Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Musavat.com xəbər verir ki, məhkəmədə prosesə gələ bilməyən zərərçəkmiş Elnarə Mehrəliyevanın ifadəsi elan olunub.
Zərərçəkmiş ifadəsində bildirib ki, Meşəli qətliamı zamanı onun 10 yaşı olub.
Qeyd edib ki, ermənilər hələ 1988-ci ildən onları doğma yurdlarından didərgin salmaq istəyiblər:
"1991-ci ildə ermənilər dəfələrlə azərbaycanlılara qarşı hücumlar edirdilər. Meşəliyə tez-tez silahlı hücumlar olurdu. Kənd sakinləri buna görə post qurub kəndi mühafizə edirdi. 23 dekabr 1991-ci ildə nənəmgildə qalmışdım. Səhər tezdən dedilər ki, ermənilər kəndə hücum edib. Biz Novruz kişigilə getdik. Bu zaman emənilər hücuma keçdi. Biz qaçmaq istəyəndə ayağımdan və əlimdən yaralandım. Bibim də yaralandı. Biz evə girib yorğan-döşəyin altında gizləndik. Elmira bibim küçədə yaralı qalmışdı. Ermənilər onu götürməyə imkan vermirdilər. Novruz kişi və iki qızını ermənilər güllələyib öldürdülər.
Mən qaçanda yolda üzü xallı bir kişi gördüm. Adını bilmirdim. Həmin xallı erməni Mətləbi yanına çağırdı. Mətləb getmədi, ona görə də həmin erməni Mətləbi vurub öldürdü. Bizimlə qaçan Qənimət dayı, Ruba xala da var idi. Ruba xala dedi ki, onun ərini öldürüblər. Əhməd kişinin oğlu İsmayılı da yaraladılar. Onun yarasını sarıdılar. İsmayılı evə aparmaq istəyəndə ermənilər onu başından vurub öldürdülər. İsmayılın meyiti mağazanın qarşısında qaldı. Biz bir tövlədə gizləndik. Ordan çıxıb qaçanda mənim ayağım suya düşdü. Qaraqan kəndinə gedəndə atam bizi tapdı. Bizi yerləşdirib geri qayıtdı. Döyüşdə iştirak edənlərdən Yevlax rayonundan Əzimov Tahiri tanıyırdım. Armanis, Airi və həmin xallı ermənini tanıyırdım. Sonradan eşitdim ki, hücum edənlər Badara erməniləridir, rus əsgərləri də onlara kömək edib".
Xalidə Gəray
Musavat.com