm də ekoloji təmizliyinə görə.

Ancaq Hadrutda istehsal olunan “Xindoğnı” şərabının adını ona görə qeyd etmək lazımdır ki, bu şərab növünün istehsalına yeni başlanılıb. Bu Tuğ kəndində yetişən “Xindoğnı” üzüm sortundan hazırlanan şərabdır və gələcəkdə ölkəmizin üzünü xarici ölkələrdə ağardan beş məhsuldan biri olacağı gözlənilir.

WhatsApp Image 2024-09-08 at 10.39.29.jpeg (318 KB)

Sonda şərab haqqında geniş yayılmış bir söhbəti yazıya almaq faydalı olar. Deyilənə görə, Avropada ürək xəstəliklərinin ən az olduğu ölkə Fransadır və bunun əsas səbəbi odur ki, fransızlar ət yeməklərini mütləq bir qədəh qırmızı şərabın müşayiəti ilə yeyirlər.

Burada açar söz “bir qədəh”dir. Şəraba və digər spirtli içkilərə aludəçilik heç də yaxşı nəticələr vermir. Tibb elmi əndazəsini aşan içki aludəçiliyinin ziyanlarını çoxdan sübut edib. Elə dünyadakı üç dünyəvi, eləcə də monotetnik dinlərin heç biri şərabı tövsiyə etmir. O, sadəcə, qədərində faydalı ola bilər.
Ölkə iqtisadiyyatı üçün isə şərabçılığın əvəzi yoxdur: bu tükənməyən, qiyməti və kəmiyyəti hər il arta biləcək bir sərvətdir.

P.S. Festival bu gün də davam edəcək - həmin ünvanda, Şamaxının Meysəri kəndində.

Musavat.com

08.09.2024 10:00
1971