Moskvada yaşayan rəssam və bloger İvan Namer sevimli komandası PSJ-nin Fransa çempionu ola bilməməsinə görə hirsini pişiyindən çıxıb.
Musavat.com "Baza" Telegram kanalına istinadən xəbər verir ki, o, 29 mart axşamı sosial şəbəkədə pişiyini üçüncü mərtəbədən atdığı videonu paylaşıb.
Daha sonra Namer izah edib ki, həm PSJ-nin çempionluğu əldən verməsi, həm də pişiyinin tualet qabını bir daha sındırması onu hədsiz dərəcədə əsəbiləşdirib və o, "hisslərinin təsiri altında" bu addımı atıb.
Bloger sonradan küçəyə düşərək pişiyini götürüb və insanlardan hadisəni şişirtməməyi xahiş edən yeni bir video paylaşıb. Lakin hadisə şahidlərini sakitləşdirmək mümkün olmayıb – onlar əvvəlcə polisə müraciət ediblər, daha sonra isə bir qadın pişiyi İvandan götürməyi təklif edib ki, bu kimi hallar bir daha təkrarlanmasın.
Bloger razılaşıb və pişiyini həmin qadına verib.
Pişik dərhal baytara aparılıb. Hazırda Moskva Prokurorluğu bloger barəsində araşdırmalara başlayıb.
Musavat.com