Mərkəzi Bankdan mühüm qərar - manata təsiri nə olacaq?

İqtisadçı: “İnflyasiya, idxal inflyasiyası və sair arzuolunan istiqamətlidir, bunlar imkan verir ki, sərt monetar siyasətdən tədricən yumşalmaya gedilsin”

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti mayın 1-də keçirilən iclasında uçot dərəcəsinin 7.5 faizdən 7.25 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.5 faizdən 8.25 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

Mərkəzi Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2 faiz) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib: “Proqnozlaşdırılan inflyasiyanın aşağıya doğru dəyişdiyini nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə banklararası faizlərin dəyişkənliyinin azaldılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir potensialı da nəzərə alınıb”. 

Tənzimləyici bildirir ki, İdarə Heyətinin ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib: 2024-cü ilin martında 12 aylıq inflyasiya 0.4 faiz, 12 aylıq baza inflyasiya isə 1 faiz təşkil edib. İllik ərzaq deflyasiyası 1.1 faiz, qeyri-ərzaq inflyasiyası 1.1 faiz, xidmətlər inflyasiyası isə 2.2 faiz olub: “Aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir. Aparılan sorğuların nəticələrinə görə, birinci rübdə inflyasiyanın yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı bundan öncəki rüblə müqayisədə 1 faiz bəndi azalıb.

İnflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi 2024-cü ilin martında əvvəlki ayla müqayisədə artsa da, illik əsasda 0.3 faiz, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2.4 faiz enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7 faiz azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3 faiz və 2024-cü ilin birinci rübündə 2.7 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib".

Mərkəzi Bankdan deyilənə görə, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Tədiyə balansının əsas komponenti olan ticarət balansında 2024-cü ilin birinci rübündə 2.3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb: “Yenilənmiş proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə, 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”.

AMB pul siyasəti alətlərini maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişiklikləri nəzərə almaqla tətbiq edir: “Pul siyasəti alətlərindən aktiv istifadə pul bazarında orta faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edir. Aprel ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.66 faiz (martda 6.52 faiz) olmaqla faiz dəhlizi daxilində formalaşıb. Son vaxtlar banklararası bazarda faizlərin faiz dəhlizi daxilində artması, 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərqin azalması müşahidə edilir. Bu dövrdə avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları qalıqlarının artımı bank sistemindəki likvidliyə azaldıcı təsir edib. İlin əvvəlindən bəri Mərkəzi Bankın notları və dövlət qiymətli kağızları üzrə gəlirlilik də əsasən artım istiqamətində dəyişib”.

AMB İdarə Heyətinin ötən iclasından bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib: “Geosiyasi gərginliklər, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, iqlim dəyişiklikləri, dünya bazarında əmtəə qiymətlərinin və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyi xarici mənşəli başlıca inflyasiya riskləri olaraq qalır. Bununla belə, dünyada monetar şərtlərin sərt olaraq qalması, ortamüddətli perspektivdə aparıcı ölkələrdə mərkəzi bankların faizləri daha mülayim endirməsi gözləntiləri qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də dövlət xərclərinin aktivləşməsi və məcmu tələbin izafi artımı ilə əlaqədardır.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə, 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə 3.5 faiz və 2025-ci ilə 4.2 faiz)". Göründüyü kimi, Mərkəzi Bank apreldə 2024-cü ilə inflyasiya proqnozunu azalma istiqamətində dəyişdirib: 5,3 faizdən 3,5 faizədək.

Tənzimləyicinin pul siyasəti ilə bağlı növbəti qərarları faktiki inflyasiyanın proqnozla müqayisəsindən, xarici və daxili mənşəli risk amillərinin dinamikasından asılı olacaq: “İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin yaxın perspektivdə dəyişməz saxlanılması ehtimalını yüksəldir. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin hərtərəfli təhlili davam etdiriləcək, ölkədə qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə ediləcək”.

AMB İdarə Heyətinin sədrin Taleh Kazımovun dediyinə görə, manatın nominal effektiv məzənnəsi 2024-cü ilin I rübündə 2.7 faiz möhkəmlənib. O bildirib ki, bu ilin sonuna kimi manatın nominal effektiv məzənnəsi 13.1 faiz möhkəmlənəcək.

T.Kazımov həmçinin AMB-nin cari ildə neft və qaz qiymətlərinə dair proqnozunu da açıqlayıb. Quruma görə, 2024-cü ildə neftin bir barelinin orta qiyməti 85.7 ABŞ dolları, 2025-ci ildə isə 83.5 ABŞ dolları olacaq. Qazın qiyməti hər min kubmetr üçün 2024-cü ildə 281 dollar, 2025-ci ildə 299 dollar proqnozlaşdırılır.

Mərkəzi Bankda hesab edirlər ki, 2024-cü ilin yekununda Azərbaycan 3,5-4 faizlik iqtisadi artıma nail olacaq. Ötən ilin dekabrında qurum bu il üçün 3-3,5 faizlik artım prqnozlaşdırmışdı. AMB-nin qeyri-neft ÜDM-nin artım tempinə dair mövqeyi dəyişməyib: bu il 5,5 faiz artacağını gözləyir. 2025-ci ildə isə ÜDM-in 3 faiz, qeyri-neft ÜDM-in isə 5-6 faiz artımı proqnozlaşdırılıb.

Bundan əlavə, AMB 2024-cü ilin sonuna cari əməliyyatlar balansının 7 milyard ABŞ dolları təşkil edəcəyini gözləyir. T.Kazımovun dediyinə görə, 2025-ci ildə cari əməliyyatlar balansı 6.5 milyard ABŞ dolları ərtafında olacaq.

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, AMB-nin qərarı düzgün və gözləniləndir: “O baxımdan ki, artıq Mərkəzi Bank tərəfindən izlənilən göstəricilər: inflyasiya, idxal inflyasiyası və sair arzuolunan istiqamətlidir. Bunlar imkan verir ki, Mərkəzi Bank sərt monetar siyasətdən tədricən yumşalmaya gedir. Sərt siyasət bir tərəfdən inflyasiyanı cilovlayırsa, digər tərəfdən də iqtisadi aktivliyin artmasının qarşısını alır. Təbii ki, uçot dərəcəsi hələ ki Azərbaycanda tam işlək alət deyil, daha çox banklararası bazarda faizlərə təsir edir. Lakin son bir ildə görülən işlər müəyyən qədər uçot dərəcəsinin təsirlərini artırıb”.

Ekspertə görə, inflyasiya Mərkəzi Bankın proqnozlaşdırdığından da az ola bilər: “Qlobal bazarlarda qiymət azalmaları buna zəmin yaradır. Digər tərəfdən, manatın məzənnəsinin sabit saxlanması da buna imkan verir. Lakin hazırda müşahidə olunan müsbət tendensiyaların xarici amillərin təsiri ilə dəyişməsi ehtimalını da istisna etmək olmaz”.

Vüqar Bayramov: "Qazaxıstan-Azərbaycan münasibətləri dərinləşir"

Vüqar Bayramov 

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması, həmçinin makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır: “2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. İndi də Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi. Çünki makroiqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi buna zəmin yaradır. Bununla yanaşı, baş bank hələlik faiz dəhlizi ilə bağlı konservativ siyasətini davam etdirir. Bu baxımdan da azalmalar mərhələli həyata keçirilir.

Mərkəzi Bankın son açıqlamasında sözügedən qərarın əsas səbəbi də məhz inflyasiya gözləntilərinin stabilləşməsi, profisitli tədiyə balansı və digər pul siyasəti alətləri ilə əlaqələndirilir. 

Faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır. Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Öncə də qeyd etdiyimiz kimi, bu ondan xəbər verir ki, Mərkəz Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir".

Millət vəkili bildirir ki, hələlik uçot dərəcəsinin kredit faizlərinə ciddi təsiri yoxdur: “Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarını gəlirlik əyirisi ilə yanaşı, kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir.

Digər tərəfdən, son aylar depozit faizlərində də artımlar müşahidə olunur. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 9.0 faizlə qəbul edilər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Amma bankların daha bahalı borclanmasının kredit faizlərini artıracağı istisna deyil. Bu baxımdan, uçot dərəcəsi daxil olmaqla, digər alətlər vasitəsilə kredit faizlərində optimallığın qorunması çox vacibdir".

Dünya SAKİT,
“Yeni Müsavat”

02.05.2024 08:00
2239