Məşhur marmeladlarda narkotik aşkarlanması xəbərinə rəsmi REAKSİYA-"Narahatlığa əsas yoxdur"

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Musavat.com-a aşağıdakıları bildirib:

"Bəzi xəbər saytlarında Niderlandda "Haribo" marmeladlarında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb. Bu səbəbdən həmin məhsul partiyasının Niderlandda satışının qadağan edilməsi və geri çağrılması ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb. Bildirilir ki, uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı heç bir narahatlığa əsas yoxdur".

***

"Haribo" şirkəti Hollandiyada satışda olan bəzi marmeladlarında narkotik maddə - çətənə aşkar edilib.

Milli.Az xəbər verir ki, Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsinin (NVWA) məlumatına görə, 1 kiloqramlıq üç paketdən yemiş bir neçə nəfər, o cümlədən uşaqlar, başgicəllənmə və narahatlıq hissi kimi sağlamlıq şikayətləri ilə üzləşib.

Rəsmi açıqlamaya əsasən, maddənin konfetə necə düşdüyü hələlik məlum deyil. Məsələ ilə bağlı polis araşdırma aparır. Hollandiya polisi şərqdəki Tvente bölgəsində yaşayan bir cütlüyün şikayətindən sonra həmin məhsulu məhkəmə-tibbi ekspertizaya göndərib və nəticədə konfetdə kannabis izləri aşkar olunub.

NVWA və polis bu hadisənin arxasında narkotik qaçaqmalçılarının ola biləcəyini ehtimal edir. Məlumata görə, bəzi hallarda qaçaqmalçılar uşaq şirniyyatlarından örtük kimi istifadə edərək onların içərisinə THC yeridirlər.

30.05.2025 13:01
908