Məktəblərdə TƏHLÜKƏLİ VƏZİYYƏT: Şagirdlər ard-arda bıçaqlanır və... - ŞOK

Psixoterapevtdən xəbərdarlıq: “Təxirəsalınmaz addımlar atılmasa...”

Azərbaycanda ard-arda iki gün ərzində 3 məktəbli adam bıçaqlayıb. Oktyabrın 2-də Şəmkir və Xaçmaz rayonlarında 10-cu sinif şagirdlərinin arasında yaranan hər iki mübahisə bıçaqlanma ilə nəticələnib. Bir nəfər ölüb.

Sözügedən olayların üstündən bir gün keçmədən səhər saatlarında Bakının Ramana qəsəbəsində 2008-cü il təvəllüdlü yeniyetmə özündən 4 yaş böyük şəxsə bıçaqla xəsarət yetirib.

Bu gün isə Bakıda daha bir məktəbdə bıçaqlanma hadisəsi baş verib. Hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü A.S (şərtidir) həmyaşıdı D.N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxs məktəbin 10-cu sinif şagirdidir. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu hadisələr onu göstərir ki, ölkəmizdə kriminalın yaşı getdikcə aşağı düşür və ən acınacaqlısı odur ki, məktəblilərin belə hadisələrdə iştirakı artır. Məktəblilər arasında bu cür aqressivləşmənin səbəbi nədir? Uşaqların kriminal aləmin elementinə çevrilməsində günahkar kimdir?

Tanınmış klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüb:

WhatsApp Image 2024-10-03 at 16.01.28.jpeg (26 KB)

“Cinayət insan düşüncəsinin dəyərsizliyidir. Cinayətə heç bir halda haqq qazandırmaq olmaz. Cinayəti nümunə göstərmək və təbliğ etmək qadağan edilməlidir. Şagirdlərin məktəblərdə cinayət törətməklərinin səbəblərini axtarası olsaq, hər kəsin payı olduğunu ifadə etməyə cəsarət etməliyik. Həyəcan təbili çalınmalıdır və risklərin minimuma endirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Statistik olaraq bir cinayət belə çoxdur. Aidiyyəti qurumlar şagirdlərin cinayətləri ilə bağlı birlikdə preventiv və profilaktik fəaliyyətləri genişləndirməlidirlər.

Məktəb şəxsiyyət yetişdirməlidir. Məktəblərdə sağlam psixoloji mühitin formalaşmasını hüquqi düşüncə tənzimləyir. Ailədə valideynlər arasında davamlı münaqişələrin olması, uşaqların başqaları ilə müqayisəsi və şiddət kimi davranışlar uşaqlarda cinayət tərkibli düşüncələr yaradır. Ailədə tərbiyə nümunə yaratmalıdır. Qadağalar uşaqları tərbiyə etmir, cinayətə təhrik edir. Uşaqlara tərbiyə üsulunda izahlara ehtiyac var. Məhrumiyyətlər əvəzlənməlidir ki, məhdudiyyətlər yarana bilsin. Ailədə sağlam mühit üçün valideynlərin nitq və davranışları sağlam olmalıdır. Ailənin yaratdığı stereotiplər uşaqlarda davranış pozuntularını aşkarlayır. Valideynlərin evdə davranışları uşaqların çöldə xarakterini göstərir. Ailədə və məktəbdə uşaqlara fərdi yanaşılmalıdır. Uşaqlara yaşlarına uyğun şəxsiyyət kimi yanaşılmalıdır”.

Psixoterapevt onu da əlavə edib ki, insanın düşüncə və davranışlarını formalaşmasında, insan psixologiyasının sağlam inkişafında mühit əsas amildir:

“Uşaqların iştirakçı olduğu ünvanlarda sağlam mühitin formalaşmasına dəstək olmaq lazımdır. Cinayət tərkibli düşüncələrin təsir imkanlarını azaltmaq üçün maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Məktəblərdə uşaqlara hüquqi və psixoloji biliklər verilməlidir. Hüquqi düşüncə formalaşdırmaq lazımdır. Əks halda kriminal hər zaman uşaqların diqqətini çəkəcək. Cinayət anlayışı insan düşüncəsində həyəcan yaradır. Sonra həyəcan peşmançılıqla əvəzlənir. Uşaqları kriminal təfəkkürdən uzaq tutmaq üçün nizam-intizama diqqət edilməlidir. Valideynlər və məktəb arasında sağlam körpü olmalıdır. Məktəbdə rüblük və illik psixoloji iqlimin diaqnostikası aparılmalıdır. Uşaqlara tək olmadığını və başqaları ilə yaşamalı olduğu izah edilməlidir. Uşaqlara nifrət yox, sevgi verilməlidir, sevgi öyrədilməlidir”.

Afaq Mirayiq,
Musavat.com

03.10.2024 16:16
1072