Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə məşhur həkim Öndər Tulumbacının şikayəti üzrə qərar verilib.
Musavat.com xəbər verir ki, hakim Əfqan Ələkbərov Öndər Tulumbacının Xətai Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətini əsassız sayıb və tanınmış vəkil Əkrəm Həsənovun barəsində ilkin instansiya məhkəməsinin çıxardığı bəraətverici əsaslı qərarı qüvvədə saxlayıb.
Öndər Tulumbacı vəkil Əkrəm Həsənovun Cinayət Məcəlləsinin 147-ci – böhtan maddəsi ilə cəzalandırılmasını tələb edirdi. Tulumbacı Əkrəm Həsənovun Azərbaycanda süni mayalanma zamanı kişilərin aldadılması haqda fikirlərini böhtan hesab edirdi.
Öndər Tulumbacı
Vəkil həkimlərin qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verdiklərini, nəticədə “bicbala”ların dünyaya gəldiyi haqda fikirlərini yazmışdı.
Məhkəmə iddiasına gəlincə, Əkrəm Həsənov demişdi ki, “bicbalalığın leqallaşdırılması” yazısındakı fikirlərinə görə orada adı çəkilən həkim Öndər Tulumbacı onu böhtan atmaqda ittiham edib.
Əkrəm Həsənov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı fikirlərini açıqlayıb.
Musavat.com-a deyib ki, Öndər Tulumbacı apellyasiya instansiyasına başqa vəkillə gəlib:
“Ramin Rzayev adlı vəkil idi. Dedi ki, tibb sahəsi üzrə mütəxəssisdir. Qarşı tərəfin məhkəmədəki çıxışlarından belə başa düşdüm ki, süni mayalanma zamanı baş verənlərlə bağlı fikirlərimi ictimailəşdirməklə onları çox ciddi şəkildə narahat etmişəm. Mənə dedilər ki, siz bu işlərə girişməyin, gedin bank sahəsi ilə məşğul olun. Məhkəmədə də dedim ki, illərdir banklar haqda tənqidi fikirlər yazıram. İndiyə qədər heç bir bank məni məhkəməyə verməyib. Halbuki, tənqidlərim imiclərinə təsir edib. Buna baxmayaraq, məhkəməyə müraciət etmirlər. Başa düşürlər ki, vətəndaş, ekspert, istehlakçı, hüquqşünas kimi tənqid etmək bizim hüququmuzdur.
Həkimlər haqda bir status yazmışam, məhkəməyə veriblər, özü deyir ki, pasiyentlərim mənə müraciət edib sorğu-sual edir. Mən də deyirəm ki, bu, pasiyentlərin haqqıdır, deməli, onların gözünü açıram və bu, sizi qane etmir?”
Əkrəm Həsənov bildirib ki, Azərbaycanda tibb sahəsi olduqca qapalıdır:
“Bu sahədə insanların başına oyunlar açılır və kimsə də məhkəmələrə müraciət edib haqqını tələb etmir. Mən məhkəmədə söz verdim ki, gündə 2-3 saatımı bu sahənin dərindən öyrənilməsinə sərf edib tibb sahəsində vətəndaşların başına açılan oyunlar barəsində yazacağam, faktları ictimailəşdirəcəyəm”.
Əkrəm Həsənov deyib ki, Öndər Tulumbacının Xətai Rayon Məhkəməsinə xüsusi ittihamının əsassız olduğu ortaya qoyulsa da, onun şikayətində birbaşa böhtan olsa da, apellyasiya məhkəməsinə üz tutması, Ali Məhkəməyə qədər getmək niyyətində olduğunu gizlətməsi maraqlı mətləblərdən xəbər verir:
“Xüsusi ittihamında yazırdı ki, onu dələduz adlandırmışam, guya demişəm ki, o, Ali Məhkəmənin qərarını rüşvətlə əldə edib. Halbuki, mənim sosial şəbəkədəki hesabımda belə bir şey yoxdur. Öndər Tulumbacı məlum xüsusi ittihamında mənə böhtan atmışdı”.
Xatırladaq ki, iş üzrə Xətai Rayon Məhkəməsində (hakim Sülhanə Hacıyeva) 23 fevralda ilk hazırlıq iclası olub. Öndər Tulumbacının iclasa qatılmaması səbəbindən 1 marta qədər təxirə salınmışdı. Həmin tarixdə olan iclasa da Öndər Tulumbacı gəlməmişdi. O, məhkəməyə xüsusi ittiham qaydasında təqdim etdiyi şikayətində Əkrəm Həsənovun ona böhtan atdığını iddia edir. Əkrəm Həsənov isə bildirir ki, səsləndirdiyi faktlar Ali Məhkəmənin ictimaiyyətə açıq olan qərarından götürülüb. Həmin faktların doğru və ya yalan olmasına da o, cavabdeh ola bilməz.
Əkrəm Həsənovun dediklərindən sitat:
“Bəli, yazımda mən Ali Məhkəmənin Qərarındakı mövqeyə mənfi münasibətimi bildirmişəm. Amma fikir bildirməklə böhtan atmaq mümkün deyil. Şikayətdə faktla fikir kateqoriyaları qarışıq salınıb. Bu, hüququn əlifbasıdır! Qərarda söhbət ondan gedir ki, iddiaçı olan kişi arvadının donordan süni mayalanmasına razılıq vermədiyini və Tulumbacı ilə arvadının onu aldatdığını bildirir. Tulumbacı ilə arvadı isə deyir ki, xeyr, kişinin yazılı razılığı olub. Lakin həmin razılıq məhkəməyə təqdim olunmayıb. Buna baxmayaraq, Ali Məhkəmə kişinin iddiasını rədd edib. O əsasla ki, razılığın olmadığını kişi özü sübut etməlidir və ümumiyyətlə, belə razılıq olmadan donordan istifadə oluna bilməzdi. Yəni məhkəmə Tulumbacı ilə arvadını haqlı çıxarıb, mən də bunu olduğu kimi yazmışam. Sadəcə mən məhkəmənin mövqeyini tənqid etmişəm. Çünki heç kəs etmədiyini sübut edə bilməz, bu, absurddur.
Ali Məhkəmənin analoji iş üzrə digər (17.04.2023-cü il tarixli 2(102)-1252/2023 saylı) qərarını da tapmışam. Orada klinika (həkimin adı göstərilməyib) məhkəməyə kişinin razılıq ərizəsini təqdim edib, lakin ekspertiza oradakı imzanın kişiyə məxsus olmadığını müəyyən edib. Buna görə də bu işdə qərar kişinin xeyrinə olub. Deməli, Ali Məhkəmə artıq fərqli mövqe sərgiləyib: sübutetmə yükü kişinin üzərində deyil və süni mayalanma onun razılığı olmadan həyata keçirilib.
Nə isə, qayıdaq Tulumbacıya. Şikayətdə özü mənə böhtan atıb. Yazıb ki, guya mən onu dələduzluqda ittiham etmişəm və yazmışam ki, “məhkəmə tərəfindən müəyyən səbəblərlə (maraqlandırma, rüşvət və s.)” müvafiq qərar verilib. Halbuki, mənim yazımda belə şeylər ümumiyyətlə yoxdur! Tulumbacı şikayətdə yazır ki, guya mənim yazımdan sonra “hazırda gün ərzində yüzlərlə olan pasiyent müraciəti demək olar ki, əhəmiyyətli dərəcədə azalıb”.
Başa düşdüyüm qədər, o, ümumən Ali Məhkəmənin qərarını ictimailəşdirdiyimdən narazıdır. Çünki guya nəticədə potensial müştəri bazası azalıb. Lakin qərarı ictimailəşdirmək mənim hüququmdur. Konkret bu halda isə vətəndaşlıq borcumdur. O cümlədən maarifləndimə kontekstində. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 3 aprel 2019-cu il tarixli 604 saylı Fərmanının preambula hissəsində deyilir ki, “məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalıdır”. Şəffaflığı təmin etmək üçün biz hüquqşünaslar mühüm qərarlar haqda cəmiyyətə məlumat verməliyik. Mən də bunu etmişəm. Süni mayalanma dövlətimiz, onun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir.
Söhbət genofonddan gedir. Hazırda bu sahədə ciddi nəzarət yoxdur. Allah bilir, qadınlarımızın donorları kimlərdir. Onsuz da zəifləyən ailə institutu üçün nəzarətsiz (heç sənədləri sonradan tapmaq olmur!) böyük təhlükədir. Ümumiyyətlə, təsəvvür etmək çətindir ki, Azərbaycan kişisi arvadının başqasından hamilə qalmasına razılıq versin.
Cənab Prezident fevralın 14-də keçirilmiş andiçmə mərasimində o cümlədən deyib:
“Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”. Bundan sonra deyib: “Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir...
Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq...”
Görəsən, donordan süni mayalanma nə dərəcədə milli-mənəvi dəyərlərimizə uyğundur? Bəli, mən bütövlükdə donor vasitəsilə uşağın doğulmasının əleyhinəyəm. Həmçinin ona görə ki, gələcəkdə qardaş və bacının evlənməsini istisna etmir, halbuki həmin əməl qanunsuzdur. Bununla belə, qanunvericiliyimiz bu gün donorluğa imkan verirsə, burada ciddi qaydalar və nəzarət olmalıdır. Ən azı sənədləşdirmə işi qaydasında olmalıdır. Əks halda məhkəmələrdə belə təəccüblü işlər və qərarlar yenə də ola bilər. Odur ki, hamını süni mayalanma məsələsi barədə mövqeyini ortaya qoymağa çağırır, bu sahəni ciddi ictimai nəzarət altına götürməyə səsləyirəm. İrəli!”
E.MƏMMƏDƏLİYEV,
Musavat.com