Mərkəzi Bank uçot dərəcəsini artırdı - inflyasiyanı azaldacaqmı?

Vüqar Bayramov: “Bunun üçün yerli istehsalın kəskin artımı lazımdır”

Dünyanın aparıcı mərkəz banklarından sonra Azərbaycan Mərkəzi Bankı da uçot dərəcəsini artırmaq qərarına gəlib. Martın 29-da toplanan Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,50 faizdən 8.75 faizə, faiz dəhlizinin aşağı həddi 6,75 faizdən 7 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9,50 faizdən 9.75 faizə qaldırılıb.

AMB inflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Pul təklifinin effektiv tənzimlənməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlayıblar: “Mart ayında bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvar ayı ilə müqayisədə 371 milyon manat (57 faiz) artıb. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 günlük depozit daimi imkan alətləri üzrə kvota 27 fevral 2023-cü il tarixindən artırılıb. Eyni zamanda Mərkəzi Bank tərəfindən 7 günlük REPO əməliyyatlarının keçirilməsinə başlanılıb. Qeyd olunan qərarlar monetar şərait vasitəsilə inflyasiyanın tələb amillərinin tənzimlənməsinə imkan verir.

Pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın dinamikası, proqnozun hədəfdən yayınma səviyyəsi və risklərin qalıcılığından asılı olaraq veriləcək. Mərkəzi Bankın həyata keçirdiyi əməliyyatların və əvvəlki qərarların nəticələri monitorinq edilərək siyasət qərarlarının qəbulunda nəzərə alınacaq. Məcmu tələbin və istehlak aktivliyinin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq məqsədilə Mərkəzi Bank sərəncamındakı bütün alətlərdən və mexanizmlərdən adekvat istifadə edəcək. İnflyasiyanın azalacağı ilə bağlı proqnozlar özünü doğruldarsa, pul siyasətinin normallaşdırılması, daha sonra isə transmissiyanın zaman intervalı nəzərə alınmaqla yumşaldılması imkanlarına baxılacaq".

Məlumdur ki, indiyədək Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi siyasəti ölkədə inflyasiya və manatın məzənnəsinə təsir baxımından ciddi effektə malik olmayıb. Lakin qurumun rəhbərliyində aparılan dəyişiklikdən sonra Mərkəzi Bank bu istiqamətdə real təsirə nail olmaq üçün bir sıra addımlar atır.

Vüqar Bayramov: “Bu ilin yanvar ayından pensiyalar 15 faizə yaxın  indeksasiya olunacaq”

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank əlindəki alətlər vasitəsilə inflyasiya səviyyəsini aşağı salmağa çalışır: “Bura ilk növbədə dövriyyədə pul kütləsinin azaldılması, uçot dərəcəsinin artırılması aiddir. Lakin ABŞ-dan fərqli olaraq Azərbaycanda Mərkəzi Bankın müəyyənləşdirdiyi uçot dərəcəsi hələlik istehlak bazarında ciddi təsirə malik deyil. Nəticədə biz istehlak bazarında daha yüksək inflyasiya göstəriciləri ilə üzləşdik. Bunun da əsas səbəbi odur ki, Azərbaycanda istehlak bazarında idxalın payı çox yüksəkdir. Bu isə inflyasiya idxalının da yüksək olması deməkdir”.

Qeyd edək ki, Mərkəzi Bankın təşkil etdiyi sonuncu hərracda xarici valyuta tələbi 96.3 milyon dollar olub. Əvvəlki hərracda sifarişin 47.9 milyon dollar olduğunu nəzərə alsaq dollara tələbin 2 dəfədən çox artdığını görürük. Dollara tələbin artması manat üçün risklər yaradırmı? Tələbin artması səbəbləri nədir? V.Bayramovun sözlərinə görə, tələbin artmasının əsas səbəbi qeyri-iş günlərinə görə təxminən son 2 həftədə valyuta hərracların keçirilməməsidir: “Biznesin dollara bəlli tələbi var və bayram günləri banklar çalışmadığı üçün bugünkü hərracda artan sifarişlərə əsasən məbləğ formalaşdı. Nəticədə dollara tələbin hiss edilən səviyyədə yüksəlməsi qeydə alındı. Müqayisə üçün qeyd edək ki, oxşar tendensiya 2022-ci ilin Novruz bayramından sonra da müşahidə olunmuşdu. Belə ki, 2022-ci il 29 mart hərracında dollara tələb 105 milyon dollar olsa da sonrakı hərracda sifariş həcmi 72.2 milyon dollara, daha sonra 68.0 milyon dollaradək azaldı. Bu baxımdan, növbəti hərraclarda mərhələli şəkildə sifariş həcminin azalacağı gözlənilir. Amma təbii ki, bu, birbaşa hərracların hansı dövrülükdə keçirilməsindən asılı olacaq. Dollara hərracda tələbin optimallaşdırılması üçün Mərkəzi Bank tərəfindən yaxın günlərdə yenidən hərracın təşkil edilməsi vacibdir”.

Millət vəkili qeyd edir ki, 2022-ci ildə Azərbaycanın idxalı 14 milyard 539 milyon dollar olub: “2021-ci ildə idxal 11 milyard 705 milyon dollar, 2020-ci ildə isə 10 milyard 732 milyon dollar idi. Göründüyü kimi, illər üzrə idxalda hiss edilən artım var. Bunun bir hissəsi dövlət sifarişləri olsa da, biznesin də payı az deyil. Təbii ki, idxal inflyasiyasi da digər indikatordur. İdxal artdıqca dollara tələb də artır. Doğrudur, ixracatda da artım yüksəkdir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ixrac qazancımızın əhəmiyyətli hissəsi enerji gəlirləri olaraq valyuta ehtiyatlarımızı artır. Bütövlükdəıı idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir”.

V.Bayramov onu da bildirir ki, inflyasiya idxalının azalması üçün yerli istehsalın stimullaşdırılması, istehlak bazarında yerli məhsulların payının kəskin artırılması lazımdır.

Dünya SAKİT,

“Yeni Müsavat”

30.03.2023 11:08
888