Məktəbin qarşısında qızlara əxlaqsız təkliflər edən taksi sürücüsü cəzalandırıldı

Bu ilin mart və may aylarında Bakının Sabunçu rayonundakı məktəblərdən birinin qarşısında şagirdlərə əxlaqsız təkliflər edən taksi sürücüsü cəzalandırılıb.

“Qafqazinfo” xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılmış 1977-ci il təvəllüdlü Bəxtiyar Quliyevə (şərti) hökm oxunub. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 3 ay müddətinə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, icarəyə götürdüyü “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərən Bəxtiyar ilk dəfə martın əvvəllərində məktəbin qarşısına gəlib. O, avtomobildən düşmədən 2010-cu il təvəllüdlü şagirdi pəncərədən çağırıb, ona qeyri-etik təkliflər edib.

Növbəti dəfə o, may ayında həmin məktəbin önünə gəlib və yenə maşından enmədən 2008-ci il təvəllüdlü şagirdə əxlaqsız təkliflər edib. Birinci hadisədə 13 yaşlı qız qorxaraq qaçıb. May ayında baş verən hadisə zamanı isə 9-ci sinifdə oxuyan qız qışqıraraq haray salıb və hadisə barədə yaxınlarına məlumat verib.

Bundan sonra axtarış tədbirləri həyata keçirilib və Bəxtiyar Quliyevin şəxsiyyəti müəyyən edilib.

23.10.2023 16:12
1387