Məşhur kardioloq insanlara nə tövsiyə etdi – STM-nin rəhbəri ilə maraqlı söhbət

Son vaxtlar mediadan, sosial şəbəkələrdən Sumqayıt Tibb Mərkəzinə (STM) aid xəstəxanaların sözün əsl mənasında yaxşı soraqlarını eşidirik, oxuyuruq. Diqqətçəkən məqamlardan biri də bir çox məşhur, uzman, xaricdə təhsil almış həkimin STM-də fəaliyyətə başlamasıdır.
Hansı ki, əvvəllər Sumqayıt sakinləri daha çox Bakıdakı xəstəxanalara gəlirdilər, çünki orada şərait, tibbi personal baxımından vəziyyət heç də ürəkaçan deyildi. İndi isə vəziyyət fərqlidir.

Bu yaxınlarda öz müayinə və müalicəmiz üçün Sumqayıtda xəstəxanalarda olarkən ciddi dəyişiklərin şahidi oldum. Həm müasir avadanlıqlarla təminat, həm icbari tibbi sığortanın çox sadə mexanizmlə tətbiqi, həm də xeyli yenilənmiş tibbi personal baxımından uğurlu işlər görülüb.
Sumqayıt Tibb Mərkəzində olarkən STM-nin direktoru Elnur Azadxanovla rastlaşarkən müsahibə xahişimizə də yox demədi.

Dosye:

Elnur Azadxanov 1976-cı ildə Cəlilabad rayonunun Prişib (indiki Göytəpə) şəhərində doğulub.
O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2006-ci ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Kardiologiya ixtisası üzrə klinik ordinaturanı bitirib, 2010-cu ildə Türkiyə Cümhuriyyəti Fırat Universiteti Tibb Fakültəsinin “Kardiyoloji Araştırma ve Uygulama Merkezi”ndə invaziv kardiologiya üzrə ixtisaslaşma təhsili alıb.
Mərkəzin yeni direktoru 2000-2002-ci illərdə Tərtər-Ağdərə istiqamətində “N” saylı hərbi hissədə həkim kimi hərbi xidmətdə olub. 2003-2005-ci illərdə Cəlilabad rayonunun Göytəpə şəhərindəki Uşaq Xəstəxanasında həkim-pediatr, 2007-2011-ci illərdə Göytəpə şəhərindəki xəstəxanada həkim-terapevt, 2011-2020-ci illərdə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində Poliklinika şöbəsinin müdiri, həkim-kardioloq vəzifəsində çalışıb.
O, 2020-ci ilin fevral ayında Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru, mart ayında isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb. 2024-cü ilin yanvarında isə STM-ə direktor təyin edilib.

E.Azadxanov Prezident İlham Əliyevin 2021-ci il 18 iyun 2693 nömrəli sərəncamı ilə “Tərəqqi" medalı ilə təltif edilib.
Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.

- Elnur həkim, tibb mərkəzləri formatı yenidir. Bunun üstünlükləri nədir?


- Tibb Mərkəzlərinin yaradılmasında məqsəd mərkəzləşdirilmiş qaydada idarəetmə prinsipinin tətbiqidir. Bu format qərarların verilməsində operativliyin təmin olunmasını, bir mərkəzin nəzdində xəstəxanaların fəaliyyətinin birləşdirilməsini, koordinasiyanın doğru qurulmasını, xəstəxanalar arasında göndərişlərin bir mərkəzdən idarə olunmasını ehtiva edir. Bu prinsip mərkəzlərdə qərarların vahid protokol üzrə verilməsinə, daha operativ, konstruktiv addımların atılmasına səbəb olur.
Eyni zamanda xidmətin daha əlçatan edilməsi məqsədini daşıyır. Koordinasiya bir mərkəzdən idarə olunduqda daha effektiv nəticələr əldə olunur.
Məsələn, bir xəstəxanaya daxil olan xəstə ilə bağlı digər xəstəxanadakı həkim mütəxəssislə konsultasiya olunmasına, yaxud pasiyentin operativ şəkildə digər uyğun xəstəxanaya operativ köçürülməsinə nail olunur. Öncələr - xəstəxanalar ayrı-ayrı idarəetmədə olanda neqativlər baş verirdi. Kimlərinsə xəstə köçürülməsində maraqlı olmaması da baş verirdi, ləngimə də ola bilirdi və s. Ancaq indi vahid mərkəzdən tapşırıq verilir və dərhal koordinasiya yaradılır, adekvat proses həyata keçirilir. Yəni artıq operativ köçürülmə, konsultasiya üçün digər xəstəxanadan rədd cavabı verilə bilməz. Nəticə etibarı ilə bu, insan həyatını xilas etməyə hesablanıb. Səmavi kitablarda da qeyd edilir, bir insanın həyatını qurtarmaq kainatı qurtarmaq deməkdir, bir insanın ölümü kainatın ölümüdür.

 - Doktor, Sumqayıt Tibb Mərkəzinin strukturu haqda məlumat istərdim.

- Mərkəzimizin nəzdində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir.
Sumqayıt Tibb Mərkəzi 110 min uşaq əhalisi olmaqla ümumilikdə 430 minə yaxın şəhər əhalisinə tibbi xidmət göstərir.
Sumqayıt Tibb Mərkəzində 4200-ə yaxın işçi çalışır.
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan tibb müəssisələrində gündəlik xidmət sayı 15-20 min arası dəyişir.
Ümumiyyətlə, bu gün ölkəmizin tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqinin uğurlu nəticələrini görməkdəyik. Vətəndaşlara tibbi sığorta mürəkkəb ürək-damar cərrahiyyəsi, digər bahalı, tibbi məsrəfi yüksək olan xidmətlər, orqan transplantasiyası, koxlear implant əməliyyatları xidməti göstərilir.

- İnfrastruktur və maddi-texniki baxımından tibb müəssisələrinin hazırkı vəziyyəti necədir?

- Əsas yeniliklərdən biri tibb müəssisələrində İKT (informasiya kommunikasiya texnologiyaları) infrastrukturunun qurulması və tibbi məlumatların elektronlaşmasıdır. Əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı artırıldı və ilkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədi ilə ailə sağlamlıq mərkəzləri yaradıldı. Bütün xəstəxanalarda təcili yardım şöbələri yenidən quruldu. Maddi texniki bazaya gəlincə, yenə də icbari tibbi sığortanın tətbiqindən sonra ölkədə sürətlə bu sahədə mühüm tədbirlər həyata keçirilir. Nəinki paytaxtda və Sumqayıtda, bütün bölgələrdə tibbin son nailiyyətlərindən istifadə olunmaqdadır. Ən müasir KT, MRT cihazları, laboratoriyalar quruldu.

- Konkret Sumqayıt Tibb Mərkəzində nə işlər görülüb?

- Bu gün müasir təbabətin ümdə vəzifəsi, təməli düzgün diaqnostikadır. Müəyyən xəstəliklərin dəqiq diaqnozunun qoyulması üçün kliniki, biokimyəvi laboratoriyalar, funksional, instrumental diaqnostikalar tələb olunur. Cənab Prezidentin tapşırığı ilə bu istiqamətdə qarşıya qoyulan tələblər yerinə yetirilir. Dünyada 5 səviyyə laboratoriyalar var. Bu gün ölkəmizdə TƏBİB tabeli xəstəxanaların əksəri 4-cü səviyyəli laboratoriya ilə təchiz edilib. Buradakı cihazlar öz sinfinin ən son modelləridir. Proseslər qeyd etdiyim kimi, tam avtomatlaşdırılıb. Sumqayıt Tibb Mərkəzində laboratoriyalar fəaliyyət göstərir.


sum tib.jpg (218 KB)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 800-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq aparılır. Laboratoriyalarda gündəlik 5000-dən yuxarı analiz aparılır.
Ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan laborator xidmətləri tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilirlər.

Mərkəz maddi-texniki bazanın gücləndirilməsi məqsədilə 300-dən çox yeni tibbi avadanlıqla təchiz edilib. Bura KT, MRT, C-qollu rentgen, Fako cihazı (kataraktanın lazerlə aradan qaldırılması), A-B skan (göz almasının ultrasəs müayinəsi) və digər cihazlar aiddir. Perinatal Mərkəzdə daha öncə icra olunmayan - laporoskopik ginekoloji, neonatal cərrahi, uşaqlarda isə laporoskopik və neyrocərrahi əməliyyatlar icra olunur.

emeliyyat.jpg (318 KB)

Bütün bu görülən tədbirlər tibbi xidmətlərin əlçatanlığının təminatına və keyfiyyətin artmasına yönəlib. Xəstəxanaların təmiri də sürətlə davam etməkdədir.
Mərkəzin tabeliyində olan 2 nömrəli Xəstəxana yenidən tikilib. Beşmərtəbəli, 165 çarpayılı xəstəxana vətəndaşlara həm ambulator, həm də stasionar şəkildə xidmət göstərir. Müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş xəstəxana şəhər sakinlərinin xidmətindədir.
Digər uğurlardan biri də həkimlərin maddi, həyat səviyyəsinin yaxşılaşdırılması, əmək haqlarının dəfələrlə qalxması, bonus sisteminin tətbiqidir.

- Həkimlərin icbari sığorta, bonus sisteminə reaksiyaları necədir?

- Fakt bundan ibarətdir ki, əgər həkimlərimiz əvvəllər özəl klinikalara üz tuturdularsa, son dövrlər əks proses baş verir. Tanınmış, uzman həkimlər özəl kilinikalardan dövlət müəssisələrinə gəlirlər.

- Nümunələr göstərə bilərikmi?

- Onlarla nümunə göstərə bilərəm. Hər həftə artıq bu prosesin şahidi oluruq. STM-də hazırda uzmanlıq proqramını xaricdə keçmiş, xaricdə təhsil almış 7 peşəkar həkim cəlb olunub.Mənim burada direktor olduğum, fəaliyyətim dövründə xaricdə təhsil almış, eləcə də ordinatura təhsilli  20 həkim Sumqayıt Tibb Mərkəzinə aid xəstəxanalarda işlə təmin olunub.

- Kimlərdir onlar?

- Moskvada uzun illər göz xəstəlikləri sahəsi üzrə çalışmış oftalmoloq cərrah, tibb elmləri doktoru, professor Sevinc Əsgərova STM-nin 2 nömrəli Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri təyin olunub. Həmin şöbədə digər uzman həkim Rəsul Dadayev fəaliyyətə başlayıb.
Bundan başqa, Türkiyə məzunu, uroloq Tural Balayev, uşaq cərrahiyyəsi üzrə uzman Araz Hüseynov bizim mərkəzimizin həkimləridir. Araz həkim 1-2 günlük uşaqlar üzərində mürəkkəb cərrahi əməliyyatlar aparır. Uzman pediatr Günay Quliyeva da STM-i seçib. Bununla yanaşı ölkənin ixtisaslı uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov da mərkəzimizdə fəaliyyət göstərir. Hazırda mərkəzimizə aid xəstəxanada çalışmaq üçün uzman kardioloqdan müraciət var, yaxın vaxtlarda bu da təsdiqlənəcək.
Ümumən, apardığımız işlər nəticəsində kadr potensialımız güclənməkdədir.

- Elnur həkim, bu gün Sumqayıt sakinləri bütün cihaz və laborator müayinələri yüksək səviyyədə öz şəhərindəki xəstəxanalarda ala bilirmi? Bu şərait tam yaradılıbmı?

- Sumqayıt Tibb Mərkəzi tərəfindən göstərilən tibbi xidmətlər sırasına 198 yeni xidmət də əlavə edilib.
Mərkəzimizin xəstəxanalarında neyrocərrahi əməliyyatlar, uroloji əməliyyatlar, artroskopik əməliyyatlar, oynaqların endoprotez əməliyyatları, travmatoloji əməliyyatlar, göz əməliyyatları, LOR əməliyyatları, qarın boşluğunda böyük həcmli mürəkkəb əməliyyatlar, yenidoğulmuşlar üzrərində həyata keçirilən mürəkkəb əməliyyatlar, laporoskopik əməliyyatlar və ginekoloji əməliyyatlar icra olunur. Dəyəri baha olan əməliyyatlar əlçatandır. Yeni tibbi xidmətin - birgünlük cərrahiyyəni də misal çəkə bilərəm.

1..jpg (104 KB)
Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. Belə ki, laporoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması kimi yeniliklər sayəsində pasiyentlərə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq.
Digər yeni xidmətimiz isə endoprotez əməliyyatlarının icrasıdır. İyundan icra edilən əməliyyatların sayı 20-ni ötüb. Nəinki, Sumqayıtdan, hətta regionlardan da vətəndaşlarımız əməliyyat olunmaq üçün mərkəzimizə üz tuturlar. Yeni xidmətlərimiz sırasına Kontrast KT, EMQ, EEG, TREDMİL, HOLTER testini də əlavə edə bilərəm.
Bu ilin 9 ayı ərzində ümumilikdə 18 mindən çox əməliyyat icra edilib. Bu isə günlük orta hesabla 70 əməliyyat deməkdir. Radioloji xidmətlərə (MRT, KT, USM, rentgen) gəldikdə yanvar-sentyabr aylarında 246 mindən çox sayda xidmət həyata keçirilib.

-Xidmət əlçatanlığı, səviyyəsi də maraqlıdır...

- Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi sahəsində addımlar atılır.
Sumqayıt Tibb Mərkəzində ilk 9 ay ərzində xidmət sayı artıb. Bu ilin ilk 9 ayı ərzində 4 milyon 739 min 994 xidmət göstərilib.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizdən çoxdur. İnsanların məmnuniyyəti isə yüksəkdir. Neqativlər, şikayətlər çox az, hətta bəzi sahələrdə nadir hallarda olur.

- İnsanların ən çox gileyləndiyi məsələ Təcili Tibbi Yardım xidmətidir. Sumqayıtda bu işi necə qura bilmişiniz?

- Ümumiyyətlə, bütün dünyada təcili tibbi yardımla bağlı şikayətlər ambulansın gecikməsi ilə bağlı olur. Bunun əsas iki səbəbi var. Əsasən ambulans yollarda sıxlığa düşəndə və ünvan dəqiq verilməyəndə gecikmə baş verir. Elə yaşayış yerləri var ki, oradan ünvanları konkret verə bilmirlər, yaxud səhv verilir. Personal isə oranı tapınca ləngiyir. Sumqayıtda statistikaya baxanda gecikmə rəqəmləri çox aşağıdır. Əksər çağırışlara vaxtında çatılır. Təcili tibbi yardım məsələsində vaxtında çatma, ilkin yardımın düzgün təşkili, daha sonra pasiyenti uyğun xəstəxanaya doğru təxliyə etmək böyük önəm kəsb edir. Üç aydan bir bu yöndə personalımız təlimlərə cəlb edilir. Kardioloji, nevroloji müayinələrin təyin olunması, daşınar cihazların operativ çalışdırılması, yerində və anında dəyərləndirmə, teletibb vasitəsilə diaqnozun ötürülüb mütəxəssis rəylərin alınması üzrə peşəkarlıqlar artırılır. Son model tibbi yardım avtomobilləri alınır. Təcili yardım xidməti hazırda mərkəzləşmiş idarəetmə sisteminə keçir. Bir mərkəzdən idarəetmə yaradılır. Bütün respublikada yardım stansiyaların bir mərkəzdən idarə olunması operativliyin, koordinasiyanın doğru təşkilinə səbəb olacaq.
Yeri gəlmişkən, tibbi xidmətdə pasiyent ləngiməsi və sistemik ləngimə anlayışları var. Birinci halda pasiyent çox gec müraciət edir, bir yeri ağrıyanda “keçər gedər” deyib həkimə bir də son anda gəlir. Sistemik ləngimə isə xəstənin müraciət etdiyi andan yardımın müddəti, təxliyə, ixtisaslı müayinəni ehtiva edir. Bunlarla bağlı ciddi işlər aparılır. Personalın professionallıq səviyyəsi artırılır, habelə pasiyent ləngiməsi ilə bağlı sosial şəbəkələr, media üzərindən maarifləndirilmə işləri aparılır.

- Təcrübənizə görə insanlar ölkəmizdə ən çox hansı xəstəliklərlə bağlı xəstəxanalara müraciət edir?

- Ümumdünya Səhiyyə Təşkilatının statistikası statistikasına görə ölümə səbəb olmaya görə dünyada birinci yerdə ürək-damar xəstəlikləri dayanır. Hər il ortalama 17 milyon insan bundan ölür. Azərbaycanda da dünyada olduğu kimi, birinci yerdə bu xəstəliklər gəlir. İkinci yerdə onkoloji xəstəliklərdir.
Ürək-damar xəstəliklərinin yaranma səbəbləri haqda mütəxəssis rəyləri sosial şəbəkələr, sosial çarxlarla insanlara çatdırılır. Texnologiya inkişaf etdikcə, oturaq həyat önə keçir. İnsanların aktivliyi məhdudlaşır. Habelə fast-fud, şirin, qazlı, energetik içkilərin də ciddi təsiri var. Həyatımızdan çıxara biləcəymiz faktorlar var. Məsələn, ürək-damar xəstəliklərinin yaranmasıın əsas faktorlarından - passiv həyat rejimindən, qeyri-sağlam qida qəbulundan, siqaretdən, elektron siqaretlərdən imtina etməklə, həyat keyfiyyətimizi yaxşılaşdıra bilərik. Amma iradəmiz xaricində olan faktorlar da var – genetik amil, yaş amili və s. Bunlar eynilə də onkoloji xəstəliklərə də aiddir.

- Tibbi personalın peşəkarlığının artırılması da şübhəsiz, vacib məsələlərdəndir. Bu istiqamətdə nə kimi işlər görülür? Həkimlərin yeni biliklərə yiyələnməsi, peşəkarlığını artırması, yeni trendlərlə tanış olması, təcrübə mübadiləsi baxımından hansı addımlar atılır?

- Bu sahədə də TƏBİB tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda, Sumqayıt Tibb Mərkəzi olaraq tibbi personalın bilik və bacarıqlarının artırılması istiqamətində maraqlıyıq və tərəfimizdən bu sahədə də əməli işlər görülür. Tibb heyətimiz Azərbaycanda təşkil olunan təkmilləşdirmə kurslarında iştirak edir, peşəkarlıqlarını artırırlar. Bununla yanaşı, tibb bacılarımız, həkimlərimiz beynəlxalq konfranslara, təlimlərə qoşulur, yeniliklərin öyrənimləsi istiqamətində peşəkarlıqlarını artırmaq üçün səy göstərirlər. Müxtəlif ixtisaslı həkimlərimiz mütəmadi olaraq ölkədən kənarda keçirilən konfranslarda iştirak edir, o cümlədən Rusiya, Türkiyə və digər ölkələrə səfərlər edir iştirak edir, qarşılıqlı təcrübə mübadiləsi aparırlar. Tibbin müxtəlif sahələrində tətbiq olunan yeniliklər barəsində öyrənilir və gələcəkdə bu yeniliklərin Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan tibb müəsisələrində tətbiqi üçün əməli işlər həyata keçirilir.

- Doktor, Sumqayıt Tibb Mərkəzi olaraq hədəfləriniz nədir?

- Qarşıda bizi görüləcək çox işlər gözləyir. Xəstə məmnuniyyətinin artırılması istiqamətində keyfiyyət standartlarının tətbiqi, xəstə xidmətlərinin müasir tələblərə uyğun olaraq təşkili, müəsissəyə tabe strukturların maddi-texniki, elmi-təcrübi potensialının artırılması istiqamətində işlərin görülməsi, kadr potensialının inkişafı istiqamətində davamlı tibbi təhsil və təcrübə paylaşımı proqramlarının mütəmadi işlənməsini qeyd etmək istərdim. Əsas yaxın hədəflərimiz Sumqayıt Tibb Mərkəzində Ürək-damar cərrahiyyəsi şöbəsinin yaradılması və Koronar angioqrafiya laboratoriyası qurmaqdır. Ana və uşaq ölümü, infeksion xəstəliklərin profilaktikası, ilkin səhiyyə və təcili yardım xidmətində vacib effektiv dəyişikliklər aparılması da məqsədlərimizdəndir. Sumqayıt tibb işçiləri də həmişə olduğu kimi bundan sonra da şəhər əhalisinin sağlamlığında möhkəm duracaq, bu istiqamətdə öz qayğı və əməyini əsirgəməyəcək.

Elşad MƏMMƏDLİ
Musavat.com

 

08.10.2024 13:26
2621