“Məktəbli qızlarını nişanlanmağa məcbur edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır” - təklif

Deputat: “Nişanlanmanın özünün də evlənmə ilə eyniləşdirilməsi lazımdır”

Ötən həftə Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması xəbəri bütün ölkəni silkələdi. Az sonra azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edildi. DİN-in yaydığı məlumata görə, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətbuatda gedən məlumatlara görə, Mübariz Quliyev öz həyat yoldaşı ilə də erkən nikaha girib. Belə ki, onlar evlənəndə hazırkı həyat yoldaşının 14, M.Quliyevin isə 28 yaşı olub. Hazırda M.Quliyevin 46, həyat yoldaşının isə 32 yaşı var. Onların üç uşağı var, böyük oğlu 17 yaşındadır.

Bu hadisənin ardınca Masallı rayonunda da IX sinifdə oxuyan məktəbli qızın nişanlanmaya məcbur edildiyi haqda məlumat yayıldı. DİN bu barədə məlumat yayaraq bildirib ki, məsələ ilə bağlı dərhal müvafiq araşdırma aparılıb:

“Həmin ailə müəyyən edilib və qızın valideynləri Masallı Rayon Polis Şöbəsinə dəvət edilib. Polis əməkdaşları və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı tərəfindən qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri ona izah edilib.

Qızın valideynləri sözügedən məsələ ilə bağlı hər hansı mərasimin keçirilmədiyini, sadəcə gələcəkdə evliliyin baş tuta biləcəyi ilə bağlı qonşuluqda yaşayan ailə ilə aralarında razılıq olduğunu bildirib. Həmçinin, araşdırma zamanı azyaşlının dərsə davamiyyətinin də qaydasında olduğu müəyyən edilib".

DİN-dən qeyd edilib ki, sözügedən məsələ, o cümlədən yeniyetmənin təhsilinə davam etməsi mütəmadi şəkildə diqqətdə saxlanılacaq.

Beləliklə, son vaxtlar 12-14 yaşda qız uşaqlarının məcburən nişanlanmaya cəlb olunması xəbərləri artıb. Bu da cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzi mütəxəssislər bu cür halların qarşısının alınması üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac olduğunu, qanunun evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməsini, bəziləri isə valideynlərin böyük məbləğdə cərimələnməsini təklif edir. 

Razi Nurullayev prezidentliyə namizəd oldu

 Razi Nurullayev

Millət vəkili Razi Nurullayevin fikrincə, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməlidir: 

“Nişanlanmanın özünün də evlənmə ilə eyniləşdirilməsi lazımdır. Qız uşağı ancaq həddi-buluğa çatandan sonra, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilə bilər. Hazırda Azərbaycanın adət-ənənəsi var, kimlərsə sözləşir, bir-birinə razılıq verirlər. Bunun rəsmi olaraq nişanlanılması, barmağına üzük taxılması eynilə evləndirilməyə bərabər tutulub cəzalandırılmalıdır. Oğlanla qız nişanlanarkən özlərini bir-birlərinə məhrəm kimi, sahib kimi aparacaqlar. Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm. Məncə bu qanunvericilikdə olan boşluqdur. Qanunvericiliyə dəyişiklik edilməli, bu boşluq aradan qaldırılmalıdır”.

Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim”

Mehriban Zeynalova 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qızlarını erkən yaşda nişanlayan ailələrin cərimələnməsini təklif edib: “Təklif edirəm erkən nişanlama tətbiq edən tərəflər hərəsi 5000 manat cərimələnsin. Daha sonra nəzarət olsun, gizlicə öz bildiklərini etmək istəyəndə həbs olunsunlar. Başqa əlac yoxdur”.  Hüquq müdafiəçisinin fikrincə, iqtisadi sanksiyalar bəzən heç də az təsirli olmur, xüsusən də bu, yüksək məbləğ olarsa, təbii ki, nəticəsiz ötüşməyəcək. 

“12 yaşlı uşağın 32 yaşlı kişi ilə nişanlanması faktı ciddi məsələ və çox ciddi sosial siqnaldır. Uşaqların müdafiəsi mexanizmi yalnız qurumların koordinasiyalı işi deyil, həm də düşüncəni, həyata münasibəti, yaşam anlayışını əhatə edən sistemdir”.

Günel Səfərova: “Müəllim o videoya görə cəzalandırılmayıb” - GlobalInfo.az

 Günel Səfərova

Bu fikirləri isə Vətəndaş Tədqiqat və İnkişaf ictimai birliyinin sədri Günel Səfərova səsləndirib. O bildirib ki, ailələrin, uşağın, 32 yaşlı psixi problemli kişinin mətbuata verdiyi müsahibəsi çox mətləblərdən xəbər verir: “Azərbaycanın Ailə dəyərləri bu deyil və bu dəyərlərimizə ciddi təhdiddir. Uşaq nikahının yeni forması Nişan modeli ilə ört basdır edilməli deyil. Çox iş var”.

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Çox təəssüflər olsun ki, biz hansı əsrdə yaşadığımızı tam dərk edə bilməmişik. Hələ də mövhumatçı, yüz il bundan əvvəlki adət-ənənələri yaşatmaq istəyən valideynlər, tərəflər var. Əlbəttə ki, 12-14 yaşlı qız uşaqlarının nişanlanması xəbəri bizi çox məyus edir. Biz bu valideynlərin ağlına, məntiqinə, dərrakəsinə şübhə ilə yanaşırıq. Məlum məsələdir ki, nişanlanmağa məcbur edilən uşaqlar ata-anadan asılı olduqlarına görə etiraz səslərini ucalda bilmirlər, həmişə  valideynlərin təzyiqi altında nişanlanmağa məcbur olurlar. Xüsusilə bu halların son vaxtlar artması daha çox narahatlıq doğurur.

Bu məsələdə kəndin müəllimləri, ziyalı təbəqəsi, icra nümayəndəsi, bələdiyyə üzvlərinin də məsuliyyəti var. Çünki kənddə nəsə baş verəndə, hadisə rəsmiləşənə qədər onlar mənəvi məsuliyyət daşıyırlar. 

Hesab edirəm ki, bu məsələlər ilə bağlı qanunlarda ciddi dəyişiklik edilməlidir. Nişanlanma prosesinin özü artıq evliliyə doğru atılan addımdır. Buna görə də bu yaşda nişanlanmaya görə hər iki, yəni həm nişanlayan, həm də nişanlanan tərəfin valideynləri məsuliyyətə cəlb olunmalıdır. Burada söhbət cərimələrdən getməməlidir. Əgər insanların bu cür hərəkətlərinin qarşısını maariflənə, inzibati metodlarla ala bilmiriksə, yeni qanunlar yaradıb, həmin insanları məsuliyyətə cəlb etməliyik".

Yazını hazırladı: Xalidə GƏRAY

08.01.2024 08:13
914