Məktəbli formasını niyə “formaya” salmaq olmur - reportaj

Ekspert: “Hər il belə problem yaranırsa, vahid məktəbli geyimi ləğv olunsun”

Yeni tədris ilinin başlamasına bir şey qalmadı. Sentyabrın 15-i yaxınlaşdıqca məktəbli övladları olan valideynlərin qayğıları da artır. Bir azdan məktəbli bazarları fəaliyyətə başlayacaq. Artıq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məktəbli formalarının satış ünvanlarını açıqlayıb. 130-dan artıq ünvanda valideynlər bu formalardan ala bilər. Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədilə vətəndaşlar qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər. Siyahı bu linkdə: https://axar.az/news/toplum/886796.html 

Qeyd edək ki, bu il məktəbli formalarının qiymətlərinin 20% ucuzlaşdığı deyilir. Bu barədə mediaya  Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov açıqlamasında deyib: “Şalvar və ətəklərin qiyməti 25 manatdan 20 manata endirilib. Bunun səbəbi saxta formaların bazarda çox olmasıdır. Saxta formalar 17-18 manata təklif edilir. Biz də vətəndaşların keyfiyyətli forma ala bilməsi üçün qiymətlərdə endirim etdik. Bizim istehsal etdiyimiz formanın parçası 10 dollardır, bu da 17 manat edir. Digər xərcləri də əlavə etdikdə ətək, yaxud şalvar bizə 18.5-19 manata başa gəlir. Polo köynəklərin qiyməti isə 15 manatdır”.  

Yeri gəlmişkən, hər il valideynlər deyirlər ki, BTE-nin təklif etdiyi formaların keyfiyyəti aşağı olur, buna görə məcburdurlar digər mağazalardan geyimlər alsınlar. Həmin mağazalarda təklif olunan geyimlər isə olduqca bahadır. Bir evdən iki, yaxud üç uşaq məktəbə gedirsə, bu zaman valideyn xeyli pul xərcləməli olur... 

“Yeni Müsavat”ın əməkdaşı olaraq məktəbli formalarının satış ünvanlarından birinə - Nizami rayonu, Qara Qarayev küçəsi 29-da yerləşən “Panda kids” mağazasına daxil olub, qiymətlərlə bir də özümüz maraqlanırıq. Saat on biri çoxdan keçmişdi, amma mağazada ins-cins yox idi. Yalnız bir-iki satıcıdan başqa. Yaxınlaşıb birindən soruşuram ki, buradakı geyimlər BTE-nin məktəbli geyimləridir, yoxsa yox. Satıcı cavabı gecikdirmədən tez deyir: “Xeyr, xanım, bunlar orada istehsal olunmur. Düzdür, bizim mağaza da  o siyahıda var, amma geyimlər öz fabrikimiz var, orada istehsal olunur”. Əslində BTE-nin paltarları ilə heç də fərqlənmir deyə satıcıya fikrimi bildirəndə sualım cavabsız qalır. Satıcı buradakı qiymətlərin siyahıda olan digər mağazalarla eyni olduğunu deyir. Onu da öyrənirik ki, bu il tətbiq edilən 20 faiz endirim yalnız birinci siniflərin geyimlərinə aid edilir. “Endirim yalnız birinci siniflər üçün nəzərdə tutulub. Bu ildən tətbiq edilir. Misal üçün, köynəklər ötən il 15 manat idisə, bu il 12 manata düşüb. Şalvar və ətəklər  25  manatdan 22 manata düşüb”, - deyə satıcı əlavə etdi. 

Yuxarı siniflər üçün məktəbli geyimlərində isə elə bir fərq yoxdur: keçənilki qiymətlərdir. Şalvarlar və ətəklər 25 manatadır. Köynəklər 15 manatdan başlayır. 16 yaşdan yuxarı olanlar üçünsə məktəbli köynəkləri 19 manata satılır. Jaketlər isə 39 manatadır. 

Qeyd edək ki, valideynlərin daha çox şikayəti jaketlərin qiyməti ilə bağlıdır. Çünki əksər mağazalarda məktəblilər üçün nəzərdə tutulmuş jaketlər çox baha satılır. Bizimlə söhbətdə iki övladını məktəbə yola salan Bakı sakini qeyd etdi ki, ötən il formaya uyğun jaket almağa imkanı çatmayıb: “Başqasını aldım, məktəbdən uşağa geyinməyə icazə vermədilər. BTE-nin jaketləri həm çox qalındır, uşaq tərpənə bilmir, həm də bahadır”. 

Mağazaya daxil olan digər valideyn də yaxınlaşıb narazılığını bildirir: “Sevinmişdik ki, qiymətlərdə endirim var, heç demə birinci siniflərə aid imiş. Üç uşağım məktəbə gedir, yuxarı sinifdə oxuyurlar, görün nə qədər pul xərcləməliyəm mən. Bu il geyindikləri əyinlərinə olmur, həm də keyfiyyətsizdir, ötən il aldıqlarımız əski parçasına dönüb”.  

Daha bir narazılıq isə məktəb rəhbərliyi, müəllim tərəfindən hansısa mağazadan məktəbli geyimlərinin valideynlərə təklif olunmasıdır. Valideynlər qeyd edirlər ki, məktəbin məsləhət bildiyi geyimlər olduqca keyfiyyətsiz və bahadır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli isə bir neçə gün öncə mediaya açıqlamasında deyib ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər. 

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə  magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az

Elmin Nuri 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Yeni Müsavat”a mövzu ilə bağlı bunları deyib: “Artıq belə bir qənaətdəyəm ki, məktəbli geyimlərinə ehtiyac yoxdur. Məktəbli formalarının ümumiyyətlə ləğv olunmasının tərəfindəyəm. Bu neçə il ərzində Azərbaycanda məktəbli formaları yox idi, vəziyyət daha sakit idi. Məktəbli forması ilə bağlı qərar veriləndən sonra vahid məktəbli formasına keçməsi ilə bağlı məcburi addımlardan sonra inanın ki, bu həqiqətən də bir neçə istiqamətdə problemə çevrilib. Əsasən də pedaqoji problemə çevrilib. Seçim imkanı hər məktəbin pedaqoji şurasına verilir və şura özü bu istiqamətdə qərar vermək səlahiyyətindədir. Onların təklifini valideynlər bəyənmir. Valideynlərin etirazını onlar qəbul etmir. İkinci problem, bildirirlər ki, məktəbli geyimi digər geyimlərdən o qədər də fərqlənmir. Amma baxırıq ki,  indi məktəbli geyimləri məcburi hal daşıyır. Onun əldə olunması, uzun növbəlilik qiymətlərin baha olmasına gətirib çıxarır. Ölkədə sosial statusuna görə o qədər acınacaqlı vəziyyətdə yaşayanlar var ki, onlar üçün bu məktəbli formasının əldə olunması çox çətindir. Bir qərar da var ki, məktəbli formaları üç ildən bir dəyişilməlidir. Əslində elementar problemlərdir, dünya ölkələri çoxdan məktəbli formasına keçib, bu istiqamətdə hərəkətə keçib. Biz bir məktəbli forması ilə bağlı yola gələ bilmirik. İki istiqamət olmalıdır. Birincisi, məktəbli formaları ilə bağlı xüsusi güzəştlər olmalıdır. Bu yalnız birinci siniflərə aid edilməməlidir. 1-dən 11-ci sinfə qədər eyni sosial statusda olan şəxsləri əhatə etməlidir. Mərkəzlər, fondlar, təhsil qurumları bu işi öz nəzarətinə götürməlidir. İkinci təklif isə məktəbli formalarının sıradan çıxarılmasıdır. Madam ki, biz hər il sentyabr ayında, dərslərin başlaması ərəfəsində bu məsələdə ciddi problem yaşayırıq, ümumiyyətlə, bunu ləğv edək". Bəs bu il çoxuşaqlı imkansız ailələrə güzəşt ediləcəkmi? Bu və digər suallara cavab almaq üçün Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimovla əlaqə saxlasaq da, telefona cavab vermədi.  

Xatırladaq ki, Nazirlər Kabinetinin məktəbli geyimi ilə bağlı qərarında qeyd olunur ki, məktəblilər üçün forma 4 rəngdə nəzərdə tutulub. Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.

Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.

Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.

Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.

Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.

Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir

10.08.2024 09:00
361