“Metsamor” AES-i söküb yerində bunu tikmək istəyirlər

Amerika şirkətinin Ermənistana dəyəri milyardlarla ölçülən investisiya fəaliyyətini gerçəkləşdirməsi ağlabatan deyil

Eməni mediası yazır ki, Amerika Ermənistanda kiçik nüvə reaktorlu atom elektrik stansiyası tikmək istəyir. Layihənin təşəbbüskarının isə Amerikanın “NuScale Power” şirkəti olduğu bildirilir. Rusiyanın “enerji köləliyindən” qurtulmaq üçün Ermənistanın SSRİ zamanı tikilmiş “Metsamor” AES-dən Amerikanın xeyrinə imtina edə biləcəyi haqda iddialar yeni deyil.

“Yeni Müsavat” xatırladır ki, bir müddət əvvəl Rusiyanın vzqlyad.ru saytı bu barədə sensasion məqalə də dərc etmişdi. Bildirilirdi ki, ABŞ-ın bu niyyəti təkcə texnoloji deyil, həm də regionda siyasi məqsədlər güdür. “Amerika hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının koordinatoru Mariya Lonqi ABŞ Konqresində keçirilən dinləmələrdə planın ümumi konturlarını açıq şəkildə bəyan edib. Lonqi deyib ki, ABŞ bir sıra ölkələrdə, o cümlədən Ermənistanda Amerika texnologiyasından istifadə etməklə kiçik modul nüvə reaktorları texnologiyasının quraşdırılmasını təbliğ edir.

Bu isə İrəvanın həm Rusiya, həm də Çindən enerji asılılığından xilas olması ilə nəticələnə bilər", - deyə sayt yazırdı. ABŞ-da kiçik modul reaktorların iki əsas növü üzərində iş aparılır: Natrium (Bill Qeyts tərəfindən startap) və Holtec-in SMR-160 (160 meqavat) təzyiqli su reaktoru. Sırf texniki səbəblərdən Natrium nə Ermənistana, nə də Orta Asiyaya çatdırıla bilməz. Çünki bu sürətli reaktorda yüksək zənginləşdirilmiş urandan istifadə edilir. Məlumatlara görə, indiyə qədər 18 ölkədə 80-dən çox buna bənzər layihələrə 100 milyard dollardan çox vəsait xərclənməsinə baxmayaraq, belə kiçik modul reaktorlardan heç biri kommersiya məqsədli istifadə mərhələsinə qədər gəlib çata bilməyib. Ekspertlərə görə, bu layihənin yenidən gündəmə gətirilməsi Azərbaycan-ABŞ münasibətlərinin bugünkü vəziyyətində imitasiya da ola bilər. Çünki hansısa bir Amerika şirkətinin Ermənistana dəyəri milyardlarla ölçülə bilən investisiya fəaliyyətini gerçəkləşdirməsi ağlabatan deyil.

Eləcə də Arazdəyəndə metallurgiya zavodu tikilməsini qeyd etmək olar. Amerikalıların bu projesi başlayanda Bakının haqlı tələbləri nəticəsində zavodun başqa ərazidə tikilməsi qərarına gəlindi. İndi də bəlli deyil ki, ABŞ həqiqətən bu zavodu inşa edir, ya yox...

Ümumiyyətlə, “Metsamor” AES Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükəyə çevrilib. İstifadə müddəti bitsə də, hələ də fəaliyyət göstərən AES-lə bağlı Azərbaycan, eləcə də bir çox ölkələr dəfələrlə narazılıqlarını bildiriblər. Narahatlıq doğuran əsas faktlardan biri isə odur ki, “Metsamor” 11 ballıq zəlzələ riski olan zonada yerləşir. Mərakeşin “Agora” xəbər portalı yazmışdı ki, “Metsamor” AES-in kimyəvi tullantıları torpağı və suyu zəhərləyir. “Metsamor” ətrafında digər problemlər reaktiv və nüvə materiallarının qaçaqmalçılığı, nüvə tullantılarının qeyri-qanuni daşınmasıdır.

Qorxmaz İbrahimli: “Suyun vətəndaşa maya dəyərindən aşağı satılması doğru  deyil”

Qorxmaz İbrahimli

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli “Yeni Müsavat”a bildirdi ki, Ermənistan aktiv tektonik zonada yerləşir. Onun sözlərinə görə, bu ərazidə AES yerləşməsi təhlükəlidir. Ekoloq bu baxımdan istisna etmir ki, bu da hər an baş verə biləcək zəlzələ nəticəsində regiona böyük risk yaradır: ""Metsamor" keçmiş sovet texnologiyası ilə tikilib. Sovet tikintisi olan bir AES partlayışı olub və bu günə qədər də onun bütün keçmiş sovet respublikalarına zərəri davam etməkdədir. Sadəcə, Rusiya-Ermənistan münasibətləri gərginləşdiyi üçün bu məsələlər indi meydana çıxmaqdadır. Ona görə amerikalılar yeni AES tikmək istəyindədirlər. Açığı, bunun reallaşacağına hələ inanmıram. Sadəcə, məqsəd Ermənistanı gərginlik ocağı kimi saxlamaqdır". Q.İbrahimlinin fikrincə, yeni atom elektrik stansiyası tikilməsi yaxında görünmür: “Amma bu məsələlərə biganə də qala bilmərik. Azərbaycan və region dövlətləri münasibət bildirməlidirlər. Çünki hər hansı sızma Cənubi Qafqaza, İrana, Türkiyəyə zərər vura bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

24.11.2023 09:45
1106