"Mənim səsim" Seçki Koalisiyası sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
"Report" xəbər verir ki, bəyanata əsasən, seçki gününə qədər Koalisiya seçki dairələri və məntəqələri üzrə seçki müşahidəçilərini müəyyən edib, onlara peşəkar təlimlər keçib.
Qeyd edilib ki, Koalisiya seçki gününə qədər namizədlərlə, xarici müşahidəçilərlə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin seçki missiyası ilə görüşlər keçirib, davamlı məlumat mübadiləsi aparıb, zəruri qeydlər götürüb, izləmələr, müşahidələr və təhlillər əsasında aralıq hesabat hazırlayıb, ictimaiyyətə açıqlayıb:
"Aralıq hesabatında qeyd olunduğu kimi, respublikanın heç bir yerində imzatoplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən, amma MSK tərəfindən qeydə alınmayan şəxslər tərəfindən bildirilən məlumatlara görə, iradlar əsasən sənədləşmədəki qüsurlarla bağlı olub.
1 sentyabr 2024-cü il – seçki günü “Mənim səsim” Seçki Monitorinq Koalisiyası beynəlxalq standartlara uyğun seçki müşahidəçiliyi aparıb. Koalisiyanın 533 nəfər seçki müşahidəçisi tərəfindən Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, respublikanın bütün ərazisində, seçki dairələrinin ümumi sayının 56%-ni təşkil edən 70 Seçki Dairəsində müşahidə aparılıb. Seçki günü peşəkar müşahidəçilərimizdən toplanmış bütün məlumatlar, qeydlər Koalisiyaya cəlb edilmiş ekspertlərin də iştirakı ilə ətraflı təhlil olunur".
Bəyanatda bildirilib ki, seçkiöncəsi namizədlər arasında mediada debatların olmaması, parlament seçkiləri mövzusunda diskussiyaların azlığı qeydə alınıb və buna görə də seçicilərin namizədlər barədə müqayisəli seçim imkanı geniş olmayıb.
"Seçki məntəqələrində Seçki Məcəlləsindən və bu sahədə digər qanunvericilik aktlarından irəli gələn məsələlər - səsvermə kabinələri, səsvermə qutuları, texniki təchizat əsasən tələblərə uyğun olub. Seçicilərin seçki məntəqələrinə sərbəst şəkildə daxil olması, kabinələrdən istifadə edərək gizli səsvermələri üçün lazımi şərait yaradılıb. “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının müşahidəçilərinə prosesi sərbəst izləməyə maneə törədilməsi halı qeydə alınmayıb, müşahidə aparılmasına tam şərait yaradılıb. Seçki məntəqələrində foto və videoçəkiliş aparmaq, internet resurslarından istifadə ilə bağlı, media nümayəndələrinin işinə müdaxilə faktı və ya bu barədə məntəqələrdəki jurnalistlərdən Koalisiyaya hər hansı şikayət edilməsi halı qeydə alınmayıb. Məntəqələrdə çağırış olmadan rəsmi dövlət qurumlarından, polis nümayəndələrindən heç kimin seçki məntəqələrinə daxil olması halı müşahidə edilməyib. Səsvermə prosesi seçki məntəqələrində vaxtında başlayıb və dayandırılıb, səslərin sayılması əsasən qanunauyğun təşkil edilib", - bəyanatda vurğulanıb.
Qeyd edilib ki, seçki günü Koalisiya tərəfindən müşahidə aparılan 70 seçki dairəsi üzrə məntəqələrdə növbədənkənar parlament seçkiləri ədalətli və şəffaf olub.