Tənzimləyici: “Qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənlik və məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya təsir imkanlarını saxlayır”
Sentyabrın 20-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dərəcələrinə baxıb. Mərkəzi Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 faiz, faiz dəhlizinin aşağı həddi 7.5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 10 faiz səviyyəsində dəyişməz saxlanılıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu il sonuncu dəfə faizləri may ayında artırıb, iyun və iyul iclaslarında fasilə verib. Mərkəzi Bankdan bildirildiyinə görə, bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amilləri üzrə risklər balansının dəyişimi nəzərə alınmaqla verilib. Belə ki, pul siyasətinə həsr edilmiş ötən iclasdan - iyulun 26-dan bəri illik inflyasiya tempinin azalma meyili davam edib. Ölkədə ardıcıl olaraq dördüncü aydır ki, deflyasiya müşahidə edilir. Avqust ayında əvvəlki aya nəzərən 0.4 faizlik deflyasiya qeydə alınıb. İllik inflyasiya avqustda 8 faiz təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 7.6 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 7.4 faizə enib: “İllik inflyasiyanın dinamikası həm xarici, həm də daxili amillərdən təsirlənmişdir. Ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiyada enişin davam etməsi ölkəyə inflyasiya idxalını azaltmışdır. Bu, əsasən dünya əmtəə qiymətlərinin azalması, qlobal iqtisadi aktivliyin zəifləməsi və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti ilə izah edilir. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən ümumi əmtəə qiymət indeksi avqustda illik əsasda 29.6 faiz, o cümlədən enerji qiymətləri üzrə 37.1faiz, qeyri-enerji qiymətləri üzrə 7.3 faiz enmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ərzaq qiymətləri indeksi avqustda aylıq əsasda 2.1 faiz, illik əsasda 11.8 faiz azalmışdır. Eyni zamanda valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin ilin 8 ayında 18 faiz möhkəmlənməsi, qəbul edilmiş pul siyasəti qərarları monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini azaltmışdır”.
Mərkəzi Bankdan verilən məlumata görə, ötən iclasdan bəri xarici mühitin əlverişli olaraq qalması valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynayıb. Nəticədə, 2023-cü ilin yanvar-iyun ayları ərzində tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5.2 milyard ABŞ dolları və ya Ümumi Daxili Məhsulun 14.5 faizi səviyyəsində olub: “2023-cü ilin sonuna baza ssenari üzrə cari əməliyyatlar hesabında ÜDM-in təxminən 15 faizi həcmində profisit proqnozlaşdırılır. Profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etməsi şəraitində valyuta bazarında təklif tələbi kəskin üstələyir. Cari ilin 8 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99 faizində təklif tələbi üstələmişdir. Bu dövrdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 122 milyon ABŞ dolları olmaqla alışyönlü olmuşdur”.
Tənzimləyicinin məlumatında o da qeyd olunur ki, faktiki inflyasiyanın azalmasına baxmayaraq, qlobal iqtisadiyyatda qeyri-müəyyənlik şəraitinin davam etməsi və məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya təsir imkanlarını saxlayır: “İqlim dəyişiklikləri ilə bağlı orta temperaturun gözləniləndən daha çox artması, geosiyasi gərginliklər fonunda dünya iqtisadiyyatının bloklara ayrılmasının dərinləşməsi əmtəə, xüsusilə də ərzaq və enerji qiymətlərinin yenidən artmasına səbəb ola bilər. Beynəlxalq Valyuta Fondunun son hesabatına əsasən inflyasiya hədəfini elan etmiş iqtisadiyyatların 2023-cü ildə 96 faizində, 2024-cü ildə isə 89 faizində inflyasiyanın hədəfdən yuxarı olacağı proqnozlaşdırılır. Təklifin tələbi kəskin üstələməsi şəraitində valyuta bazarında tarazlığı təmin etmək üçün əsasən fiskal əməliyyatlarla əlaqədar Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsinin artmasına zərurət yarana bilər. Bu isə pul təklifinin izafi genişlənməsinə səbəb olmaqla inflyasiyaya artırıcı təsir edəcək başlıca daxili risk hesab oluna bilər.
Ümumilikdə, inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır".
Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində fəaliyyətini davam etdirir: “Məqsəd monetar şəraitin sərtləşdirilməsi ilə məcmu tələbin izafi artımının məhdudlaşdırılması olmuşdur. Banklar avqust ayından başlayaraq məcburi ehtiyatları yeni normalarla saxlamağa başlamışlar ki, bununla da manatla təqribən əlavə olaraq 350 milyon manat həcmində izafi vəsait sterilizasiya edilmişdir. Eyni zamanda bank sistemində likvidliyi tənzimləmək üçün müxtəlif müddətli notlarla müntəzəm hərraclar davam etdirilir. Ümumilikdə, Mərkəzi Bank 8 ayda 93 müxtəlif müddətli not hərracı keçirmişdir. Faiz dəhlizinə dair qərarlar və likvidliyin dəyişimi pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələrinə təsir edir. 8 ayda banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri (xüsusən də 1D AZIR və 1W AINAIB indeksləri) faiz dəhlizinin dəyişiminə reaksiya vermişlər. Aparılmış təhlillər göstərir ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Ümumilikdə, monetar şəraitin sərtləşdirilməsi bank sektorunda milli valyutada depozitlərin artımını dəstəkləməklə yanaşı de-dollarlaşma prosesinə töhfə verməkdədir”.
Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcək. Qurumun pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumatı ictimaiyyətə noyabrın 1-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
Azərbaycan hökuməti ilkin proqnozlarında 2023-cü ildə orta illik inflyasiyanı 6,9 faiz səviyyəsində nəzərdə tutsa da, may ayında makroiqtisadi proqnozlara yenidən baxılma zamanı bunu faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faizədək artırıb. Asiya İnkişaf Bankında (AİB) hesab edirlər ki, bu hədəfə nail olunacaq. Belə ki, Bank Azərbaycanda orta illik inflyasiyanı 2023-cü ildə 10 faiz proqnozlaşdırıb. Bu, AİB-in aprel proqnozundan 3 faiz bəndi çoxdur.
Bankın hesabatından aydın olur ki, AİB 2024-cü il üzrə Azərbaycanda inflyasiya proqnozunu 6,5 faizdən 8,5 faizə qədər artırıb. Bu isə aprel proqnozuna nisbətən 2,0 faiz bəndi çoxdur.
AİB 2023-cü ildə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 1,3 faiz azaldaraq 2,2 faizə endirib. Xatırladaq ki, bu ilin aprel ayında bank iqtisadi artım proqnozunu 3,5 faiz müəyyən etmişdi. AİB 2024-cü il üzrə Azərbaycanda ÜDM-in artım proqnozunu isə 3,8 faizdən 2,6 faizə kimi azaldıb. Bu isə əvvəlki proqnoza nisbətən 1,2 faiz azdır.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi də Azərbaycanda bu il və 2024-cü ildə inflyasiyanın azalacağını proqnozlaşdırıb. Bildirilib ki, illik inflyasiyanın azalması Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyə və Rusiyaya münasibətdə manatın nominal effektiv məzənnəsinin artması və dünya bazarında ərzaq məhsullarının qiymətlərinin azalması ilə bağlıdır. Bununla belə, ərzaq və qeyri-kommersiya mallarına (əsasən xidmətlər) təzyiq güclü olaraq qalır: “Biz 2023-cü ilin sonunadək illik inflyasiyanın Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun yuxarı həddinə (4±2%) yaxınlaşacağını, 2023-cü ildə orta inflyasiyanın 10,1 faizə, 2024-cü ildə isə 6 faizə enəcəyini proqnozlaşdırırıq”.
Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2023-cü ilin avqust ayında Azərbaycanda istehlak qiymətləri indeksi iyul ayı ilə müqayisədə 0,4 faiz azalma göstərsə də, 2023-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artıb. 2023-cü ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayı ilə müqayisədə 0,9 faiz azalıb, 2023-cü ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 13,4 faiz artıb.
Qeyd edək ki, bu ərəfədə əksər inkişaf etmiş iqtisadiyyatlarda uçot dərəcələrinə baxılır. Avropa Mərkəzi Bankı inflyasiyanı cilovlamaq üçün uçot dərəcəsini artırıb. Türkiyə, Böyük Britaniya Mərkəzi Bankının da artım qərarı verəcəkləri gözlənilir.
Dünyanın ikinci böyük iqtisadiyyatına sahib Çində hökumət inflyasiya deyil, deflyasiya ilə mübarizə aparır. Ona görə də Çin Xalq Bankı kreditlər üzrə baza faiz dərəcəsini illik 3,45 faiz olmaqla dəyişməz saxlayıb. Bu, Çin tarixində ən aşağı hədd hesab olunur.
Çin Xalq Bankı həmçininj 5 illik kreditlər üzrə faiz dərəcəsini 4,2 faiz illik səviyyədə saxlayıb. Bundan əvvəl isə Bank ortamüddətli kreditlərin illik faiz dərəcəsini mövcud 2,5 faizlik həddə dəyişməz saxlamışdı.
Dünya SAKİT,
“Yeni Müsavat”