Məşhurlara xərclənən milyonlar – Bakıya kimlər gəlib, kimlər nə qədər aparıb?

Türkiyəli məşhur müğənni Ebru Gündəşin Şəmkirə sünnət toya gətirilməsi və ona 250 min dollar qonorar ödənilməsi xəbəri ölkə gündəmini elə zəbt etdi ki, dünən milli mediada ən çox oxunan, izlənən xəbər məhz o idi.

Məşhur ulduzların Bakıya, Şəkiyə, Şəmkirə, Qəbələyə gətirilməsi adi hal olduğundan, daha çox insan onlara ödənilən qonorarın böyüklüyünə heyrətlənirlər və bunu lazımsız israfçılıq, mənasız bəhsləşmə (“filankəs Silanı gətirib, mən Ebrunu gətirəcəm”), özünü camaata göstərmə aktı sayırlar.

1131180.jpg (31 KB)

Amma bu yeni söhbət deyil. Ölkəmizin sonradan çox pul görən vəzifə və iş adamları həmişə çalışırlar ki, məhz belə şeylərlə gündəmə gəlsinlər, məşhur sənətçilərin onların toylarında iştirak etməsi ilə toy daha möhtəşəm, daha təmtəraqlı olsun.

Elə də olur. Rəsmi qəzetlər istisna olmaqla ölkədə bu barədə yazmayan qəzet, sayt qalmır.

İnternet resurslarında yüngülvari axtarış aparmaqla bu tendensiyaya dair çoxlu xəbər, video tapmaq olar.

Məsələn bu cür:

xosse.jpg (88 KB)

“Dünən "Buta Palace”də möhtəşəm toy mərasimi keçirilib. Toyda Xose Karreras, Bruno Mars, Valeri Meladze kimi dünya ulduzları, azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov iştirak edib. Toyun səbəbkarları Fərid Əlizadə və xanımı olub. Bəyin tanınmış iş adamı olduğu bildirilir. Dəbdəbəli mərasimin aparıcısı isə rusiyalı müğənni və şoumen İvan Urqant olub. "Buta Palace”ni bu toy üçün 1 ay ərzində bəzəyiblər”.

Böyük ehtimalla təkcə xaricdən gələn “ulduz”lara böyük məbləğdə qonorar ödənilib (başqa cür mümkün deyil). Hərçənd nə konkret rəqəm səslənib, nə də iş adamı Əlizadənin hansı işin adamı olduğu bildirilir.

Daha bir xəbər: “Paytaxtdakı məşhur restoranlardan birində baş tutan toyda bir çox şou-biznes nümayəndəsi iştirak edib. Məclisdə Rusiyanın əfsanəvi ulduzu Alla Puqaçovanın müğənni qızı Kristina Orbakayte, xalq artisti Aygün Kazımova, gürcü müğənni Dato da çıxış ediblər”.

b411e8638f1259bab7027fbd6f9342f8screenshot_20230618_112628_gallery-jpg.jpg (73 KB)

Bu, bir qədər təvazökar toy olub. Görünür, toyun yiyəsi “köhnələr”dəndir, əslində Alla Puqaçovanın özünü gətirmək istəyib, amma qızını gətirə bilib. Eybi yox, “anasına bax, qızını al” deyimi burada da keçərlidir.

Belə bir xəbər də var: “İqlesias və rusiyalı ulduzlar Bakıda toyda - video+fotolar”
.
Xəbərdə deyilir: “Dünyaca məşhur ulduz Xulio İqlesias Bakıda toy məclisinə qatılıb. Dəbdəbəli toy mərasimi Şüvəlanda baş tutub. Cütlüyü təbrik etməyə gələnlər arasında rusiyalı müğənnilər Leonid Aqutin və Anjelika Varum da olub. Gecənin idarə edilməsi məşhur rusiyalı aparıcı İvan Urqanta həvalə olunub”.

Bundan öncəki xəbərdə də Urqantın aparıcı olması qeydi ondan xəbər verir ki, adam ölkəyə dadanıbmış.

muradb.jpg (69 KB)

“Murad Bozun yarım milyona gəldiyi toy kimindir?” sualı olan başlıqla oxucunun diqqətini çəkən xəbərdə toy yiyəsinin kim olduğu geniş ictimaiyyətə bəlli olmasa da, toyda “ulduz” bol olub: Murad Boz, Fərhad Köçər, Leonid Aqutin...

Təkcə Murad Boz həmin toydan 400 min dollar qazanıb. Fərhad Köçər ondan “əskik oğlan olmadığı üçün” ən azı 200 min dollar da o qazanmış olar.

Evlənənlərin özlərinin adı çəkilsə də, valideynlərinin kimliyi ilə bağlı məlumat verilmir. Hətta, toya dəvət olunan məşhurlara bu barədə xəbərdarlıq edilib. Hər halda, bu da təvazökarlıq əlamətidir. Adam istəyir ki, toyu təmtəraqlı olsun, səs-küyü hər yana yayılsın, amma adı çəkilməsin.

11259854.jpg (230 KB)

“Sibel Canla Abbas Bağırov Bakıda dəbdəbəli toyda – VİDEO” başlıqlı xəbərdə deyilir ki, məşhur ulduz Sibel Can növbəti dəfə Bakıya gəlib. (Belə anlaşılır ki, Sibel bir müddət əvvəl Bakıya bir dəfə də gəlibmiş).

Sənətçi dəbdəbəli restoranların birində (yəqin reklam olmasın deyə iaşə müəssisənin adı çəkimir) baş tutan toy məclisində çıxış edib. Sibel Canla eyni səhnəni isə Abbas Bağırov paylaşıb. Müğənnilər məclisdə dillərdə əzbəri olan "Sən gəlməz oldun" nəğməsini duet şəklində ifa ediblər.

“Bakıda daha bir möhtəşəm toy - Dünya ulduzları gəlirlər” başlıqlı xəbərdə məclisə fransalı müğənni İnqrid, ukraynalı ulduzlar Anna və Maria, türkiyəli məşhurlar Fərhad Göçer, Bengü, Mustafa Ceceli dəvət olunduqları bildirilir.

1682838552_sfdsfhshs.jpg (94 KB)

“Dünya ulduzları Bakıda toya gəldi” başlıqlı xəbərdə qeyd olunur ki, məşhur simalar Bakıda toya gəliblər. Toyun sahibinin adı qeyd olunmur. Amma şənlikdə iştirak edən məşhur müğənnilər barədə məlumat verirlir: Nikolay Baskov, Andro Dragon, Sıla Gencoğlu və Alabina…

“Məşhur ulduzlar Bakıda iş adamının oğlunun toyunda” başlıqlı məqalədə xəbər verilir ki, məşhur azərbaycanlı biznesmen Hikmət Hüseynovun oğlu Ramilin toyu Bakıda dəbdəbəli restoranların birində keçirilib və dünyaca məşhur sənətçilər də iştirak edib (italyan sənətçi Adriano Çelentano, Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jah Xalib).

telman-şakira.JPG (33 KB)

Bu məsələdə hamıdan ötə Rusiyada yaşayan həmvətənimiz Telman İsmayılov idi. O, eyzən ulduzlarla oturub-dururdu. Rus estradasının ulduzları onun adi şənliklərini rövnəqləndirirdi, bir az təmtəraqlılara isə ABŞ-dan, Avropadan “ulduz” gətirirdi. Bu büsatı sərgiləyən videolar var. Lentdən görünür ki, Telman məşhur futbolçu Pikenin keçmiş həyat yoldaşı Şakira ilə elə davranır ki, sanki 11-ci sinifdə oxuyanda bir partada oturublar.

T.İsmayılovun Antalyada inşa etdirdiyi, Avropanın ən dəbdəbəli 7 ulduzlu oteli sayılan, təxminən 1 milyard dollara başa gələn “Mardan palas”ın açılışına isə xeyli ulduz dəvət edilmişdi: Maria Kari, Riçard Gir, Şaron Stoun, Monika Belluci, Tom Cons və başqaları…

Bu trend davam edəcək. Məşhur müğənnilər öz şöhrətlərinə görə böyük pullar qazanacaqlar, pullu adamlar cəmiyyətdən fərqlənmək üçün mənasız yerə böyük pullar xərcləyəcəklər. Ona görə mənasız ki, 3-4 gündən sonra həmin toy da, toya gələnlər də yaddan çıxır, əldə bir şəkillər qalır, bir də videolar.

Musavat.com

06.07.2023 10:30
2225