“Onun teatr və kinoda yaratdığı yaddaqalan obrazlar zaman keçdikcə yaşayacaq”.
Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Ramiz Məlikin vəfatından sarsılan Əməkdar Artist Mehriban Xanlarova Yenicag.az-a açıqlamasında deyib.
Göz yaşlarına hakim ola bilməyən aktrisa bu itki ilə barışa bilmədiyini söyləyib:
“Səhər-səhər bu xəbəri eşidəndə sarsıldım, göz yaşımı saxlaya bilmirəm. Çox ağırdır, bu itki ilə barışa bilmirəm.
İtirə-itirə gedirik. Son bir neçə ildə nə qədər böyük sənətkarlarımız dünyadan köçdü. İndi də belə bir müqtədir aktyorla vidalaşırıq. Korifey aktyor nəslindən biri də bu dünyanı tərk etdi. Amma sənətkarlar ölmür. Ramiz Məlik də adını teatr tarixinə yazıb getdi.
Ramiz Məlik həm insan, həm də aktyor kimi mükəmməl idi. Onun teatr və kinoda yaratdığı yaddaqalan obrazları zaman keçdikcə yaşayacaq. Sənətkarlarımızın ölümü məni həmişə yandırıb-yaxıb.
Heyf, Ramiz Məlikdən. Son vaxtlar amansız xəstəliklə mübarizə aparırdı. Kaş ki sağalaydı, yenidən teatr səhnəsində gözəl obrazlara can verəydi, amma əcəl aman vermədi.
Mənim üçün çox ağırdır danışmaq. Onun gözəl xatirəsi həmişə ürəyimizdə yaşayacaq”.