Mərkəzi Komitənin “kiçik baş katibi” – Beriya onun qollarını şəxsən özü qandallayıb

O, Moskvanın mərkəzində geniş mənzilə sahib olsa da, adətən şəhər ətrafındakı bağ evində yaşayıb. Elə 1938-ci ilin noyabrın 28-də də Aleksandr Kosarevi həmin bağ evində həbs ediblər. Gecədən xeyli keçmiş qapı döyüləndə Kosarev heç bir tərəddüt keçirmədən qapını çağrılmamış “qonaq”ların üzünə açıb, əvvəlcə bir neçə nəfər hərbi mundirli şəxs görünüb. Onların arxasınca isə Lavrenti Beriya ağır addımlarla evin dəhlizinə keçib. Kosarev onu görcək təəccübünü gizlədə bilməyib:

  • Nə maraqlı qonaqlar...

Beriya Kosarevin təəccübünü təbəssümlə qarşılayıb:

  • Yox, yoldaş Kosarev, bizi qonaq kimi qarşılamaqda yanılırsınız, biz sizi həbs etməyə gəlmişik.

Bu sözlərdən sonra Beriya şəxsən özü Kosarevin qollarını qandallayıb...

Берия.jpg (70 KB)

Aleksandr Kosarev 1930-cu illərdə  Stalin hakimiyyətində ən gənc və ən cəsarətli siyasi fiqurlardan biri sayılıb. 1903-cü ildə Moskvada anadan olan Kosarevin cəmi üç illik təhsli olub. O, ilk əmək fəaliyyətinə yeniyetməlik dövründə trikotaj fabrikində başlayıb. 16 yaşında Kommunist Partiyasına üzv olan Kosarev sonrakı fəaliyyətini komsomol orqanlarında davam etdirib. Artıq 22 yaşında o, Penza vilayət Komsomol Komitəsinin birinci katibi, 24 yaşında isə Moskva şəhər Komsomol Komitəsinin birinci katibi vəzifəsini tutub. 

Kifayət qədər fəallığı və çevikliyi ilə fərqlənən, gənclər arasında  partiyanın və Stalinin ən effektli təbliğatçısı olan Kosarev Kreml rəhbərliyinin diqqətindən yayınmayıb. 1929-cu ildə o, Stalinin təşəbbüsü ilə Mərkəzi Komitənin plenumunda ümumittifaq komsomolunun birinci katibi seçilib.

odg52ed253658ead_1024.jpg (69 KB)

Kosarev ən qısa müddətdə SSRİ-nin siyasi elitasında ciddi bir simaya çevrilib. O, eyni zamanda cəsarətli çıxışları, hətta dövlət məmurlarını sərt tənqid etməyi, vəzifə səlahiyyətlərindən aşırı dərəcədə bəhrələnməyi ilə fərqlənib. Komsomol katibi özünə o dərəcədə güvənli olub ki, dövlət məmurları onu “kiçik baş katib” adlandırıblar.

Stalinin repressiya planları işə düşəndə və repressiya sükanının arxasına “NKVD” rəhbəri Nikolay Yejov keçəndə ölkənin ayrı-ayrı bölgələrindəki komsomol rəhbərləri də qurbanlar siyahısında böyük yer tutub. Kosarev onlardan çoxunun günahsız olduğunu anlayıb və nə vaxtsa komsomol rəhbəri kimi bu günahsız insanların güllələnməsinə, sürgünə göndərilməsinə cavab verəcək bir şəxs olaraq özünü sığortalamaq üçün Stalinə bir neçə dəfə yazılı müraciətlər edib, konkret şəxslərin heç bir günahı olmadığını bu məktublarda faktlarla göstərib.

O cümlədən Kosarev Nikolay Yejova da iradlarını bildirib. Yejov isə bu iradlara bir cümlə ilə cavab verib:

  • Biz uşaqların “NKVD”-nin işinə müdaxilə etməsinə imkan vermirik…

Sonradan Lavrenti Beriyanın “NKVD”-yə gəlməsi isə məsələləri daha da qəlizləşdirib.

070713214756_kosarev.jpg (38 KB)

Mövcud mürəkkəb vəziyyətdə Stalinə və Beriyaya xoş görünmək üçün müttəfiq respublikaların və ayrı-ayrı dövlət qurumlarının rəhbərləri çalışıblar ki, Kremlə göndərilən repressiya qurbanlarının siyahılarını daha da böyük etsinlər.

Elə bu məqsədlə Kosarevin tabeliyində işləyən, ümumittifaq komsomolunun təbliğat və təşviqat şöbəsinin rəhbəri Olqa Mişakova Çuvaş Muxtar Respublikasına ezamiyyəti zamanı muxtar respublikada hesabat konfransı keçirib. Konfransda Mişakova səsvermə yolu ilə respublikanın komsomol rəhbərlərini işdən azad etməyə nail olub və onları antisovet təbliğatda günahlandırıb. Mişakova bu haqda birbaşa öz rəhbəri olan Kosarevi məlumatlandırmayıb və böyük bir arayış hazırlayaraq bir nüsxəsini Mərkəzi Komitəyə, digərini isə “NKVD”-yə göndərib. Məsələ kifayət qədər böyük səs-küyə səbəb olub. İşdən azad olunan komsomol rəhbərləri Kosarevin təkidi ilə yenidən öz vəzifələrinə bərpa olunublar. Sözsüz ki, bu da Olqa Mişakova ilə xüsusi münasibətləri olan Lavrenti Beriyanın qıcığına səbəb olub.

Beləliklə, Aleksandr Kosarevə qarşı oyunlar başlayıb. Olqa Mişakova ilə Kosarevin münasibətləri isə Mərkəzi Komitənin plenumu səviyyəsinə qədər qalxıb. Stalinin də iştirak etdiyi plenumda Georgi Malenkov və Andrey Jdanov Aleksandr Kosarevi xalq düşmənlərinə qarşı mübarizədə anlaşılmaz mövqe nümayiş etdirməkdə ittiham ediblər. Stalin bu ittihamlarla razılaşıb.

1938-ci il noyabrın 22-də keşirilən ümumittifaq komsomolunun 7-ci plenumunda Aleksandr Kosarev tutduğu bütün vəzifələrdən azad olunub və partiya sıralarından xaric edilib. Altı gündən sonra isə o, həbs olunub.

1849263535_0_0_1920_700_1920x0_80_0_0_d0c58461e7080f82f4b8db92d3660866.jpg (143 KB)

23 fevral 1939-cu ildə hərbi kollegiyanın hökmü ilə Aleksandr Kosarev ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Məhkəmə prosesinin sonunda Koserev sonuncu dəfə cəsarətini nümayiş etdirib, o, ölkə rəhbərliyini əclaf və yaramaz adlandırıb. Hökm həmin gün Lefertovo həbsxanasında icra olunub.

Stalinin vəfatına qədər Kosarevin bəraət alması üçün yaxınları tərəfindən dəfələrlə SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciətlər edilib. Amma bu müraciətlərin heç birinə müsbət cavab verilməyib. Nəhayət, Nikita Xruşov hakimiyyətə gəldikdən sonra Aleksandr Kosarevə (ölümündən sonra) tam bəraət verilib.

İlham Cəmiloğlu,
Musavat.com

13.08.2023 14:23
2987