“Mercedes”i oğurlanan şirkətin rəhbəri baş prokurora müraciət etdi  

Bakıda fəaliyyət göstərən “Fitstar Herbal Products” MMC-nin keçmiş əməkdaşı 1 ildən artıqdır ki, “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobili yoxa çıxarıb.

Musavat.com xəbər verir ki, MMC-nin direktoru Firdovsi Vəliyev bununla bağlı hüquq mühafizə orqanlarına çoxsaylı şikayətləri ilə bərabər baş prokuror Kamran Əliyevin qəbulunda olmağa da çalışıb.
“Avqustun 20-də Xətai Rayon Prokurorluğunda baş prokuror Kamran Əliyevin qəbuluna düşməyə çalışdım. Lakin mənim kimi şikayətə gələnlərin sayı həddindən artıq çox olduğundan baş prokurorla görüşüb üzləşdiyim cinayət və cinayətin aradan qaldırılması üçün yetərli tədbirlərin görülməməsi ilə bağlı məlumat verə bilmədim.

Bundan əvvəl, vətəndaşların qəbulu ilə əlaqadar 19/07/2024-cü ildə baş prokurorun qəbulu vardı. Həımin qəbula qatılsam da, görüş yarımçıq kəsildiyindən məni sonradan kiçik ədliyyə müşaviri Toğrul Əhmədov qəbul etdi. Hörmətli Kamran müəllim, Torğul Əhmədov ərizəmi aldı, oxudu, təəccüblü şəkildə bildirdi ki, bu necə ola bilər ki, şirkətin avtomobili yoxa çıxıb, amma 1 ildir ki, axtaran, tapan yoxdur? Toğrul Əhmədovun sualına cavabı mən də 1 ildən artıqdır ki, axtarıram. Ona da dim ki, avtomobil saxta nömrə ilə idarə olunur, bunu Goranboy rayonunun prokuroru da bilir. Amma cinayət işi başlamır. Gəncə Polisində araşdırma aparılıb, lakin avtomobil tapılmır ki, tapılmır! Təəccüblə bildirdi ki, bu necə ola bilər? Ardından da hamının eşidəcəyi tərzdə dedi ki, sizin ərizənizi cənab baş prokurora məruzə edəcəyəm. Vətəndaşlarla görüş yekunlaşandan sonra Goranboy prokuroruna zəng vurub soruşacağam. Hörmətli Kamran müəllim, 2 gün sonra sms gəldi, yazılmışdı ki, şikayətim Goranboy Prorukorurluğuna ötürülüb. Bundan 2 gün sonra isə daha bir sms gəldi. Bu dəfə də yazılmışdı ki, şikayətim Gəncə Prokuroluğuna göndərilib. Bu sms-dən sonra daha bir – 3-cü sms-i də aldım. Bu dəfə məlumat verilirdi ki, şikayətimi Gəncə Şəhər Polis İdarəsinə göndəriblər.

Hörmətli Kamran müəllim, Sizə əvvəllər də müraciətlərim olub. Həmin müraciətlərimdə qeyd etmişəm ki, Gəncə Şəhər Polis İdarəsində şikayətimə ədalətlə baxılmır. Bununla belə şikayətim yenə ora göndərilib. Məcbur olub, Gəncə Şəhər Polis İdarəsində təhqiqatçı Hüseynalı Məmmədovla əlaqə saxladım. O da dedi ki, araşdırmalı bir iş yoxdur, işi Goranboy Prokurorluğuna göndərir.
Hörmətli Kamran müəllim, Ümidim sizədir. Sizin qəbulunuza isə düşüb sözümü deyə bilmirəm. Xahiş edirəm ki, üzləşdiyim süründürməçiliyə son verilməsi, avtomobilin oğurlanması, saxta nömrələrlə idarə olunması ilə bağlı cinayət işinin başlanması üçün müvafiq göstəriş verəsiniz”.
Firdovsi Vəliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova da məktub yazıb: “Xahiş etmişəm ki, üzləşdiyim süründürməçiliyə son verilsin, avtomobilin oğurlanması, saxta nömrələrlə idarə olunması ilə bağlı cinayət işinin başlanması üçün müvafiq göstəriş verilsin”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

21.08.2024 12:33
1047