Məşhur ekspert internetin sürətindən yazdı - Aztelekom minimal 100 Mbit/s sürət vermək iqtidarındadırmı?

Azərbaycan İnternet Forumunun prezidenti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Osman Gündüz internet xidmətlərinin qiyməti ilə bağlı fikirlərini bölüşüb.

Musavat.com xəbər verir ki, Osman Gündüz özünün sosial şəbəkədəki hesabında yazıb:

-Aztelekom minimal 100 Mbit/s sürət vermək iqtidarındadırmı ?

Baxıram ki, Aztelekom tarana gedir. Açıqlayıblar ki, deyilənlər düzdür, amma dövlət provayderi də olsaq qiymətləri 40% qaldıracağıq.
Gətirdikləri arqumentlər də məntiqsizdir və heç bir dataya söykənmir.

Aztelekom-un tarana getməsi ilk öncə onun göstəricisidir ki , hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil.

Aztelekom da nə RİNN tabeliyində olan İKTA-dan çəkinir, nə də Antiinhisardan . Antiinhisarla da məhz bu tip məsələlərlə bağlı məhkəmə çəkişməsindədir.

Belə olan halda nə etməli ?

Düşünürəm ki , yenicə magistral (backbone) statusu qazanan Aztelekom-un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur.

İlk öncə gərək müvafiq qurumlar monitorinq aparıb Aztelekomun elan etdiyi parametrlərə uyğun texnoliji imkanlarının olmasını müəyyən etsin. Əminliklə deyirəm ki Aztelekom-da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur.

Açıqlasın görək Aztelekom hazırda nə qədər trafik alır və nə qədər satır?

Müştərilərin sayı və tələbatı nə qədərdir?

Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin Aztelekom bunu qapalı saxlayır. Çünki bilir ki aldığı ilə satdığı arasında dağ boyda fərq var.

Aztelekom güman ki, müqavilədə nəzərdə tutulanı deyil - aşağı sürətləri təqdim edcək, sadə vətəndaşların bundan xəbəri olmayacaq, sadə vətəndaşlara qarşı sadəcə "çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək.
Bununla o uzağa gedə biləcəkmi ?

Bu da asılı olacaq İKTA və Antiinhisarın yanaşmasından, həmçinin ictimai nəzarətin gücündən.

 

E.Məmmədəliyev,
Musavat.com

18.07.2024 21:14
2388