Məşğul əhalinin sayı 5 milyon, əmək müqaviləsi ilə işləyənlərin sayı isə təxminən 2 milyon - çıxış yolu varmı? - Ekspert rəyi

Sahib Məmmədov: “Azərbaycanda qeyri-formal əmək kollektivlərinin sayı minlərlədir”

Deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 13-də keçirilən iclasında çıxışı zamanı deyib ki, Azərbaycanda işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur.

“Report” xəbər verir ki, deputat ölkədə əmək qabiliyyətli vətəndaşların sayının 5 milyon 195 min nəfər olduğunu bildirib:

“Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 35,6 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 65-i müqavilə olmadan işləyir. Rəsmi statistika onu göstərir ki, əmək bazarında müqavilə baxımından münasibətlərin leqallaşdırılması vacibdir. Muzdlu işçilərin sayının artması, əmək müqaviləsi ilə vətəndaşların işə cəlb edilməsinə ehtiyac var. Bu da həmin şəxslərin əmək hüquqlarının qorunması baxımından, eləcə də dövlət büdcəsinə daxilolmaların artması və münasibətlərin leqallaşdırılması baxımından önəmlidir”, - V.Bayramov əlavə edib.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov Musavat.com-a şərhində bildirib ki, işləyən vətəndaşların 65 faizinin əmək müqaviləsinin olmaması o demək deyil ki, onların əmək müqaviləsi olmalı idi:

faf897f9ab504a7c97a1a72f42cd25e2.jpg (98 KB)

“Rəsmi statistikaya görə, təxminən 5 milyon şəxs məşğuldur. Lakin heç yerdə onların hamısının muzdla işlədiyi deyilmir. Onların arasında özünəməşğul, vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər və başqaları var. Bunu nəzərə aldıqda 65 faiz bir qədər şübhə doğurur. Elektron informasiya sistemində təxminən 1 milyon 800 mindən çox əmək müqaviləsi qeydiyyatdan keçib. Eyni zamanda müəyyən orqanlar var ki, onların əmək müqavilələri məxfilik səbəbindən qeydiyyata alınmır. Onları da nəzərə alsaq, ölkədə 2 milyon şəxs əmək müqaviləsi ilə işləyir. Ümumi məşğul əhalinin sayı isə 5 milyon göstərilir. Ölkədə 890 000 ailəyə pay torpaqları verilib. Kimdə pay torpağı varsa, həmin torpaqlardan istifadə edib-etməməsindən asılı olmayaraq ailədə olan bütün əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxslər məşğul sayılır. Hər ailədə iki nəfər əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxs varsa, bu artıq 1 milyon 800 minə yaxın məşğul insan deməkdr. Yaxud da elə şəxslər də var ki, qeyri-formal əmək bazarının iştirakçılarıdır. Faktiki məşğuldurlar, lakin əmək müqavilələri yoxdur. Bu baxımdan birmənalı şəkildə “işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur” fikrini səsləndirmək olmaz”.

S.Məmmədov əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı çətinlikləri belə şərh edib:

“Hər yerdə qeyri-formal əmək kollektivləri var. Məsələn, fərdi evlərin tikintisində, təmir prosesində, yaxud digər gündəlik məişət məsələlərində vergi uçotunda qeydiyyata alınmayan şəxslərin xidmətindən istifadə olunur. Azərbaycanda qeyri-formal əmək kollektivlərinin sayı minlərlədir. Fermer təsərrüfatlarında da əmək müqavilələri yoxdur, amma bu sahədə çalışanlar da faktiki məşğuldurlar. Ev qulluğunda işləyənləri də unutmaq olmaz-dayə, bağban, sürücülər və başqaları. Heç biri ilə əmək müqaviləsi bağlanmır. Onları kölgə iqtisadiyyatından çıxarmaq hələ ki, mümkün deyil. Bu məsələ ilə bağlı hüquqi həll yolu hələ tapılmayıb”.

Nigar HƏSƏNLİ,
Musavat.com

13.06.2024 13:46
634