“Əvvəlcə atamı, daha sonra isə anamı itirdim. Onların ikisi də ürəyindən dünyasını dəyişib. Ailə həyatımı anama görə qurdum. O vaxt anam mənə söyləyirdi ki, mən gedəcəyəm, sən tək qalma... Hər şey nə olursa, qismətdir. Olmalı imiş... Nə yaxşı ki, Gülər qızım var. Nə yaxşı ki, anam məni məcbur etdi ki, ailə qurum. O anda həyat yoldaşım yanımda idi. Amma ruhən hər zaman tək idim. Qızım dünyaya gələndən sonra həyatım doldu”.
Bu sözləri Xalq artist Məleykə Əsədova qonaq olduğu “O üz” verilişində danışıb.
Sənətçi bildirib ki, anası dünyasını dəyişəndən sonra həyatı dəyişib və çox şeyləri itirib:
“Anamın sağlığında ətrafımda insanlar çox idi. Bilmirəm, nə idi... Anam dünyasını dəyişəndən sonra həyatımdan hər şey getdi. Həyatımda çox şeyi itirdim. Hətta çox-çox (ağlayır)... Anamdan sonra insanları tanıdım. Öz dünyama çəkildim. O balaca dünyama... O dünyada qızımla mən varam. Həyat keşməkeşlidir. Bu çətin həyatda zirehli paltar geyinib övladımı qoruyuram... İstəyirəm ki, o, addımlarını düzgün atsın”.
Aktrisa ona pislik edənlərdən də söz açıb. Məleykə o şəxsləri Allahın məhkəməsinə tapşırıb:
“Hər zaman deyirəm ki, kim mənim haqqımı düşünürsə, kim haqqımda doğru-düzgün danışırsa, qəlbində düzgün fikirləri varsa, Allah o insanları qorusun. Kim mənə pislik edirsə, o qədər görürəm ki... Haqsız danışanların, yolumu kəsənlərin qarşısında hər zaman başımı uca tuturam... Mən aktrisayam və hər zaman da var olmalıyam. O insanları da qoy, Allah özü bilsin. Tək başına, zəhmətimlə vuruşaraq, bir gözüm ağlayıb, bir gözüm evdə gülərək övladıma doğru-düzgün, savadlı addım atmağa öyrədirəm”.
Əsədova qızı Güləri sosial şəbəkələrdən uzaq tutmasının səbəblərindən də danışıb:
““Kaş, belə olmazdı” dediyim zamanlar çox olub. İnsanlar çox çətin olub. Özümüz görürük hər şeyi. Ona görə qızıma sosial şəbəkələrdən istifadə etməyə icazə vermirəm. İstəmirəm ki, o, mənfi şeylər görsün”.
Aktrisa xoşbəxt ana və aktrisa olduğunu dilə gətirib:
“Mən xoşbəxt ana və xoşbəxt aktrisayam. Ümid edirəm ki, sona kimi xoşbəxt ana olaram. Xoşbəxtlik məhvumu anlarla olur. Tam xoşbəxt ola bilmərəm. Həyatdır, yaxşı da olar, pis də... Kaş ki, insanlar bir-birinə pislik etməsəydi”.
Xalq artisti sosial şəbəkədə mənfi şərhləri oxumadığını bildirib:
“Mən heç zaman mənə sosial şəbəkə hesabında yazılan neqativ şərhləri oxumuram. Mənə elə gəlir ki, o insan ki, ağzını açıb nələrsə danışırsa və ya nələrsə yazırsa, o öz daxili dünyasını büruzə verir. Normal insan belə şeylər edərmi? Qoy, Allah bilsin. Mənim məhkəməm Allahdır. Mən özümü kiçildib aşağıya cavab vermərəm”. (Bizim.Media)