Məşhurların qarşısında sovet liderinə ana söyüşü söyən İvan – Xruşşov bu təhqiri zarafat kimi qəbul edib

 

Nikita Xruşşov mədəniyyət və incəsənət xadimlərinə, yazıçı və şairlərə xüsusi bir diqqət ayırmasa da, o, ildə bir dəfə bu sahənin tanınmışlarını öz bağına dəvət edib, onların şərəfinə ziyafət verib. Sovet lideri bununla heç də onlara diqqət və qayğı göstərdiyini nümayiş etdirmək istəməyib. Sadəcə belə  görüşlərdə Xruşşov məşhurlara ölkənin birinci şəxsi olduğunu bir daha anlatmaq istəyib. Ən maraqlı məqam isə odur ki, Xruşşov bu görüşlərdə hamıdan çox danışıb, anlayışı olmayan bir sahə haqqında peşəkarlara mühazirə oxuyub.

Belə görüşlərdən biri də 1958-ci ilin avqust ayında keçirilib. Həmin vaxt Xruşşov Krımda məzuniyyətdə olub, Qara dəniz sahilindəki Livadiyski sarayında istirahət edib. Xruşşova məlumat veriblər ki, dünya şöhrətli amerikalı müğənni və aktyor Pol Robson Moskvada səfərdədir. Xruşşov məşhur amerikalı ilə görüşə maraq göstərib. Kremlə qərara alınıb ki, Livadiyski sarayında Xruşşovun mədəniyyət və incəsənət xadimləri ilə ənənəvi görüşü təşkil edilsin və bu görüşə Pol Robson da dəvət olunsun.

Amerikalı məşhuru Krımda böyük təntənə ilə qarşılayıblar. Qarşılayanlar arasında ilk sırada dayanan SSRİ xalq artisti İvan Pereverzev isə nəhəng fiziki görünüşü ilə Pobsonun diqqətini çəkib. O, Pereverzevə yaxınlaşaraq ona əl uzadıb:

-Mən Pol Robsonam, müğənni və aktyor.

Pereverzev özünü daha sadə təqdim edib:

-Mənim adım İvandır.

1333451146-1.jpg (104 KB)

Onlar sonra daha yaxından tanış olublar. Hər ikisi incəsənət adamı olduğundan aralarında xoş münasibət yaranıb. Pobson onu müşayiət edənlərə bildirib ki, sərbəst gəzintiyə çıxmaq istəyir və o, Pereverzevlə birlikdə izdihamdan ayrılıb. Bir neçə saatdan sonra isə onlar Livadiyski sarayında təşkil edilən görüşə birlikdə gediblər.

Beləliklə, qonaqlar hamısı saraya yığışıb. Sonda Nikita Xruşşov təşrif buyurub. O, sarayda olanlarla görüşə-görüşə Pol Pobsona tərəf istiqamət alıb. Pobsonla Xruşşov arasında 5-10 addım qalanda İvan Pereverzev Pol Robsonun qoluna girərək başqa səmtə çəkib. Əvvəlcə Xruşşov elə düşünüb ki, özünü çox sərbəst aparan qonaq onu tanımayıb.

Bir az keçdikdən sonra qonaqlarla söhbət edən Xruşşov növbəti dəfə Pol Robsona yaxınlaşmaq qərarına gəlib. Bu dəfə də arada 5-10 metr məsafə qalanda İvan Pereverzev yenə də Robsonun qoluna girərək onu başqa səmtə yönəldib.

Xruşşov hiss edib ki, şəxsən tanıdığı İvan Pereverzev bunu qəsdən edir və çox pərt vəziyyətə düşüb. Çünki saraydakıların hamısı bilib ki, Xruşşov bu qəbulu Pol Robsonin şərəfinə təşkil edib və onlar bu təntənədə görüşməlidirlər.

Xruşşov üçüncü dəfə amerikalı qonağa yaxınlaşanda İvan Pereverzev yenə də onu uzaqlaşdırmağa cəhd edib. Amma bu dəfə Xruşşov addımlarını sürətləndirərək hədəfinə yetişib. Pereverzev özünü qabağa verərək Xruşşova öz “məqsəd”ini açıq şəkildə bəyan edib:

-Nikita Segeyeviç, istirahətimizə mane olmayın, uzaqlaşın bizdən.

Daha sonra o, fikrini daha kobud şəkildə ifadə edib və Xruşşova ana söyüşü də söyüb.

Şok vəziyyətinə düşən Xruşşov bu həyasızlığa necə cavab verəcəyini ağlına belə gətirə bilməyib. Söhbətin nədən getdiyini anlamayan Pol Robson nəhayət, onu anlayıb ki, qarşısında dayanan SSRİ-nin rəhbəri Nikita Xruşşovdur və o, böyük nəzakətlə əlini ona uzadıb.

Поль-Робсон-1.jpg (48 KB)

Sonradan məlum olub ki, iki aktyor Livadiyski sarayına gələnə qədər yaxşıca “vurub”lar, sovet aktyoru amerikalı həmkarına rus arağının “gücünü” göstərib. Yaradıcılıqdan söhbət edən iki məşhur üçün siyasət və Xruşşov çox maraqsız görünüb, o cümlədən elə həmin təntənəli ziyafət də. Bax, elə buna görə kefi saz olan İvan Pereverzev Xruşşovun anasını söyərək onu “lazım” olan yerə göndərib.

Bu görüşdən sonra Kreml məmurları elə düşünüb ki, Nikita Xruşşov İvan Pereverzevi ən sərt cəzalara məhkum edəcək. Amma Xruşşov bu təhqiri zarafat kimi qəbul edib:

-İvan, sən söyüş söyməyi heç vaxt tərgitməyəcəksən. Amma bu dəfə mənə söyən sən deyildin, sənin qarnındakı rus arağı idi.

İlham Cəmiloğlu, Musavat.com



19.05.2024 14:26
1729