Mərkəzi Bank uçot dərəcəsini niyə endirdi?

“Faiz dərəcəsinin yumşalmasının səbəbi odur ki, Mərkəzi Bankın proqnozlarına gəldikdə, inflyasiya növbəti orta müddətdə hədəf diapazonunda olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı bildirib.

AMB sədri qeyd edib ki, valyuta bazarında təklifin tələbi kəskin üstələməsi şəraitində yumşalma siyasətini aparırlar:

“Planımıza görə, bu ilin sonuna kimi bazamız 20 faizədək artacaq. Bu da gələcəkdə makroiqtisadi nəzərdən risklər yaradır. Ona görə də uçot dərəcəsinin parametrlərini aşağı salırıq ki, gələcək təsirləri məhdudlaşdıraq”.

Qeyd edək ki, ötən gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 7,5 %-dən 7 %-ə, faiz dəhlizinin yuxarı həddi isə 10 %-dən 9,5 %-ə endirilib.

02.11.2023 17:14
1011