2016-cı ildə Rusiya vətəndaşı olan amerikalı aktyor Stiven Siqal illər sonra Rusiyanın təbliğat filmində çəkilib. Putinin yaxın dostu olan aktyorun aldığı çəki və qəribə görünüşü Qərb mediasının gündəminə çevrilib.
Musavat.com Daily Mail-ə istinadən xəbər verir ki, azı 20 kiloqram kökələn 72 yaşlı aktyorun "Ədalət naminə" filmindəki görüntüləri Qərb mətbuatında diqqət çəkib.
Filmdə Siqal müharibənin getdiyi Ukraynaya səfər edir və izah edir ki, ukraynalılar, əslində, bu müharibəni özləri istəyirdilər.
Qeyd edək ki, Uzaq Şərq idman ustası, 1990-cı illərdə döyüş filmləri ilə tanınan amerikalı aktyor Putinə açıq dəstək verdiyi üçün Hollivuddan uzaqlaşıb. 2016-cı ildə Rusiya vətəndaşlığını alan aktyor o vaxtdan bəri sosial şəbəkələrdə çox görünmür.
Siqal "qardaşım" və "dünyanın ən böyük liderlərindən biri" adlandırdığı Rusiya prezidenti Vladimir Putinlə yaxın dostdur. Putin aktyoru beynəlxalq mədəniyyətin və humanitar əməkdaşlığın inkişafına verdiyi mühüm töhfələrə görə “Dostluq” ordeni ilə təltif edib.
Musavat.com