"Şükür bu günə, artıq Ağdam tikilir, qurulur, yollar çəkilir. Bu gün Ağdamda böyük bir Muğam Mərkəzi tikilir. Çox sevindirici haldır. Ağdam hər zaman Qarabağın bir mədəniyyət mərkəzi rolunu oynayıb. Əlbəttə, arzularımız böyükdür. Mən düşünürəm ki, inşallah Ağdamımızda Milli Konservatoriyamızın filialı açılacaq".
Musavat.com xəbər verir ki, bu fikirləri xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov deyib.
Tezliklə Ağdama da Böyük Qayıdışın başlanacağını qeyd edən Mənsum İbrahimov orada yenidən həyatın qaynayacağına, insanların rifahının yüksələcəyinə və onların Qarabağda əbədi yaşacaqlarına inamını ifadə edib.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.